Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-47/2025 05.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan yaşayış evinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan yaşayış evinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan həmin yaşayış evinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi Cavabdeh arasında 2/3 onun, 1/3 cavabdehin olmaqla paylı mülkiyyətdə olan yaşayış evidir. Həmin evdə cavabdeh ailə üzvləri ilə birgə yaşayır. Oğlu ilə münasibətləri korlanmış birgə yaşamaqları mümkünsüz hala gəlmişdir. Bu səbəbdən də cavabdehlə paylı mülkiyyətdə olan yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsi və giriş-çıxış yollarının ayrılması barədə tələblə məhkəməyə müraciət etmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-442/2023 saylı qətnaməsinə əsasən yaşayış evinin naturada real bölgüsü tikintitexniki ekspertizanın rəyinə əsasən mümkün olmamış və iddia tələbi rədd edilmişdir. Daha sonra Cavabdeh qarşı paylı mülkiyyətdə olan pay əvəzinə dəyərinin müəyyən edilərək pul kompensasiyasının ödənilməsi ilə cavabdehin paylı mülkiyyət hüququna xitam verilməsi tələbinə dair məhkəməyə müraciət etmiş Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-415/2024 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Odur ki, Cavabdeh qarşı «paylı mülkiyyətdə olan yaşayış evinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan həmin yaşayış evinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47.4 kv.metr olan yaşayış evi 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı cavabdehlə paylı mülkiyyətində olan mübahisəli yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsi və giriş-çıxış yollarının ayrılması barədə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, ekpsert rəyinə əsasən naturada bölgü mümkün olmadığından Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(015)-442/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehlə paylı mülkiyyətdə olan mübahisəli yaşayış evinə pul kompensasiyasının ödənilməsi ilə cavabdehin paylı mülkiyyət hüququna xitam verilməsi barədə müraciət etmiş, evin dəyəri 30000 (otuz min) manat müəyyən edildiyindən cavabdehin payın uyğun 10 (on min) manat pul kompensasiyası təklif etmişdir. Cavabdeh isə evin dəyəri və təklif edilən kompensasiyanın məbləği ilə razı olmayaraq, başqa yerdə yaşamağa evinin olmamasını, iddiaçının ona bir otaqlı ev alarsa mübahisəli yaşayış evindən çıxmağa razı olmasını bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(015)-415/2024 saylı qətnaməsi ilə həmin iddia tələbi də təmin edilməmişdir. Hazırda iddiaçı paylı mülkiyyətdə olan həmin yaşayış evinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 91 kv.metr olan yaşayış evi 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-442/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşayış evinin naturada bölünməsi, yaşayış hüququnun bərpa edilməsi və giriş-çıxış yollarının ayrılması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-415/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan pay əvəzinə dəyərinin müəyyən edilərək pul kompensasiyasının ödənilməsi ilə cavabdehin paylı mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin hazırkı bazar qiyməti 32000 (otuz iki min) manat təşkil edir. Məlum olduğu kimi mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını, Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci müddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci müddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü müddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci müddəsinə əsasən Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı müddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrının 1 və 2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Qanunvericiliyə əsasən mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Hazırki iş üzrə iddiaçı cavabdehlə paylı mülkiyyətində olan mübahisəli yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsi və giriş-çıxış yollarının ayrılması barədə məhkəməyə müraciət etmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(015)- 442/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehlə paylı mülkiyyətdə olan mübahisəli yaşayış evinə pul kompensasiyasının ödənilməsi ilə cavabdehin paylı mülkiyyət hüququna xitam verilməsi barədə müraciət etmiş, evin dəyəri 30000 (otuz min) manat müəyyən edildiyindən cavabdehin payın uyğun 10 (on min) manat pul kompensasiyası təklif etmişdir. Məhkəmənin xx.xx.2024cü il tarixli, 2(015)-415/2024 saylı qətnaməsi ilə həmin iddia tələbi də təmin edilməmişdir. Hazırda iddiaçı paylı mülkiyyətdə olan həmin yaşayış evinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə Məcəllənin 220.6-cı maddəsinə əsasən əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 91 kv.metr olan 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh adına qeydiyyata alınmış mənzil açıq hərracdan satılmalı, satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli, həmin mənzil açıq hərracdan satıldıqdan, satış pulu ümumi mülkiyyətin mülkiyyətçilərin arasında bölündükdən sonra onların ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 91 kv.metr olan 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh adına qeydiyyata alınmış mənzil (dəyəri 32000 (otuz iki min) manat olan) açıq hərracdan satılsın və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 91 kv.metr olan açıq hərracdan satıldıqdan, satış pulu ümumi mülkiyyətin mülkiyyətçilərin arasında bölündükdən sonra İddiaçı və Cavabdeh həmin mənzilə olan ümumi paylı mülkiyyət hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-47/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-47/2025
05.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver