Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1077/2025 08.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin əvəzinə ödədiyi 354.40 manat cərimə pulunun və məhkəmə rüsumu olaraq ödədiyi 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixində bağlanmış MAS-5974 saylı “X1” əsasında "xxxx" MMC-dən lizinqə götürdüyü “KHAZAR LX” markalı, **-AL-*** qeydiyyat nişanlı mașını xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında Cavabdeh vermişdir. Cavabdeh maşını idarə etdiyi müddət ərzində müxtəlif vaxtlarda yol hərəkəti qaydalarını pozaraq ümumilikdə 354,40 manat məbləğində cərimələnmişdir. Həmin cərimələri xx.xx.2024-cü il tarixində iddiaçı özü ödəmişdir. Halbuki, bütün bu cərimələr Cavabdeh mașını idarə etdiyi vaxtdan qalma cərimələr idi. Cərimə törətdiyi avtomobilin mülkiyyətçisi o, olduğundan cərimələr ona gəlmiş, o da həmin cərimələri ödəmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Azərmaş MMC” tərəfindən Cavabdeh verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, “Azərmaş MMC” ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli MAS-5974 saylı “X1” əsasında lizinqə verilmiş 1 ədəd Khazar LX markalı, **-AL-*** qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB416957 seriyalı, 2023 il buraxılışlı, ban № NV ABAİHHFPF030026, mühərrik № 147H0711223, Ağ rəngli) maşının yalnız Azərbaycan Respublikasının ərazisində idarə edilməsinə səlahiyyətlidir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh 102,40 manat, 103 manat, 113 manat, 18 manat və 18 manat olmaqla, ümumilikdə 354,40 manat məbləğində cərimə olunmuşdur. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə ona ümumilikdə 354,40 manat məbəğində cərimə tətbiq edilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin əsillərindən görünür ki, 354,40 manat məbəğində cərimə İddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 354,40 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-1077/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1077/2025
08.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver