Məhkəmə qərarları › İş №2(016)-1064/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1064/2025

27.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1064/2025 27.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 8.400 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin dekabr ayının 15-i tarixində Ağsu rayon, Çaparlı kənd sakini Cavabdeh hansısa probleminin olduğunu bildirərək ondan 3 gün müddətinə qaytarmaq şərti ilə 8.400 manat məbləğində pul almışdır. Cavabdeh halhazıra kimi ona məxsus olan 8.400 manat pulunu könüllü surətdə qaytarmaqdan imtina edir. Telefon zənglərinə cavab vermir və onunla görüşməkdən boyun qaçırır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 400.000 rubl məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 2023-cü ildə cavabdeh ona zəng edərək bildirmişdir ki, pul lazımdır. Qardaşını həbs edirlər, hansısa bir şəxsin 17.000 manat pulunu aldadaraq alıb. Hüsaməddin ona bildirmişdir ki, pulunu ondan alacaq. O, pulu vermiş, cavabdehdən pulunu istədikdə onu təhqir etmişdir, səs yazısı da var. O cavabdehə bildirmişdir ki, işləmir, 63 yaşı var, 3-4 yaşında oğlu var, maddi vəziyyəti yaxşı deyil. Verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, pulu 22 saylı Nəsimi rayonu Polis bölməsinin qarşısında Hüsaməddinə vermişdir. 400.000 rubl pul idi. Pulu qardaşları İmaməddin və Səxavəddinin yanında vermişdir. O, pulu verəndə qardaşı İmaməddin orada olub. Pulu verəndə 2023-cü il idi. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hadisə Nəsimi rayon Polis bölməsinin qarşısında olub. Bir gün əvvəlcədən qardaşı İmaməddin ona zəng edərək digər qardaşı Səxavəddinin borcu olması ilə bağlı onu həbs edəcəklərini bildirmişdir. Qardaşının 14.000-15.000 manat borcu olub. Bu borcla əlaqədar qardaşı Səxavəddini həbs ediblər. O, qardaşlarına bu barədə məlumat vermiş, bir gün sonra Polis bölməsinin qarşısına iddiaçı və qardaşı İmaməddin gəliblər və qardaşının borcu olduğu şəxsə 12.000 manat pul veriblər. 400.000 rubl pulu iddiaçı verib, geri qalanını isə İmaməddin verib. O, iddiaçını qardaş kimi dəvət etmişdir ki, ona bu barədə köməklik etsin. Pulu da Saxavəddinə vermişdir. Pul rubl olduğu üçün milli valyutaya çevirmişlər. İddiaçı pulu şəxsən qardaşı Səxavəddinə vermişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Nəsimi rayon Polis idarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, HK-1/677 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığı və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığı nəzərə alınaraq İddiaçı mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etməsi hüququnun olması izah olunmuşdur. Həmin qərardan görünür ki, X1 izahatında bildirmişdir ki, qardaşı Səxavəddinin 2023-cü ilin dekabr ayının 15-də tanımadığı şəxsə borcu olmuşdur. 2023-cü ilin dekabr ayında vaxtı Səxavəddini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ünvanında görməyə gəlmiş və həmin vaxtı böyük qardaşı İlqar Hüsaməddinə onun yanında 400.000 rubl pul Səxavəddinin borcunu verməsi üçün vermişdir. Hüsaməddin İlqardan aldığı 400.000 rubl pulu qaytarmağı öz öhdəçiliyinə götürmüşdür. İlqar pulu verdikdən sonra o, Hüsaməddinlə birgə gedib bankda pulu Azərbaycan manatına çevirmişdirlər, lakin o, həmin pulun neçə manat olmasını xatırlamadığını bildirmişdir. Saməddinə pul verilən zaman orada o, İlqar, Səxavəddin və Hüsaməddin olmuşdur. Daha sonra isə həmin pulu bilmədiyi səbəblərə görə Hüsaməddin İlqara qaytara bilməmişdir. Verilmiş suallara cavab olaraq İmamməddin Rüsətmov qardaşı İlqar tərəfindən 400.000 rubl pulun Hüsaməddinə verilməsi zamanı orada Mətləb adlı şəxsin olmadığını, həmin pulu Hüsaməddin İlqara qaytarmağı öz öhdəçiliyinə götürdüyünü bildirmişdir. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi məqsədilə pretenziya göndərmişdir. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, Nəsimi rayon Polis idarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X1 izahatında böyük qardaşı İlqarın Hüsaməddinə onun yanında 400.000 rubl pulu verməsini və Hüsaməddinin İlqardan aldığı 400.000 rubl pulu qaytarmağı öz öhdəsinə götürdüyünü bildirmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıdan 400.000 rubl məbləğində vəsait alması iş materialları ilə təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, Cavabdeh İddiaçı 400.000 rubl məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı verdiyi pul vəsaitini Cavabdeh geri tələb etməyə haqlıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-in 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına əsasən və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 400.000 rubl pul alaraq əsassız varlanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ödəniş gününə olan məzənnə ilə 400.000 rubl məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 verilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ödəniş gününə olan məzənnə ilə 400.000 rubl məbləğində pul vəsaiti iddiaçı X3 xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar