Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1081/2024 01.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, oğluna sünnət toyu edib əlavə 150 manat verəcəyi vədi ilə ondan aldığı 1.500 manat məbləğində pulun, 350 manat vurulmuş maddi və mənəvi ziyanın, 30 manat məbləğində alınmış kosmetik vasitələrin pulunun, 41 manat dövlət rüsumunun, cəmi 2.071 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, həyətində salon işlədir və bununla yanaşı kosmetik vasitələrdə satır. Salona gəlin gedən çoxdur, yəni tanışlarıda çoxdur. Cavabdeh ilə aralarında olan tanışlıq daha öncədən olsa da, əlaqələri salondan başlamışdır. Cavabdeh bir-neçə dəfə ondan borc pul almış və qayatracağını iddia etdiyi vaxtda da qaytarmışdır. Daha sonra, bir gün Cavabdeh, İddiaçı bildirmişdir ki, övladına kiçik toy etmək istəyir, lakin imkanı yoxdur. Əgər onda varsa borc olaraq 1.500 manat məbləğində pul versin və toy bitən kimi üstündə artıq 150 manat məbləğində pul ödəyəcəkdir. İddiaçı da evdə övladının təhsili üçün ayırdığı ödənişi Yasəmənə vermişdir. Müxtəlif bəhanələr gətirərək hər dəfə borcu ödəməmişdir, həyat yoldaşına məxsus sex satılarsa ödəyəcəyini söyləsə belə sexi satmaqdan boyun qaçırır. Hal-hazırda Yasəmən borcunu ödəməkdən boyun qaçırır və dəfələrlə xəbardarlıq olunmasına baxmayaraq borc aldığı pulu geri qaytarmamış və indiyə qədər heç ödəniş etməmişdir. Bundan əlavə onun İddiaçıya 30 manat məbləğində kosmetik əşya borcuda vardır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, salona getmişdi. Mehparə xanıma deyib ki, bəlkə sələmə verən adam tanıyar. O, bilməmişdir ki, Mehparə sələmə pul verir. Bunu onun yanında deyəndən sonra o, cavabdehə 1.500 manat pul vermişdir. Cavabdeh 4 ay həmin puldan hər ay 150 manat olmaqla, cəmi 600 manat pul ödəmişdir. Pulu ödəməsi barədə qəbzi yoxdur. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşə əlavə edilmiş Ağsu rayon Polis şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan, ona aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə pula ehtiyacı olduğu üçün 1.500 manat məbləğində borc pul vermiş, cavabdeh iddiaçıdan aldığı pulu qaytaracağını bildirsə də, vədinə əməl etməmişdir. Belə ki, cavabdeh iclasda iddaçı İddiaçı 1.500 manat borc pul aldığını etiraf etmiş, həmin borcun 600 manatını qaytardığını bildirmiş, lakin pulun qaytarlması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “350 manat vurulmuş maddi və mənəvi ziyanın, 30 manat məbləğində alınmış kosmetik vasitələrin pulunun ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona maddi və mənəvi zərər dəyməsini və cavabdehə 30 manat məbləğində kosmetik vasitələr satmasını qeyd etsə də, həqiqətən 350 manat dəyərində zərər vurulmasını və kosmetik vasitələr satmasını işin hər hansı halı ilə sübut edə bilməmiş, iş materiallarına həmin halların təsdiq edilməsi barədə sübutlar əlavə etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 41 manat dövlət rüsumunun 9 manatı iddiaçıya, 32 manatı cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.500 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 32 məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 9 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-1081/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1081/2024
01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver