Məhkəmə qərarları › İş №2(073)-2112/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2112/2025

01.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2112/2025 01.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Müşfiq oğluna qarşı uşaqların ananın himayəsində qalması, aliment və əmlak tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Müşfiq oğluna qarşı uşaqların ananın himayəsində qalması, aliment və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ərizədə qeyd etdiyi cehiz və zinət əşyalarının alınması, uşaqlarının onun himayəsinə verilməsi və qanuna müvafiq qaydada alimentin alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı cavabdehlə faktiki evlənmişlər, nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında rəsmi nikahları olmadığından həmin uşaqlara münasibətdə cavabdehin atalığı müəyyən edilmişdir. O (iddiaçı), cavabdeh tərəfindən döyülərək, uşaqları da əlindən alınaraq evdən qovulmuşdur. Ata evindən ər evinə gedərkən dəyəri 7680 manat olan mebel dəsti (taxt, tumba, dolab, termo stulu, televizor altlığı, divan-kreslo, stol-stul, tək nəfərli çarpayı), dəyəri 500 manat olan televizor, dəyəri 500 manat olan 5 dəst yorğan və döşək, dəyəri 200 manat olan 2 ədəd taxt üstlüyü və pakrıval, dəyəri 110 manat olan 11 ədəd balış, dəyəri 60 manat olan 10 ədəd nalça, dəyəri 100 manat olan 4 dəst çexol prostina, dəyəri 30 manat olan 5 dəst balış üzü, dəyəri 400 manat olan 2 ədəd xalça, dəyəri 50 manat olan 4 ədəd süfrə, dəyəri 200 manat olan 4 ədəd pərdə, dəyəri 40 manat olan 2 ədəd miz üstü, dəyəri 30 manat olan 3 ədəd əl-üz dəsmalı, dəyəri 40 manat olan 2 ədəd dəmir vedrə, dəyəri 20 manat olan 2 ədəd hamam dəsmalı, dəyəri 5 manat olan 2 ədəd çaydan, dəyəri 10 manat olan 2 ədəd mətbəx dəsmalı, dəyəri 200 manat olan 2 ədəd qazan dəsti, dəyəri 70 manat olan plov, salat, kabab və souz (hər biri 12 ədəd) qabı, dəyəri 30 manat olan 12 ədəd bulud (kauçuk) qab, dəyəri 150 manat olan 2 ədəd qaşıq naboru, dəyəri 20 manat olan 1 ədəd mürəbbə və ləpə qabı, dəyəri 6 manat olan 2 ədəd bulud qaşığı, dəyəri 10 manat olan 2 ədəd çörək qabı, dəyəri 20 manat olan 2 ədəd ananas formalı qənd qabı, dəyəri 20 manat olan 2 ədəd çaydan, dəyəri 50 manat olan 2 ədəd qəhvədan, dəyəri 40 manat olan 2 ədəd qazan dəsti, dəyəri 60 manat olan 3 ədəd meyvə qabı, dəyəri 10 manat olan 2 ədəd yığılan qab ləyəni, dəyəri 30 manat olan 2 ədəd qənd qabı, dəyəri 20 manat olan 2 paçqa stəkan, dəyəri 10 manat olan 2 paçqa nəlbəki, dəyəri 15 manat olan 1 ədəd uşaq çantası, dəyəri 230 manat olan 583 əyar uşaq sırqası, dəyəri 1500 manat olan komplek qızıl, dəyəri 30 manat olan 4 paçqa xrustal stəkan, dəyəri 20 manat olan 2 paçqa su stəkanı, dəyəri 20 manat olan 3 ədəd su qabı, dəyəri 200 manat olan usaq beşik və manej, dəyəri 25 manat olan uşaq şkafı, dəyəri 25 manat olan uşaq ləyəni, dəyəri 10 manat olan soğan çəkən, dəyəri 100 manat olan elektrikli soba, dəyəri 70 manat olan ət çəkən, dəyəri 1000 manat olan paltar yuyan maşın və dəyəri 80 manat olan miksel aparmışdır. Cavabdehdən həmin əşyaları tələb etsə də cavabdeh bundan imtina etmiş, eyni zamanda ona (iddiaçıya) məxsus olan qızılları satmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cehiz apardığı mebellərin sayı və məbləği ilə bağlı “Seyidlər” deyilən dükandan arayış da əldə edib və məhkəməyə təqdim edib. Qızıllarını tələb etmir, həmin qızılları cavabdeh satıb, birgə xərcləyiblər. Yalnız uşağı Zəhraya hədiyyə verilmiş qızıl sırğanı tələb edir. Həmin sırğanı anası (iddiaçının) almışdı. Cehiz əmlakların alınmasında isə atası, anası, bibisi oğlu iştirak edib. Atası rəhmətə gedib. Paltaryuyan maşını öz pulu ilə min manata almışdı. Həmin vaxt işləyirdi. Xalid adlı uşağını artıq bir neçə aydır ki, görə bilmir, cavabdeh buna imkan vermir. Hər iki uşağın onunla (iddiaçı) qalmasını istəyir. Xalidin cəmi 4 yaşı var və ana qayğısına ehtiyacı çoxdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə izahatı və şahid ifadələrini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qanunvericiliyin tələbləri baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun qızıdır. Qızı qaçıb, ailə qurub. Sonradan barışdıqdan sonra ona hissə-hissə olmaqla cehiz əmlak alıblar. Mebelləri “Seyidlər” mağazasından almışlar, bu barədə oradan sənəd də alıblar. Qızının gündəlik istifadəsi üçün zəruri olan bütün məişət əşyaları, yorğan-döşək dəstləri, qab-qacaq və s. cehiz kimi qızına verib. Nəvəsi Zəhranın doğum günündə ona 230 manat dəyərində qızıl sırğa alıb. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun dayısı qızıdır. Mərhum dayısı ilə birlikdə iddiaçıya verilmiş cehizləri almışlar, lakin nə aldıqları tam yadında deyil. Mebelləri və cehiz əşyaların əksər hissəsini isə “Seyidlər” mağazasından alıblar. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci tarixli arayışdan görünür ki, X5 xx.xx.2019-cu ildə doğulmuşdur, atası Cavabdeh Müşfiq oğlu, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci tarixli arayışdan görünür ki, X6 xx.xx.2021-ci ildə doğulmuşdur, atası Cavabdeh Müşfiq oğlu, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında yaşaması məqsədə müvafiq hesab edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında rəsmi nikahları olmadığından həmin uşaqlara münasibətdə cavabdehin atalığı müəyyən edilmişdir. Hazırda tərəflərin ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Tərəflərin birgə nikahlarından doğulmuş Xalid adlı uşaq cavabdehin yanında, Zəhra isə iddiaçının yanındadır. İddiaçı həmin uşağın da cavabdehdən alınaraq onun himayəsinə verilməsini, həmçinin uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulmasını istəyir. Habelə cehiz əmlakını tələb edir. Zinət əşyalarından imtina edir, yalnız uşağına verilmiş sırğanı tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Məhkəmə bu baxımdan tərəflərin birgə nikahlarından doğulmuş uşaqların azyaşlı olduqlarını, ana qayğısına və nəvazişinə daha çox ehtiyaclarının olduğunu, bacısı Zəhra ilə bağlılığın, bacı-qardaş münasibətlərinin yaranması zəruriliyini nəzərə alaraq hesab edir ki, Xalid adlı uşağın iddiaçıya verilməsi məqsədəmüvafiqdir. Bu nəticəyə gələrkən məhkəmə, həmçinin nəzərə alır ki, azyaşlı uşaqların davamlı baxıma ehtiyacı vardır. Azyaşlı uşaqlara münasibətdə iddiaçı valideynlik hüquqlarını cavabdehə nisbətən daha dolğun həyata keçirə bilər. Belə ki, iddiaçının vaxtının çox hissəsini azyaşlı uşaqları ilə keçirmək və bir ana kimi onların tərbiyəsi ilə məşğul olmaq və qayğısını çəkmək imkanları daha çoxdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Odur ki, məhkəmə hesab edir ki, azyaşlı uşaqların anasında saxlanılması ilə bağlı müvafiq qəyyumluq orqanının rəyində göstərilən əsaslar rəyə uyğun qərar qəbul edilməsi üçün əsas sayıla bilər. Mövcud vəziyyətdə azyaşlı uşaqların mənafeyi baxımından məhkəmə onların cavabdehdən alınıb iddiaçıya, yəni anasına verilməsini məqsədəuyğun hesab edir. Uşaqların yaşı, inkişafı, tərbiyəsi, mənafeyi daha çox anasının yanında yaşamağa uyğun olduğuna dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia uşaq tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının xeyrinə hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində alimentin təyin edilməsinə dair tələbi tam təmin edilməməlidir. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasını təsdiq edən aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üçün hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qeyd olunan normalardan göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2019cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, azyaşlı uşaqların anasında saxlanılması və iddianın təmin edilməsi cavabdehin gələcəkdə uşaqları ilə görüşməsinə məhdudiyyət kimi başa düşülə bilməz. Cavabdeh gələcəkdə azyaşlı uşaqları ilə görüşməyin şərtləri və qaydaları ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə, ilk növbədə iddia olunan cehiz əşyalarının mövcüdlüğü ilə bağlı məsələyə qiymət verərək belə nəticəyə gəlir ki, həmin əşyalar həqiqətən də mövcud olmuş və iddiaçıya hədiyyə edilmşdir. Həmin hal iddiaçının izahatı, şahidlərin ifadələri ilə təsdiq olunur. Həmin əşyaların dəyəri və sayı ilə bağlı məsələyə qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, həmin əşyalar iddiaçının göstərdiyi, əsasən də onun tərəfindən məhkəməyə təqdim edilmiş və malların “Seyidlər” mebel adlanan satıcıdan alınmasını göstərən müvafiq əlyazma sənəddə göstərilən dəyər və sayla qəbul edilməlidir. Belə ki, ilk növbədə məhkəmə nəzərə alır ki, həmin əşyalar iddiaçıya hədiyyə olunmuş və həmin əşyaların dəyəri və sayı ilə bağlı iddiaçının məhkəmə iclasında verdiyi izahat inandırıcı və realdır. Məhkəmə tələb edilən əşyaların cavabdehin evində qalması ilə bağlı iddiaçı tərəfin verdiyi izahatı da inandırıcı və səmimi hesab edir. Belə ki, həmin xüsusatla bağlı məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə iddiaçının izahatı arasında ziddiyət olmamış və şahidlər də iddiaçıya məxsus cehiz əşyalarının cavabdehdə qaldğını təsdiq etmişlər, habelə cavabdeh məhkəmə iclasında iştirak etməmiş, tərəfindən bu hal mübahisələndirilməmişdir. Məhkəmə iddianın dəyəri 1500 manat olan qızıl komplekt hissəsində əsassız olduğu qənaətinə gəlir. Belə ki, iddiaçı məhkəmə iclasında həmin zinət əşyasının satıldığını və ailə ehtiyaclarına xərcləndiyini etiraf etmişdir, habelə özü də bu hissədə iddiadan imtina etmişdir. Məhkəmə, iddianın iddiaçının Zəhra adlı uşağına hədiyyə edilmiş sırğa tələbinə dair hissəsini də əsaslı hesab edir. Həmin hal şahid ifadəsi ilə təsdiqini tapmışdır. Şahid (iddiaçının anası) sırğanın onun tərəfindən 230 manata alındığını bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin zinət əşyasının dəyəri iddiaçının iddia etdiyi kimi 270 manat deyil, 230 manat kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 14, 77, 88, 106, 119, 213, 216-220, 233, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin faktiki nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 İddiaçı yanında qalması müəyyən edilsin. xx.xx.2021-ci il təvəllüdlü X6 Cavabdeh Müşfiq oğlundan alınıb İddiaçı himayəsinə verilsin. xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Müşfiq oğlundan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh Müşfiq oğlundan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilsin. İddiaçı məxsus dəyəri 1320 manat olan yataq dəsti, dəyəri 150 manat olan masa “Tac”, dəyəri 250 manat olan 6 ədəd stul, dəyəri 600 manat olan divan-kreslo, dəyəri 180 manat olan televizor altlığı, dəyəri 150 manat olan “jurnalniy”, dəyəri 100 manat olan tək çarpayı, dəyəri 300 manat olan televizor “Supermax”, dəyəri 500 manat olan 5 dəst yorğan və döşək, dəyəri 200 manat olan 2 ədəd taxt üstlüyü və örtük, dəyəri 110 manat olan 11 ədəd balış, dəyəri 60 manat olan 10 ədəd nalça, dəyəri 100 manat olan 4 dəst çexol prostina, dəyəri 30 manat olan 5 dəst balış üzü, dəyəri 400 manat olan 2 ədəd xalça, dəyəri 50 manat olan 4 ədəd süfrə, dəyəri 200 manat olan 4 ədəd pərdə, dəyəri 40 manat olan 2 ədəd miz üstü, dəyəri 30 manat olan 3 ədəd əl-üz dəsmalı, dəyəri 40 manat olan 2 ədəd dəmir vedrə, dəyəri 20 manat olan 2 ədəd hamam dəsmalı, dəyəri 5 manat olan 2 ədəd çaydan, dəyəri 10 manat olan 2 ədəd mətbəx dəsmalı, dəyəri 200 manat olan 2 ədəd qazan dəsti, dəyəri 70 manat olan plov, salat, kabab və souz (hər biri 12 ədəd) qabı, dəyəri 30 manat olan 12 ədəd bulud (kauçuk) qab, dəyəri 150 manat olan 2 ədəd qaşıq naboru, dəyəri 20 manat olan 1 ədəd mürəbbə və ləpə qabı, dəyəri 6 manat olan 2 ədəd bulud qaşığı, dəyəri 10 manat olan 2 ədəd çörək qabı, dəyəri 20 manat olan 2 ədəd ananas formalı qənd qabı, dəyəri 20 manat olan 2 ədəd çaydan, dəyəri 50 manat olan 2 ədəd qəhvədan, dəyəri 40 manat olan 2 ədəd qazan dəsti, dəyəri 60 manat olan 3 ədəd meyvə qabı, dəyəri 10 manat olan 2 ədəd yığılan qab ləyəni, dəyəri 30 manat olan 2 ədəd qənd qabı, dəyəri 20 manat olan 2 paçqa stəkan, dəyəri 10 manat olan 2 paçqa nəlbəki, dəyəri 15 manat olan 1 ədəd uşaq çantası, dəyəri 30 manat olan 4 paçqa xrustal stəkan, dəyəri 20 manat olan 2 paçqa su stəkanı, dəyəri 20 manat olan 3 ədəd su qabı, dəyəri 200 manat olan usaq beşik və manej, dəyəri 25 manat olan uşaq şkafı, dəyəri 25 manat olan uşaq ləyəni, dəyəri 10 manat olan soğan çəkən, dəyəri 100 manat olan elekırikli soba, dəyəri 70 manat olan ət çəkən, dəyəri 1000 manat olan paltaryuyan maşın və dəyəri 80 manat olan mikserdən ibarət cehiz əmlaklar, olmadığı halda isə onların dəyəri kimi 7186 manat pul, Zəhra adlı uşaq üçün hədiyyə edilmiş 583 əyar uşaq sırğası (bir cüt), olmadığı halda isə dəyəri 230 manat pul Cavabdeh Müşfiq oğlundan alınaraq İddiaçı verilsin. Qətnamə Zəhra adlı uşağa aliment ödənilməsi hissəsində dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar