Məhkəmə qərarları › İş №2(015)-300/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-300/2023

22.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-300/2023 22.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun məcburi qaydada qaytarılmas tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 970 manat pul və 30,40 manat dövlət rüsumu olmaqla cəmi 1000,40 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, Cavabdeh 2021-ci ildə ondan həyat yoldaşı X2 yanında evlərində anasını müalicə etdirmək üçün 1700 manat borc pul almışdır. Həmin məbləğdən 730 manat pulu bacısı X1 qaytarmışdır ki, ona versin. Amma hal-hazıra kimi qalıq borcu olan 970 manat borcunu qaytarmaqdan cavabdeh boyun qaçırır. Məhkəmə qaydasında olmadan mübahisənin həlli mümkün deyildir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq Cavabdeh ona qalıq borcu olan 970 (doqquz yüz yetmiş) manat pulun və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla cəmi 1000,40 (min manat qırx qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 29 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh ərizə təqdim edib göstərmişdir ki, o, İddiaçı 2019-cu ilin 15 iyul tarixdə 22 faizlə 1000 manat pul götürmüşdür. Daha sonra 2020-ci ildə 700 manat götürmüş, onu da həmin ilin fevral ayında qaytarmışdır. 2021-ci ilin yanvar ayından da başlayaraq hər ay 250 manat olmaqla dörd ay İddiaçı qaytarmışdır. Onun iddiaçıya heç bir borcu yoxdur. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından və proses iştirakçılarının izahatlarından müəyyən olunur ki, iş üzrə İddiaçı Cavabdeh 2021-cı il tarixində 1700 manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin puldan 730 manat qaytarmış, qalan 970 manat məbləğində pulu cavabdeh qaytarmamışdır. İddiaçı həmin pulu cavabdehə qəbzsiz və notarial təsdiqsiz verdiyini etiraf etmişdir. İş üzrə Cavabdeh 2019-cu ilin 15 iyul tarixdə 22 faizlə 1000 manat, daha sonra 2020-ci ildə 700 manat götürməsini, onu da həmin ilin fevral ayında qaytarmasını, 2021-ci ilin yanvar ayından da başlayaraq hər ay 250 manat olmaqla dörd ay İddiaçı qaytarmasını bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İş üzrə cavabdeh öz izahatında iddiaçıdan 1700 manat borc pul almasını etiraf etmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı 1700 manat borc pul almasını etiraf edir. Lakin pulun verilməsi tarixlərini iddiaçı və cavabdeh fərqli zamanlara və şəraitə aid edirlər. Məhkəmə qeyd edir ki, borc münasibətlərində pulun verilmə şəraiti və borc alma səbəbləri vacib deyil. Borc münasibətlərində əsas şərt, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pulu borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırki işdə də, tərəflər 1700 borc verilməsini təsdiqləyirlər. İddiaçı göstərir ki, cavabdeh həmin puldan 730 manatını qaytarmış və ona 970 manat borcu qalmışdır. Cavabdeh iddiaçıya olan borcunu qaytarmalı olduğu halda qaytarmamış və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh götürdüyü 1700 manat borcun 700 manatını birdəfəyə qaytarmasını, 1000 manatı isə 2021-ci ilin yanvar ayından da başlayaraq hər ay 250 manat olmaqla dörd ay ərzində iddiaçıya qaytarmasını bildirir. İddiaçı borcun 730 manat qaytarılmasını etiraf edir və həmin hissədə borc üzrə iddia vermir. Cavabdeh borcun qalan hissəsini, yəni 1000 manatı hər ay 250 manat olmaqla dörd ay ərzində iddiaçıya qaytarmasını bildirsə də, buna dair hər hansı bir sübutu, dəlili yoxdur. İddiaçı 1000 manatın qaytarılmasını qəbul etmir və cavabdehin bu günə qədər ona borcu olmasını israrla bildirir. Lakin iddiaçı 1000 manat deyil, 970 manat borc tələbi irəli sürür ki, həmin məbləğ də iddianın həcmini təşkil edir. Məhkəmə bir daha qeyd ki, cavabdeh borcun qalan hissəsinin iddiaçıya qaytarılması özü sübut etməlidir. Bu hissədə sübutetmə vəzifəsi onun üzərinə düşür. Lakin cavabdeh məhkəməyə heç bir tutarlı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 970 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 970 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1000,40 (min manat qırx qəpik) manat pul alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 970 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1000,40 (min manat qırx qəpik) manat pul alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar