Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-732/2025 27.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X2 adlı uşağın onun himayəsinə verilməsi, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat aliment və uşağın yaşına kimi saxlanılması üçün hər ay əlavə olaraq 100 manat ümumilikdə 346 manat miqdarında alimentin onun xeyrinə tutulması, yuxarıda qeyd etdiyi 7 adda ona məxsus cehiz əşyalarının və ya yerində aşkarlanmazsa 2520 manatın və cavabdehdə olan ona məxsus yuxarıda göstərdiyi 1 adda qızıl-zinyət əşyalarının özünün və ya dəyəri olan 5500 manat pulun və dövlət rüsumu olaraq keçirdiyi dövlət rüsumunun və mediasiyaya keçirdiyi 50 manat xidmət haqqının yarısı olan 25 manatı Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi).
3. İddiaçı iddia tələbini azaldaraq xx.xx.2024-cü il təvəllüdlü X2 adlı uşağın himayəsinə verilməsi, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat aliment və uşağın yaşına kimi saxlanılması üçün hər ay əlavə olaraq 100 manat, ümumilikdə 346 manat miqdarında alimentin onun xeyrinə tutulması barədə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 11 iyun 2023-cü il tarixdə qeyri-rəsmi qaydada el-adəti ilə ailə həyatı qurmuşdur. Faktiki nikahından xx.xx.2024-cü il təvəllüdlü X2 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh tərəfindən şiddətlər, təzyiqlər, işgəncələr görsə də azadlıqdan mərhum edilsə də, ailəsinin dağılmasına razı olmamışdır. Belə ki, Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ona dözülməz əzablar və işgəncələr verərək məcburiyyət qarşısında qalıb Qobustan rayon polis şöbəsinə müraciət etmişdir. O, evdən çıxmağı polis müdaxiləsi olmadan mümkün olmamışdır. Hazırda isə o, anasının himayəsində Ağstafa rayonu Yuxarı Göycəli kəndində yaşayır. Cavabdehin ailəyə və uşağa qayğı göstərməməsi, laqeyd münasibət bəsləməsi, uşağın həyatında vacib olan məsələləri həll etməməsi və xx.xx.2024-cü il tarixdən bu günə kimi uşağın saxlanılmasına heç bir köməklik etməməsi onu aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
5. İddiaçı məhkəmə iclasında aliment tələbinin təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəməyə iclasına gəlməmiş, teleqram ünvanlayaraq uşağının aylıq xərclərini ödəməkdən boyun qaçırtmadığını, lakin 220 manat miqdarında aliment ödəməyə imkanı çatdığını bildirmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.
8. Məhkəmə iddiaçını dinləyib mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2024-cü il təvəllüdlü X2 adlı bir uşağı anadan olmuşdur.
10. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 91 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Ağstafa rayonu Göycəli kəndində yaşayır.
11. X4 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş, ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, davam etdirilməsinə razılıq verməmişdir, tərəflər mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. İddiaçı ilə Cavabdeh arasında birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X2 adlı bir uşaqları doğulmuşdur. Uşaq iddiaçının yanında qalırlar. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər mediasiya prosesində iştiraka cəlb olunmuş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, davam etdirilməsinə razılıq verməmişdir, tərəflər mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı cavabdehdən uşağının saxlanılması üçün aliment tələb etmişdir. Cavabdeh isə iddianı qismən qəbul edərək 220 manat aliment ödəyə biləcəyini bildirmişdir
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Məhkəmə alimentin tutulmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
19. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
20. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
21. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və iddiaçı uşağın maddi təminatlarını ödəməyə çətinlik çəkdiyindən cavabdehdən hər ay 246 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə iddia tələbini qismən qəbul edərək uşağına görə 220 manat ödəmək imkanının olmasını bildirmişdir. Məhkəmə tərəflər arasında birgə nikahdan olan xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aliment tutulmalıdır.
22. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarına gəldikdə isə, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini, tərəflərin fikirlərini nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 0,550 = 220 manat) 0,550 misli həddində olmaqla sabit pul məbləğində aliment tutulmalıdır.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıdan həmin tarixdən başlayaraq aliment tutulmalıdır.
24. Bundan başqa, məhkəmə iddia tələbinin uşağın iddiaçının himayəsinə verilməsi hissəsində hesab edir ki, uşaq hazırda iddiaçının himayəsində olduğundan iddia həmin hissədə təmin oluna bilməz.
25. Hazırkı mübahisə üzrə iddiaçı cavabdehin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarından uşağın 3 yaşı tamam olana qədər hər ay əlavə olaraq 100 manat sabit pul məbləğində aliment tələb edir.
26. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflərin arasında nikah olmadığından iddiaçı özünün saxlanması üçün cavabdehdən aliment tələb etmək hüququna malik deyil. Ailə Məcəlləsinin 84.2.2 və 85.1.1-ci maddələrinə görə ümumi uşaq doğulduğu gündən 3 il ərzində arvad (keçmiş arvad) zəruri vəsaitə malik olan ərdən (keçmiş ərdən) aliment tələb etmək hüququna malikdir. Göründüyü kimi, aliment tələb etmək hüququ arvada (keçmiş arvada), aliment ödəmək vəzifəsi isə ərə (keçmiş ərə) aiddir. Nikah olmadığı halda qadın “arvad”, kişi isə “ər” statusu əldə etmir. Ona görə də, iddia tələbi həmin hissədə təmin oluna bilməz.
27. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir.
32. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir.
33. “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
34. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir il ərzində ödəmələrin məcmusunun 2640 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 46,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir.
Nəticə hissəsi:
35. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla, hər ay uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,550 misli həddində aliment tutulsun. Cavabdeh 46,40 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova