Məhkəmə qərarları › İş №2(016)-106/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-106/2025

26.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-106/2025 26.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 1.900 manat məbləğində pulun və ödədiyi 39 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin yanvar ayında cavabdeh Cəlilabad rayonunda qaynaqçı işləyirdi. Başqa rayondan gəldiyi üçün köməklik etmiş və aralarında səmimiyyət yaranmışdır. Öz rayonuna qayıtdıqdan sonra ona zəng edib bildirmişdir ki, ucuz qiymətə dəmir boru var. İstəyirsənsə, sənə göndərim. O da razılaşmışdır. Ona şəkillərini göndərib bildirmişdir ki, turbaları yükləyiblər qazelə, turbaların sahibi pulunu istəyir, o da 1.500 manat pul göndərmiş, sonra demişdir ki, sürücü pulunu istəyir, o da 200 manat göndərmişdir. Axşam harada olduqları barədə zəng edib soruşanda, ona demişdir ki, maşın xarab olub, pul göndər, düzəltdirib gələk. O da göndərmişdir. Cavabdehdən pulunu istəyəndə bəhanələr edib verməmiş, sonradan əlaqələri kəsilmiş, o da 102 xidmətinə şikayət etmişdir. Cavabdehi Cəlilabad rayon polis bölməsinə dəvət etmişlər. Orada ondan 3 gün vaxt istəmiş, o da razılaşmışdır. Daha sonra, yenidən əlaqə yarada bilməmiş və məcbur qalıb məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cəlilabad rayon Polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərardan görünür ki, Cavabdeh etiraf etmişdir ki, 2024-cü ilin əvvəllərində Cəlilabad rayonunda qaz xəttinin çəkilməsi ilə bağlı olan işdə işləmiş, Cəlilabad rayonunda olan İddiaçıla tanış olmuş, həmin zaman Farizin evində təmir işləri görmüş, söhbət zamanı Fariz ona 400 metrə boru lazım olmasını bildirəndə o da bunu təşkil edə biləcəyini demiş, həmin zaman Bakı şəhərində olan dəmir boruları ucuz satan bir şəxslə danışıb 400 metr boruların alınacağı ilə razılaşıb Farizə 5.000 manata satılacağını demiş, Fariz də ona ümumilikdə 1.900 manat pul göndərmiş, Farizin dəmirin pulunu tam atdıqdan sonra pulu satan şəxsə verəcəyini fikirləşmiş və həmin zaman ona pul lazım olduğu üçün o Farizin göndərdiyi 1.900 manat pulu xərcləmiş, lakin sonradan xərclədiyi pulun əvəzinə pul tapıb yerinə qoya bilmədiyi üçün Farizə dəmir boruları göndərə bilməmiş, Farizdən aldığı 1.900 manat pulu isə yaxın müddət ərzində verəcəyinə söz vermişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh X1 dəmir borularını ucuz satan bir şəxslə danışıb İddiaçı 400 metr boru göndərəcəyini bildirmiş və bu səbəbdən, ondan 1.900 manat məbləğində pul almışdır. X2 nə dəmir boruları göndərmiş, nə də pulunu qaytarmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 1.900 manat məbləğində pul göndərməsinin nə qanuni, nə də müqavilə əsası olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin kartına pul öndərməsinin nə qanuni, nə də müqavilə əsası olmadığından, iddiaçı verdiyi pul vəsaitini cavabdehdən geri tələb etməyə haqlıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-in 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək 1.900 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 39 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.900 manat məbləğində pul vəsaiti və ödənilmiş 39 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar