Məhkəmə qərarları › İş №2(015)-832/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-832/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-832/2023 14.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanlığın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmək, qətimkan tədbiri kimi həbsə alınmaq nəticəsində ona vurulmuş maddi ziyana görə 10.339 manat və mənəvi zərər görə 40.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, 23 iyun 2019-cu il tarixdə faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində olarkən polis əməkdaşları razılıqları olmadan evə daxil olmuşlar (sonradan bilmişdir ki, bu şəxslər DİN-nin BNMİ-nin X7 Şöbəsinin əməkdaşlarıdır) və onu narkotik satışında, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirkar bilərək, onu cinayət məsuliyyətinə cəlb etmişlər və sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs edildikdən sonra cinayət və təhqiqat işləri aparılmış, cinayət işi yekunlaşdıqdan sonra barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 02 il 02 ay davam edən istintaq və məhkəmə araşdırmasından sonra Gəncə Ağır Cinayətlər məhkəməsində onun barəsində 1(100)-22/2021 saylı, xx.xx.2021-ci il tarixli bəraət hökmü çıxarılmış və həmin hökmdə onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək bərəsində ittiham hökmünün çıxarılmasının qanunun ədalət prinsipinə zidd olduğu və barəsində təqsirliliyi sübuta yetirilmədiyindən bəraətinə hökm edilmişdir. 02 il 02 aydan sonra Gəncə Ağır Cinayətlər Məhkəməsində onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclası zalından azad edilmişdir. Bəraət hökmü çıxarılan zaman onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilmişdir. 23 iyun 2019-cu ildən 15 iyul 2021-ci ilədək 02 il 02 ay həbsdə olmuş və Gəncə Ağır Cinayətlər Məhkəməsində 15 iyul 2021-ci il tarixdə məhkəmə zalından azadlığa çıxmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(100)- 22/2021 saylı bəraət hökmündən narazı qalan ittiham tərəfi apellyasiya protesti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 1(104)-485/2021 saylı qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli bəraət hökmü dəyişdirlimədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarından narazı qalan ittiham tərəfi kassasiya protesti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-537/2022 saylı qərarı ilə ittiham tərəfinin kassasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli hökmü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən dolayı 02 il 02 ay həbsdə olmaq məcburiyyətində qalmışdır. Qanunsuz və əsassız olaraq cinayət təqibinə məruz qalmışdır. Qanunsuz və əsassız olaraq məcburi cinayət prosessual tələblərinə məruz qalmışdır. Məhkəmə iclas zalından azadlığa çıxdıqdan sonra sağlamlığının yerində olmadığını, psiximənəvi sarsıntılar keçirdiyini hiss etmişdir. Azadlığa çıxandan sonra bir müddət evdə qalmış, utandığından çölə çıxa bilməmiş, sağlamlığından dolayı müayinə və müalicələrə başlamışdır. Həbsdə olduğu müddətdə yüksək şəkər xəstəliyinə tutulduğundan həmin xəstəliklərdən müalicələrə başlamış və 05 aprel 2022-ci il tarixdən etibarən də Ağstafa rayon X4 X5 şöbəsində 2 tip şəkərli diabet diaqnozu ilə qeydiyyata alınmışdır. Eyni zamanda narkotik maddələrin ticarəti cinayəti ilə tutulduğu üçün hamı, yəni dostları, qonşuları, qohum-əqraba ona cinayətkar, narko-tacir gözü ilə baxır. Bu fakt da ona çox pis təsir edir. Hansı ki, məhkəmələr onun cinayətkar olmadığını təsdiq edərək buna hökm etmişlər. Qeyd olunanlar da təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanlığın vurulmasının bariz nümunəsidir. O, əsassız olaraq cinayət təqibinə məruz qalmış, 23 iyun 2019-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olma adı ilə saxlanılmağı və cinayət məsuliyyətinə cəlb edilməklə barəsində həbs qətimkan tədbirinin seçilməsindən sonra 02 il 02 ay həbsdə saxlanılmışdır. 15 iyul 2021-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmü ilə azadlığa çıxmışdır. O 26 ay qanunsuz olaraq həbsdə qalmaq məcburiyyətində olmuşdur. Göründüyü kimi “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 02 il 02 ay ərzində onun hüquqları kobud şəkildə pozulmuşdur. O, bu müddət ərzində məhdudiyyətlərə məruz qalmışdır. Bu müddət ərzində o, işləmək, pul qazanmaq, istirahət etmək hüququndan məhrum olaraq, eyni zamanda mənəvi və fiziki sarsıntılar keçirmişdir. O, cümlədən ailəsindən, dostlarından, tanışlarından ayrı düşmüşdür. Bundan başqa bu hadisəyə görə qonşularda, qohumlarda onun haqqında cinayətkar təsəvvürü yaranmışdır. Bu fakt da onda məyusluq yaradır, mənəvi sarsıntı və iztirab hissi keçirir. Bütün bunların nəticəsi olaraq qeyd etmişdir ki, cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Bundan başqa onuda qeyd etmişdir ki, 02 il 02 ay həbsdə olduğu müddətdə keçirdiyi maddi və mənəvi sarsıntılar nəticəsində həm də qorxudan və həyacandan şəkər xəstəliyinə tutulmuşdur. Həbsdən azad edildikdən sonra müayinə və müalicələrə başlamışdır və ağır şəkər xəstəsi kimi poliklinikada qeydiyyata alınmışdır. Ağır xəstəliyə tutulması nəticəsində o, iztirab keçirmişdir. Şəxsin iztirab keçirməsi də mənəvi zərər tələb etməsi üçün əsas sayılır. Ona görə də hesab edir ki, ona dəyən maddi və mənəvi ziyanlıq tam şəkildə ödənilməlidir. Qanunvericilikdə ona dəymiş maddi və mənəvi ziyanlığın ödənilməsini tələb edir. Cinayət məsuliyyətinə cəlb edilərək, barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri, həbs qətimkan tədbiri seçilməsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın əvəzi ödənilməlidir. Bunların məntiqi nəticəsi olaraq, 26 ay, 753 gün həbsdə olduğu müddətdə onun ailəsinin dolanışığını təmin etmək məqsədi ilə qazancının hər ay üzrə müvafiq olaraq yaşadığı rayon üzrə orta aylıq əmək haqqı ilə hesablansa 10.339 manat maddi ziyanlıq və qanunsuz olaraq həbsdə oldu müddətdə sağlamlığını itirməsi, o cümlədən şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması və eyni zamanda yaxınları ilə münasibətlərin pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi, qanunsuz həbsdə olduğu müddətdə ağır xəstəliyə tutularaq hələ də müayinə və müalicələr alamsını nəzərə alaraq ona mənəvi ziyanlığın miqdarı da 40.000 manat məbləğində müəyyən edilməlidir. Ona görə də qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmək, qətimkan tədbiri kimi həbsə alınmaq nəticəsində ona vurulmuş maddi ziyana görə 10.339 manat və mənəvi zərər görə 40.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.6-cı madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-22/2021 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiahm üzrə təqsirliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, X1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclası zalından həbsdən azad edilmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilməsi hökm edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-485/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-22/2021 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-537/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, kassasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli 380 saylı tibbi arayışdan görünür ki, Ağstafa rayonu Eynallı kəndində qeydiyyatda olan xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik X5 şöbəsində “Şəkərli diabet 2 tip” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş 017494 saylı Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı “digər dəqiqləşdirilmiş kəskin virus hepatitləri”, “Assit, qara ciyər sirrozu” və “İİ tip şəkərli diabet” xəstəliklərindən əziyyət çəkir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Məhkəmə qeyd edir ki, məhkəmənin hökmü ilə iddiaçının barəsində olan cinayət işi üzrə ona bəraət verildiyindən qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq onun hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Bu halda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi sonuncuya qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamtlərindən biridir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui - istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-22/2021 saylı hökmü ilə İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin örədilməsində təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdır. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya və kasassiya protestləri təmin edilməmişdir. Göründüyü kimi, İddiaçı 02 il 01 ay 22 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 15.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 15.000 (on beş min) manat alınaraq iddiaçı X3 ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı X2 ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunması, cinayət təqibinə məruz qalması və qanunsuz həbsə alınmasına görə dəymiş 15.000 (on beş min) məbləğində mənəvi ziyan kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar