Məhkəmə qərarları › İş №2(015)-406/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-406/2023

17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-406/2023 17.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi və inzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin geri tələb edilməsinə” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi : "xxxx" MMC məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan «Khazar SD» minik markali,**-PT-*** avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 3.649,42 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1.175 manat məbləğində pul vəsaiti və ödənilmiş 68,25 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış 24 dekabr 2020-ci il tarixli MAS-3090 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi üçün borcluya qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 06 dekabr 2022-ci il tarixli 2(015)-905/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin iddiası qismən təmin edilərək lizinq obyekti olan «Khazar SD» minik markali, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-yə qaytarılması və cavabdehdən ümumilikdə 2.024,27 manat məbləğində borcun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsində verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan «Khazar SD» minik markali, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 02 fevral 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3.649,42 manat nəbləğində maddi ziyanın dəydiyi müəyyən olunmuşdur. Həmçinin lizinq obyekti olan avtomobil cavabdehin istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR DİN DYP təörəfindən inzibati qaydada cərimələnmişdir. 1.İXP ******* sayli protokola görə 64 manat;

2. İXP ******* sayli protokola görə 640 manat;

3. EQ ******* sayli protokola görə 80 manat;

4. EQ ******* sayli protokola görə 96 manat;

5. EQ ******* sayli protokola görə 16 manat;

6. EQ 10681643 sayli protokola görə 45 manat;

7. EQ 10681641 sayli protokola görə 45 manat;

8. EQ 10681642 sayli protokola görə 9 manat;

9. EQ 10681672 sayli protokola görə 45 manat;

10. EQ 10681635 sayli protokola görə 135 manat. Həmin protokollara görə də ümumulikdə 1.175 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ona görə də Cavabdeh lizinq obyekti olan «Khazar SD» minik markali,**-PT-*** avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 3649,42 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1175 manat məbləğində pul vəsaiti və ödənilmiş 68,25 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan sənədlərlə müəyyən olunur ki, "xxxx" MMC ilə X2 arasında bağlanmış 24 avqust 2020-ci il tarixli MAS-3090 saylı ”Daxili lizinq müqaviləsi”nə əsaəsn 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320033 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. ”Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 19 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat ümumilikdə isə 22.488 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22.488 manatın 16.700 manatı əsas məbləğ təşkil edir. 21 oktyabr 2021-ci il tarixdə X2, X1 və "xxxx" MMC arasında MAS-3090 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və MAS-3090 saylı “Daxili Lizinq” müqaviləsi üzrə N.Hüseynov bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. 28 oktyabr 2021ci il tarixdə X1, Cavabdeh və "xxxx" MMC arasında MAS-3090 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və MAS-3090 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazimi qaydada icra olunmadığı üçün Cavabdeh MAS- 3090 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 28 iyul 2022-ci il tarixə ümumilikdə 2.193,21 manat borcu yaranmışdır. Cavabdeh "xxxx" MMC ilə bağlanmış 24 dekabr 2020-ci il tarixli MAS-3090 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi üçün borcluya qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağstafa rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 06 dekabr 2022-ci il tarixli 2(015)-905/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin iddiası qismən təmin edilərək lizinq obyekti olan «Khazar SD» minik markali,9 9-PT-724 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-yə qaytarılması və cavabdehdən ümumilikdə 2.024,27 manat məbləğində borcun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsində verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan «Khazar SD» minik markali,**-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 02 fevral 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3649,42 manat nəbləğində maddi ziyanın dəydiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış icarə müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda sadalanan maddələrin təhlili belə nəticəyə gəlməyə imkan verir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Göstərilənləri nəzərə alaraq, lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə lizinq obyekti olan əmlaka dəyən zərərə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Cavabdeh ”Daxili lizinq müqaviləsi” ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, onun müvəqqəti istifadəsində verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan «Khazar SD» minik markali, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 02 fevral 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3649,42 manat nəbləğində maddi ziyanın dəydiyi müəyyən olunmuşdur. Bu səbəbdən cavabdehin iddiaçı qarşısında 3649,42 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Göstərilənlərlə yanaşı iddiaçı təşkilatın cavabdehdən inzibati xəta haqqında protokollara görə ödənilmiş 1.175 manat məbləğində pul vəsaitini tələb etməsinə münasibətdə qeyd edilməlidir ki, iddianın həmin hissədə təmin edilməsi üçün göstərilən hallar sübut olunmalıdır: 1) iddiaçı həmin protokollar üzrə cəriməni ödəmişdir; 2) həmin cərimələrin ödənilməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilmişdir. Bu halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür (MPM, maddə 77.1). İddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ödənilən cərimə məbləğləri iddiaçı "xxxx" MMC tərəfindən deyil, Cavabdeh tərəfindən ödənilmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin oluna bilməz. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 68,25 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh lizinq obyekti olan «Khazar SD» minik markali, **-PT-*** avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 3649,42 manat və ödənilmiş 68,25 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamılıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh təmir-bərpa olunması üçün tələb olunan 3.649,42 (üç min altı yüz qırx doqquz manat qırx iki qəpik) manat və 68,25 (altımış səkkiz manat iyimi beş qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar