Məhkəmə qərarları › İş №2(015)-398/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-398/2023

02.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-398/2023 02.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun məcburi qaydada qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus qanunsuz saxladığı 600 manat pulunun və cəmi 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 630,40 manat pulun məcburi qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı bildirdi ki, özü, evdən uzaqda işdə olduğundan, ailəsinin ehtiyaclarını qarşılamaq üçün cavabdehə 1 baş iri buynuzlu camışı 700 manata satmağı xahiş etmişdir. Cavabdeh 2022-ci ilin may ayının 5-də tanımadığı alverçiyə camışı onu razılığı ilə 600 manata satmışdır. Daha sonra isə cavabdehdən pulu istədikdə o, pulu bir necə günə ona qaytaracağını bildirmişdir.Lakin cavabdeh bu günə kimi həmin pulu ona qaytarmamışdır. Ona görə də Cavabdeh ona məxsus qanunsuz saxladığı 600 manat pulun və ödədiyi 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 630,40 manat pulun məcburi qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (MPM) 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında əlavə olunmuş ərizədən görünür ki, Cavabdeh İddiaçı olan borcunu qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 147 saylı məktubdan görünür ki, İddiaçı Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İddiaçını izahatından müəyyən olunur ki, cavabdehin iddiaçı qarşısınada pul öhdəliyi vardır.Belə ki, iddiaçı cavabdehə 600 manat dəyərində bir çaş çamış verdiyini iddia edir, cavabdeh isə iddianı qəbul edir və iddiaçıya 600 manat məbləğində borcunun olduğunu qəbul edir. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçıya borclu olmasının cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 600 manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən olunmuş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində əsas və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar