Məhkəmə qərarları › İş №2(016)-1066/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1066/2025

23.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1066/2025 23.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ondan borc müqaviləsi əsasında aldığı 12.000 manat məbləğində borc və 126 manat dövlət rüsumunun alınaraq ona qaytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddət tanıdığı iş yoldaşı Cavabdeh ilə sıx yoldaşlıqları vardır. Hər dəfəsində ondan müəyyən qədər pul borc alaraq ondan qazanc əldə etmiş, kreditini bağlamış və vaxtı-vaxtında onun borcunu qayatarmışdır. Misal olaraq belə hal 2.400 manat götürüb qaytarmış, daha sonra 1.000 manat götürmüş və bu pulları hissə-hissə qaytarmışdır. Bununla da aralarında etimad yaranmışdır. 2024-cü ilin dekabr ayında ondan kreditinin bağlanması üçün 5.000 manat borc almış və yeni kredit götürərək qaytarmasını vəd etmiş, yoldaşına zamin durduğu üçün yeni kredit götürə bilməmişdir. 2025-ci ilin yanvarın 22-si tarixində yoldaşının 7.000 manat kreditini bağlamasını və əlava olaraq 1.000 manat borc verilməsini xahiş etmişdir. Xahişini onunla əsaslandırmışdır ki, bundan sonra daha böyük məbləğdə kredit götürəcək və ona aid olan köhnə və yeni borcunu bağlayacaqdır. Ərizəyə əlavə etdiyi ödəniş qəbzi, CD diskdə səs yazısı yuxarıda dediklərini təsdiq edir. 2025-ci ilin yanvarın 27-də ümumilikdə 13.000 manat borcdan 1.000 manat qaytarmış və qalanını da yaxın zamanda qayaracağını vəd etmişdir. Bununla bağlı polisə müraciət etmiş və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdehin təqdim etdiyi pul köçürmələrinin olduğu qəbzlərdə adı keçən Sara adlı şəxs onun arvadıdır. O, cavabdehə 5.000 manatı 2024-cü ilin dekabrında vermişdir. Cavabdehin 8.000 manat krediti olub, 7.000 manatını bağlamışlar, 1.000 manatını özünə vermiş, sonra 1.000 manatı ona geri qaytarmışdır. Cavabdehin ona geri qaytardığı pullar özü üçün aldığı pullar idi. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının onun barəsində göstərdikləri cəfəngiyyatdır, yalandır. İddiaçı və onun qardaşı Orxanı Ağsu şəhərində çoxları borc yox, faizlə pul verən şəxslər kimi tanıyırlar. Zəka polisin mühafizə xidmətində işləməklə əvvəllər "xxxx" ASC-nin Ağsu filialında mühafizəçi, daha sonrakı illərdə Ağsu Rayon Məhkəməsində polis postunda mühafizəçi işləmişdir. Onun barəsində rayon polis şöbəsinə pul tələbi ilə əlaqədar şikayət ərizəsi verdiyindən və polis işçiləri Zəkanı yüksək faizlə pul verib adamlarla problemlər yaratmağı kimi tanımaları məlumatlarına əsasən təxminən 2 aydır ki, polis sıralarından qovulmuşdur. Zəka və Orxan qardaşları ən yüksək olan 10 faizlə adamlara pul verir. Məsələn 10.000 manat pul verirlərsə həmin məbləğ pul bütöv qaytarılanadək, hər ay 10 faiz - yəni 1.000 qaytarılmalıdır. Bir ay 1 faiz olan 1.000 manat verilməyəndə məbləğ baza kimi verilmiş 10.000 manatın üstünə gətirilməklə tələb edilir. Vətəndaşlar da belə faizi verə bilmədiklərindən mübahisələrdə hətta Zəka bıçaqlanıb. Ağsu Rayon Məhkəməsində xəsarət alması ilə əlaqədar iş olmuşdur. O doğrudur ki, hər ikisi polis əməkdaşı olmuşlar, münasibətləri normal olduğundan ona borc pulu hər ay 10 faiz ödəniş və sonra əsas borcu bütöv qaytarma şərti ilə deyil, bank krediti kimi hər ay hissə-hissə ödəniş edilməklə bütöv borcun qurtarması və cəmi 10 faiz qaytarmağa razılaşmışlar. Yəni 10.000 verilirsə hissəhissə cəmi 11.000 manat qaytarma ilə danışıb şərtləşmə olmuşdur. İddiaçının ona 2.400 və 1.000 manat verib qaytarmağı və 2024-cü ilin dekabr ayında 5.000 manat borc verməsini o, düzgün göstərməyib. Əvvəla 5.000 manatı 20024-cü ildə deyil, 2023-cü ildə vermişdir. 2.400 və 1.000 manat deyil, 2.000 və 3.000 manat həcmində 5.000 manat vermişdir. O, həmin 5.000 manatı artıqlaması ilə aşağıdakı qaydada qaytarıb vermişdir. 2 ay ərzində hər həftəlik 500 manat əlbəəl ödəmiş, 2 aydan sonra har ay 618-620 ödəməklə, arada başqa rəqəmlərlə də ödəniş etməklə 2024-cü ilin axırlarında qurtarmaqla 1.000 manatdan artıq ödəniş etmişdir. Ödənişlərin demək olar ki, yarısını əlbəəl, yarısını onun ona göndərdiyi öz adı çıxan karta etmişdir. İddiaçının ona verdiyi 7.000 manat barəsində bunu da iddiaçı düzgün göstərməyib. Belə ki, 2024-cü ilin sonunda o, öz həyat yoldaşının kreditini bağlayıb özü əlavə kredit götürmək istəyirmiş. Bununla əlaqədar Zəkayla danışıb razılaşmışlar ki, o, bir aylıq şərti ilə 7.000 manat məbləğində onun həyat yoldaşının kreditini ödəyir və o, bir ay müddətində 7.000 manatı və əlavə 1.000 manat ona pul qaytarır. Yəni başqalarına tətbiq etdiyi aylıq 10 faiz ödəməklə, sonda əsas borcu bütöv qaytarmaq şərti ilə razılaşmışdır. Odur ki, 2025-ci ilin yanvar ayında Zəka ilə "xxxx" ASCnin Ağsu filialnın qarşısındakı “milliön” aparatına yaxınlaşmılar. Zəka həmin aparat vasitəsi ilə onun həyat yoldaşının "xxxx" QSC-dəki hesabında olan kreditinə 7.000 manat pul ödənişi etmişdir. 1.000 manat əlavə pul verməyini isə yalan deyir. O, 7.000 üstündə 1.000 manat pul verməli imiş. O, 7.000 manat ödəniş edəndə o, həyat yoldaşının kreditində zamin olduğu üçün kredit bağlanmış və zaminlikdən azad olmuşdur. Bu ödənişdən 3 gün sonra "xxxx" ASC-nin Kürdəmir filialına gedib oradan 9.000 manat öz adına kredit götürmüşdür. Həmin bankda onun əvvəldən 10.000 manat borcu olduğundan orada 19.000 manat kredit borcu yaranmışdır. O, 9.000 manat kreditlə pul götürüb Kürdəmir şəhərindən Ağsu şəhərinə qayıdıb gələndə yolda Zəkaya zəng edib demişdir ki, bankdan pul götürmüşdür, rayona gəlir. 7.000 manat pulunu qaytaracaq. Zəka 7.000 manat eşidib çığır-bağır salmışdır ki, 8.000 manat qaytarmalısan. O, Zəkaya demişdir ki, bir ay tamam olmayıb ki, 3 gün ərzində qaytarır, onu başa düşsün, 19.000 manat banka kredit borcu yaranmışdır, əvvəl də artıqlaması ilə ödəmişdir. O isə dedi ki, elə şey yoxdur, 8.000 manat qaytarmalıdır. O, iddiaçının hədələrindən qorxub razılaşmış və gəlib onunla Ağsu şəhərindəki Polis şöbəsinin aşağısındakı aralıq küçədə öz qara rəngli “BMV-X-5” markalı avtomobilində gözlədiyi maşınına minib 8.000 manat pulu sayıb ona vermiş və pulu ona verəndən sonra tələb etmişdir ki, 7.000 manat ödəniş etdiyi pulun qəbzini ona qaytarsın. O isə qəbzi verməkdən imtina edib demişdir ki, hələ ona əvvəl verdiyi 5.000 manat da bütov qaytarmalıdır. 5.000 aid verdikləri o pulun faizi olub. Odur ki, mübahisələri olmuş və dalaşmadan ayrılmışlar. Sonradan ondan dəfələrlə telefon zəngi edib 5.000 manat “əsas” pulu tələb etmiş və hər dəfə bundan sonra mübahisələri olmuşdur. Daha sonra polis şöbəsinə bununla əlaqədar şikayət etmişdir. Polis şöbəsində hamı Zəkanı və qardaşını faizlə pul verən kimi tanıdığından və dəfələrlə rəsmi və qeyri rəsmi şikayətlər olduğundan, polis şöbəsinin rəhbərliyi Zəkanın bu əməllərini onun rəhbərliyinə məlumat verdiyindən, o, mühafizə polisindən qovulmuşdur. Ən nəhayət Zəka ondan məhkəmədə həyasızcasına guya 5.000 və 7.000 manat borc verib ala bilməməsi tələbi ilə məhkəmədə yalan iddia qaldırmşdır. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında etiraz ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Verilən suallara cavab olaraq cavabdeh bildirmişdir ki, yoldaşının adına olan 7.000 manat kredit borcunu bağlayan günü iddiaçı ona əlavə olaraq 1.000 manat pulu borc verməyib. İddiaçıya 7.000 manat pulu və ona əlavə olaraq 1.000 manat pulu verən zaman tək olmuşdur. Çeklərdə göstərilən ödənişlərin hamısını 2023-cü ildən ödəməyə başlamışdır. İddiaçının 2.000 və 3.000 manat ona verdiyi pulları qaytarmışdır. Həftəlik, aylıq ödədiyi pullardır. İddiaçı ona 2023-cü ilin dekabr ayında 5.000 manat verib. İddiaçı yoldaşının adına olan 7.000 manat krediti ödəyib, çeki də özündə saxlayıb ki, borcunu qaytaranda verər. Onun təqdim etdiyi ödəniş çekləri iddiaçıdan aldığı 5.000 manata aiddir. İddiaçıdan aldığı 7.000 manat pulu 2025-ci ildə nağd şəkildə qaytarmış, əlavə olaraq 1.000 manat da ödəmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan qəbzlərdən görünür ki, "xxxx" ASC-yə məxsus Sara F******** adlı şəxsin istifadəsində olan bank kartına 500, 400, 160, 300, 400, 400, 270, 270, 1.700, 270 və 200 manat olmaqla, ümumilikdə 4.870 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən qaytarmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda 5.000, 7.000 və 1.000 manat olmaqla, ümumilikdə 13.000 manat məbləğində pul verdiyini, verilən puldan 1.000 manatın cavabdeh tərəfindən ona qaytarıdığını bildirsə də, cavabdeh ona iddiaçı tərəfindən 5.000 və 7.000 manat olmaqla, ümumilikdə 12.000 manat məbləğində pul verildiyini etiraf etmiş, 1.000 manat pulun ona verilmədiyini, həmin məbləğin verilmiş pulun faizi olduğunu və iddiaçıya ondan aldığı bütün pul vəsaitinin geri qaytarıldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı 1.000 manat pulun Cavabdeh verildiyini bildirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh da öz növbəsində iddiaçıya 7.000 manat pulun qaytarılmasını bildirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhəkəmə iclasında müəyyən edildi ki, İddiaçı pula ehtiyacı olduğu üçün Cavabdeh 12.000 manat pul vermiş, cavabdeh borcundan ümumilikdə 5.870 manat qaytarmış, qalan 6.130 manatı isə qaytarmamışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan pul almasının nə qanuni, nə də müqavilə əsası olmadığından, iddiaçı verdiyi pul vəsaitini cavabdehdən geri tələb etməyə haqlıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-in 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 6.130 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 126 manat dövlət rüsumunun 44,7 manatı iddiaçıya, 81,3 manatı cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6.130 manat məbləğində pul vəsaiti və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81,3 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 44,7 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar