Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1024/2024 28.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X20 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı maraqlı şəxslər Ağsu rayon İcra Hakimiyyətinin Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Arxivinin Ağsu rayon filialının cəlb edilməklə "mülkiyyət hüququ ilə əlaqədar mübahisələr" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı maraqlı şəxslər Ağsu rayon İcra Hakimiyyətinin Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Arxivinin Ağsu rayon filialının cəlb edilməklə "mülkiyyət hüququ ilə əlaqədar mübahisələr" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Ağsu rayonunun Kalva kəndindəki, mərhum valideynlərinin istifadəsində olmuş 0,10 ha torpaq sahəsinin yarısı, inşa edilmiş və 49 ildir faktiki sahibliyində və istifadəsində olan fərdi həyət evinin ona aid olan hissəsinə, ümumilikdə təxminən 110 kv.metr sahəsinə dair mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağsu rayonunun Kalva kəndində doğulub böyümüş, valideynləri ilə birlikdə yaşamış, əsgərlikdən qayıtdıqdan sonra Orta Texniki təhsilini Bakı şəhərində almış və yenidən Kalva kəndinə qayıdaraq ixtisasına uyğun işlə təmin olunmaqla uzun müddət rayonda yaşayıb işləmişdir. Mərhum valideynləri kənddə onunla böyük qardaşı Səfərov Ağaşirin üçün fərdi həyət evi tikməkdən ötrü 1970ci ilin əvvəlində 0,10 ha torpaq sahəsi götürmüş, sonradan həmin torpaq sahəsinin yola bitişik hissəsində və torpaq sahəsinin tam ortasında, ailəliklə 16 metr uzunluğu 10,5 metr enində iki hissədən ibarət kürsülü ev inşa etmişdilər. Evin inşası 1973-cü ildən başlamış, 1975-76-cı illərdən isə böyük qardaşı ilə aralarında püşk ataraq kimə evin hansı hissənin düşməsini həll etdikdən sonra evin sol hissəsi (arxadan baxıldıqda) qardaşına, sağ hissəsi isə ona düşmüşdür. Beləliklə, o da ailə quraraq elə 1976-cı ildən köçüb ona aid olan hissədə yaşamağa başlamış, uşaqlarının hamısı həmin evdə doğulmuşlar. 1990-cı illərdə iş yerləri bağlandığına görə Bakı şəhərində işləməyə başladı. Evinə isə hər zaman gedibgəlmiş və təsərrüfatı ilə məşğul olmuşdur. Ev əşyaları da evindədir. Hazırki iş üzrə Cavabdeh2, 2019-cu il tarixində ona qarşı "yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair" iddia ərizəsi ilə Ağsu rayon məhkəməsinə müraciət etmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı ona bəlli olmuşdur ki, qardaşının adına həm torpaq sahəsinə dair şəhadətnamə və həm də evin dövlət reyestrindən çıxarış verilmişdir və əlavə olaraq onun da evinə aid hissəsini həmin çıxarışa saldıraraq, ona faktiki mülkiyyət hüququ ilə məxsus olan əmlakını ələ keçirmişdir. Məhkəmə prosesləri zamanı evin hüquqmüəyyənedici sənədləri digər cavabdeh Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsindən tələb olunub gətirilmiş və araşdırılmışdır. Bəlli olmuşdur ki, evin texniki pasportunda göstərilən cizgiləri ilə evin daxili cizgilərində uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin kəndin təsərrüfatbaşına kitabında qeydi ilə bağlı kitab tapılmamışdır. Torpaq sahələrinin vətəndaşlara pay verilməsi ilə bağlı Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli 07 saylı qərarına əsasən, qardaşı Ağaşirin Səfərovun adına JN -072F KOD 40911018 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qeyd elədiyi kimi, ataları 0,10 ha torpaq sahəsini 1970-ci ilin əvvəlində o zaman mövcud olmuş kənd sovetindən almışdır. 1973-cü ildən evin inşası başlanmış və 1998-ci ilədək qardaşımla birgə mülkiyyətdə olduğu halda, həmin torpaq sahəsi qardaşına pay torpağı kimi ayrılmışdır. Onun sahibliyi və istifadəsində olan evin bir hissəsi ümumilikdə təxminən 110 kv.m.sahə təşkil edir. Aqrar İslahat Komissiyasının qərarına qədər bu ev onların hər ikisinin faktiki mülkiyyətlərində olub. Odur ki, qardaşı X3 adına, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-inci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışın sonradan vərəsəlik qaydasında iddiaçı Cavabdeh2 adına, xx.xx.2016 tarixində, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarış qismən etibarsız hesab edilməli olması, ona aid hissəyə dair çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi barədə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırki iddia tələbi, faktiki mülkiyyət hüququnun tanınması barədədir. Torpaq sahəsi qardaşı A.Səfərova ailə üzvlərinin sayına görə pay torpağı kimi Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış, Cavabdeh2 isə onu vərəsəlik qaydasında qəbul etmişdir, evin heç bir hüquqmüəyyənedici sənədləri olmadan ona dair çıxarış verilmişdir. Odur ki, evin ona məxsus hissəsi onun mülkiyyəti hesab olunur. Çox qəribədir ki, Azərbaycan Respublikasının Dövlət Arxivinin Ağsu rayon filialından, Şəki İnzibati Məhkəməsinə 20 sentyabr 2022-ci ildə daxil olmuş məktubda (nədənsə kitabdan çıxarış verilməmişdir!?), 1995-2001-ci illərə aid təsərrüfatbaşına kitabın arxivdə olması, bu iş üzrə Cavabdeh2 ona qarşı Ağsu rayon məhkəməsinə iddia ərizəsi məhkəmədə araşdırılarkən məhkəməyə təqdim edilməmişdir (gizlədilmişdir)!? Aradan bir neçə ay keçdikdən sonra Şəki İnzibati Məhkəməsində peyda olması çox müəmmalı və şübhəlidir. İkincisi, o zamanadək hələ SSRİ-nin mövcud olduğu vaxtlar mülkiyyətin təkcə dövlət forması vardı və bütün ölkə boyu şəhər, qəsəbə və kənd sovetlərinin mövcud olan inzibati ərazilərində təsərrüfatbaşına kitablar tutulur, hər kəndli təsərrüfatı və ailələr ev təsərrüfatları ilə həmin kitablarda qeydiyyatdan keçirilərdi. Necə olur ki, onların valideynlərinə məxsus təsərrüfatbaşına kitab arxivdən yoxa çıxır, hələ o zaman gənc olan qardaşı və ailəsinin adına bu kitabda qeyd mövcud olur!? O cümlədən də, 1988-ci ildə tərtib edilmiş evin texniki pasportunda onların valideynləri, özü və digər bacı-qardaşları qeyd edilməyiblər!? Üçüncüsü, 1988-ci ildə tərtib edilmiş(!?) texniki pasportda fərdi həyət evinin 1975-ci ildə inşa edilməsinin göstərilməsi doğrudur, qardaşı və iş üzrə cavabdeh ailəsinin adlarının orada göstərilməsi, sənədlər üzərində saxtakarlıq edilməsindən xəbər verir. Ona görə də həmin kitab məhkəməyə gətirilməli və yerində araşdırılmalıdır. Dördüncüsü, 1988-ci il tarixli texniki pasportun mövcudluğu, xx.xx.2022-ci il tarixli arxiv məktubunda evin 1975-ci ildə inşa edilməsi, özlüyündə ondan xəbər verir ki, bu mübahisəli ev həmin dövrdə inşa edilmişdir və ev tikilərkən qardaşlar olaraq hələ evlənməmişlər, valideynləri ilə birlikdə yaşamışlar. Təsərrüfatbaşına kitab da ataları Ağakişinin adına olmalı idi. Hətta olmasa belə, sovet zamanı SSRİ Mülki Məcəlləsində daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi qanunla tənzimlənirdi. Həmin redaksiyadaki tələbə əsasən, hər iki qardaş olaraq, həm 1988-ci il tarixində verilmiş o şübhəli texpasportun verilməsinədək və o cümlədən də 1995-2001-ci il təsərrüfatbaşına kitabın tərtib olunduğu 1995-ci ilədək aradan keçən 18 və 25 ilədək vaxt olmuşdur. Bu dövrədək müddətlərdə bunların da adları heç yanda keçmir. Beşincisi, ailə qurduqdan indiyədək aradan keçən 54 il müddətində və evin inşa edildiyi 49 ildir ki, bu fərdi evin ona aid bir hissəsində indi də hər cür ev avadanlığı ilə yaşayır və oradan istifadə edir. Yəni, Mülki Məcəllənin həm əvvəlki redaksiyadakı tələbində, həm yeni redaksiyasında və həm də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanın nəzərdə tutulan əsaslarla bu evin bir hissəsinin faktiki mülkiyyətçisi olaraq, ona dair mülkiyyət hüququnu 1995 və ya 1988-ci ilədək əldə etmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 4.1 maddəsinin mənasına görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qanuna əsasən iddia tələbinə uyğun Ağsu rayon məhkəməsinin icraatında mülki iş materialları mövcuddur və həmin iş materiallarında kifayət qədər sübutlar mövcuddur: məhkəməyə sənədlər təqdim etmiş, şahidlər dəvət etmiş, qanun pozuntusu barədə konkret sübutlar təqdim etmişdir. O cümlədən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan əsaslar da, onun mülkiyyət hüququ əldə etməyinə əsas verir. Son olaraq bildirir ki, bu evə mülkiyyət hüququnu həm evin inşa tarixi, həm 1988 tarixində verilmiş Texniki pasportu, həm uşaqlarının orada anadan olması və onun nikah barədə şəhadətnaməsi, o cümlədən də evin faktiki sahibliyində olması təsdiq edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərdi ki, 1973-cü ildə torpaq sahəsini atası X4 qardaşı və onun üçün ev tikmək məqsədilə götürmüşdür. Atasının 10 nəfər uşağı var. Həmin ev atası, ailə uşaqları qardaş və bacılar ilə birlikdə tikilmişdir. Atası evi tikməyə başlayanda torpağın ortasında fündament qurdu. İki qardaş olduğu üçün evə iki tərəfdəndə qapı, yəni pilləkən qoydu. Fundament atılanda həyətə girmək üçün iki tərəfdən darvaza qoydu. Ev 16 metrin 10.5 metrə nisbətində tikildi və qutardı. Ondan sonra atası evin bölgüsü üçün püşk atdırdı. Yoldan sol tərəf qardaşı Ağaşirinə düşdü. Sağ tərəf isə ona düşdü. Qardaşı özünə düşən hissəni təmir etdi və ora yerləşdi. O isə evi təmir etməyə başladı. 1979-cu ildə kənd soveti X14 vəsiyyətnamə yazdırdı və möhür vurdurdu. Sənədin birini atasına verdi. 1979-cu ildə ailə qurdu. Atam evi heç kimin adına yazdırmayıb. Ancaq bilindi ki, hansı hissə kimindir. Darvazadan içəri girəndə orda 60 m torpaq var o da hamam tualet tikmək üçünüdür. 1979-cu ildə evlənəndən sonra 5 uşağı olmuşdur. Biri rəhmətə getdi. 4 nəfər uşaqları yaşayır. Cavabdehin uşaqları ev istəyən kimi, onun da uaşaqları ev istəyir. Qardaşı ilə araları yaxşı olub. Onun iki qızı var. Qardaşı ona qızının birini onun oğluna verəcəyini deyirdi. Qardaşı 2001-ci ildə rəhmətə getdi. Onun qızı Bakıda idi yoldaşı ilə. Sonra qız köçüb kəndə qayıtdı. Onun əri Şamaxı rayonunun Zarxı kəndindən idi. O da arvadı ilə birlikdə kəndə qayıtdı. X19 2005-ci ildə rəhmətə getdi. Əvvəllər, yəni 1988-89-cu illərdə kənddə üzüm bağında işləyib. Sonra iş tapıb işləməyə Bakı şəhərinə getmişdir. Kənddə iş yoxdur. 6 nəfərlik ailəsini dolandırmaq üçün Bakıda “Azərsu”da işə düzəldi. Uşaqlar tətilə buraxılan kimi kənd evlərinə köçüb getmiş, dərslər başlayanda qayıdıb şəhərə gəlmişlər. Evə görə iddia qaldıran Sevilin yoldaşı Rəşidov Vaqifdir. O evə gəlib girəndən sonra bu ev iddiası başlayıb. Gizli şəkildə evin sənədlərini qeydiyyata aldırıb qutarandan sonra evdən çıxma barədə məhkəməyə müraciət ediblər. Ev heç kimin adında olmayan evdi. Necə ola bilər ki, ev onun ailəsinin adına saxta sənədlə yaza bilərlər? Kənd icra nümayəndəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin saxta sənədlər sayəsində halal evini əlindən almaq istəyirlər. X9 adına 0,10 sot torpaq yox 0,13 sot torpaq sahəsidir. Bakıdan ölçməyə gəlib ölçəndə 0,13 sot torpaq sahəsi oldu. 0,3 sot artıq gəldi ki, ev 0,3 sotda tikilibdir. İddiası əsaslıdır, ona görə də təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədi və göstərdi ki, Ağsu rayonu, Kalva kəndində yerləşən 78,5 kvadrat metr yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən onların xüsusi mülkiyyətindədir. Həmin yaşayış evi 2 otaqdan ibarətdir və bir otağına qohumları X8 əşyalarını yığmışdır. Əmisinin Bakı şəhərində evi vardır və orada yaşayır. Məhkəmə qətnməsinə əsasən iddiaçı onların mükiyyətində olan evdən çıxarılmalıdır. Lakin əmisi onlardan əl çəkməsi üçün 90000 manat pul istəyir. Lakin mübahisə yarandıqdan sonra qəbul edilən qətnamələr onların xeyrinə çıxarılmışdır. Ev bərabər hissələrlə ailə üzvlərinin adına qeyd edilmişdir. Rəsmi sənəd verilmişdir. Odur ki, iddiaçının tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədi və göstərdi ki, mübahisəli ev ərinin atası tərəfindən 1971-1972-ci illərdə inşa edilmişdir. Evin tikintisinə əri Ağaşirin, qaynı olan cavabdeh Ehdibar və onların digər qardaş-bacıları da köməklik etmişlər. Əri 2001-ci ildə vəfat etmişdir. Evin iki, ayrı-ayrı çıxış qapıları vardır. Aparılmış islahat zamanı əri və ailəsinə, yəni onlara 10 sot, cavabdehə isə ondan artıq olaraq başqa ərazidə 12 sot torpaq sahəsi verilmişdir. Evdən hər iki qardaşın istifadəsi üçün inşa edilmiş və əvvəllər hər iki qardaş istifadə etmişlər. Əri övladlardan böyük olduğu üçün ilk öncə o, evləndiyindən həmin evə onlar köçmüşlər və o, mübahisə predmeti olan evə gəlin gəlmişdir. Sonradan Ehdibar ailə quraraq digər otaqda ailəsi ilə birlikdə yaşamışdır. İki ya üçüncü uşaq doğulduqdan sonra cavabdeh ailəsi ilə birgə təxminən 1989-cu Bakı şəhərinə köçərək daimi əsaslarla orada yaşamağa başlamışdır. Hazırda cavabdeh ailəsi ilə birgə Bakı şəhərində yaşayır və qeydiyyat ünvanıda Bakı şəhəridir. Qeyd etdiyi kimi ailə böyük olduğu üçün onlara tikilən evin bir otağı yaşamaq üçün iddiaçıya verilmişdir. Ev yoldaşı Ağaşirinin olub. İddiaçının onların mülkiyyətində olan evdən çıxarılması barədə iddiaları təmin edilmişdir. Lakin iddiaçı onlardan əl çəkmir. Müxtəlif instansiyalara müraciət edir. Hər halda tələblər onların xeyrinə həll olunur. Ev onun və qızlarının adına bərabər ölçüdə paylarla rəsmi qaydada qeydə alınmışdır. İddası əsassızdır və rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehin və maraqlı şəxslərin nümayəndələrinin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Torpağın mülkiyyətə verilməsinə dair JN-072F, kod-40911018 olan şəhadətnamənin surətindən görünür ki, X5 və ailə üzvləri Cavabdeh2, X7 və X1 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********76-10301 olan Ağsu rayonu, Kalva kəndində yerləşən ümumi sahəsi 78,5 kv.m olan daşınmaz əmlak və 0,10 ha torpaq sahəsi X3, torpaq sahəsi isə Cavabdeh2, Cavabdeh3 və X2 adlarına qeydiyyat nömrəsi ********** olan ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********76-10301 olan Ağsu rayonu, Kalva kəndində yerləşən ümumi sahəsi 78,5 kv.m olan daşınmaz əmlak və 0,10 ha torpaq sahəsi Cavabdeh2, Cavabdeh3 və X2 adlarına qeydiyyat nömrəsi ********** olan bərabər hissəli ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Ağsu Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(016)-09/2022 saylı qətnaməsinindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən iddiaçılar Cavabdeh2, X7 və X1 xüsusi mülkiyyətində olan və Ağsu rayonu, Kalva kəndində yerləşən yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-880/2023 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı “sonradan vərəsəlik qaydasında xx.xx.2016 tarixində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın qismən etibarsız hesab edilməsinə və bu tələbə uyğun olaraq Ağsu rayonunun Kalva kəndində 0,10 ha torpaq sahəsi üzərində 1970-ci ilin əvvəlində, torpaq sahəsinin yola bitişik hissəsindən ibarət kürsülü evin, küçə istiqamətindən sağ yarısı və 60 kv.m yaxın həyətyanı torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qətnamənin təsviri hissəsində qeyd edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-509F, nömrəli şəhadətnaməyə əsasən Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli qərarı ilə cavabdeh X6 Ağsu rayon Kalva kəndində 0,12 ha torpaq sahəsi verilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(107)-188/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-2-1(116)-880/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iddiaçı qeyd edilən fərdi yaşayış evinin ona aid hissəsinə mülkiyyət hüququ əldə etməsini təsdiq edən hər hansı bir sənəd əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı əvvəllər mübahisəli evdə yaşasa da, 1989-cu ildən sonra daimi əsaslarla köçərək həmin evi tərk etmişdir. Hazırda o, ailəsi ilə birgə Bakı şəhərində yaşayır. Bundan başqa torpağın mülkiyyətə verilməsinə dair JN-509F, kod-40911018 olan şəhadətnaməyə əsasən cavabdeh X6 Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli qərarı ilə Ağsu rayon Kalva kəndində 0,12 ha torpaq sahəsi verilmişdir. Eyni zamanda torpağın mülkiyyətə verilməsinə dair JN-072F, kod-40911018 olan şəhadətnaməyə əsasən Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsi ilə birgə X5 və ailə üzvləri Cavabdeh2, X7 və X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışı ilə Ağsu rayonu, Kalva kəndində yerləşən ümumi sahəsi 78,5 kv.m olan fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi Cavabdeh2, Cavabdeh3 və X2 adlarına bərabər hissəli ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı iddia tələbində qeyd etmişdir ki, cavabdeh ailəsi ilə birgə 1989-cu ildə daimi əsaslarla yaşamaq üçün Bakı şəhərinə getmiş və hal-hazırda orada yaşayır. Ağsu Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(016)-09/2022 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən iddiaçılar Cavabdeh2, X7 və X1 xüsusi mülkiyyətində olan və Ağsu rayonu, Kalva kəndində yerləşən yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir. İddiaçı Ağsu rayonunun Kalva kəndindəki, mərhum valideynlərinin istifadəsində olmuş 0,10 ha torpaq sahəsinin yarısının, inşa edilmiş və 49 ildir faktiki sahibliyində və istifadəsində olan fərdi həyət evinin ona aid olan hissəsinə, ümumilikdə təxminən 110 kv.metr sahəsinə dair mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarmasını xahiş etsədə buna dair, yəni həmin daşınmaz əmlakın onun mülkiyyətində olması barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh isə bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz həmin tərəfin vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, iddiaçı tərəf Ağsu rayonunun Kalva kəndindəki, mərhum valideynlərinin istifadəsində olmuş 0,10 ha torpaq sahəsinin yarısının, inşa edilmiş və 49 ildir faktiki sahibliyində və istifadəsində olan fərdi həyət evinin ona aid olmasını bildirsədə buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, öz iddiasını ona uyğun əsaslandıra bilməmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı maraqlı şəxslər Ağsu rayon İcra Hakimiyyətinin Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Arxivinin Ağsu rayon filialının cəlb edilməklə "mülkiyyət hüququ ilə əlaqədar mübahisələr" tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı maraqlı şəxslər Ağsu rayon İcra Hakimiyyətinin Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Arxivinin Ağsu rayon filialının cəlb edilməklə "mülkiyyət hüququ ilə əlaqədar mübahisələr" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-1024/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1024/2024
28.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver