Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-112/2025 11.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 1.100 manat məbləğində verdiyi pulun və iddia ərizəsi üçün ödədiyi 31 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, sahibkarlıqla məşğul olur, Kürdəmir bazarında qızıl-zinət əşyaları satılan mağazası var. Cavabdehi Ağsu sakini kimi tanımış, əvvələr də onun mağazasında məişət əşyaları almışdır. 15 fevral 2024-cü ildə Cavabdeh ona məxsus olan mağazaya gələrək qızıl-zinət əşyaları almaq istədiyini söyləyib, yetərincə pulu olmadığından, daxili borc müqaviləsi bağlayaraq pulunu ödəməyini bildirmişdir. O, 15 fevral 2024-cü ildə Cavabdeh ilə 1.500 manatlıq cehiz əşyalarını götürmüş, cavabdeh onunla borc müqaviləsi bağlamışdır və ilkin ödəniş verməmişdir, qalıq borcunu Cavabdeh özünə məxsus axır rəqəmi (19-91) olan bank kartını ona verərək 100 manat olmaqla, 15 aylıq kart hesabından borcunun çıxılaraq ödənilməsinə razılaşaraq əlyazma yazmışdır. Cavabdeh məxsus bank kartından 23 fevral 2024-cü ildə 100 manat, 20 mart 2024-cü ildə 100 manat, 26 aprel 2024-cü 100 manat və 24 may 2024-cü ildə isə 100 manat olmaqla, cəmi 400 manat pul götürülərək kredit borcundan ödənilmiş və sonra Cavabdeh ona verdiyi bank kartını bloklamış borcunu ödəməkdən yayınmışdır. Cavabdeh 1.500 manat borcundan, ümumilikdə 400 manat pul ödəmiş və 1.100 manat borcu qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, o, öz xahişi ilə ***1991 nömrəli kartı qaldığı yer uzaq olduğu üçün qızıl mağazasına verir. Qızıl mağazasına 1.500 manat borcu var. Ödəyib qurtardıqdan sonra kartını götürəcək. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 31 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan 1.500 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almış, daha sonra borcundan 400 manat ödəniş etmiş, qalıq borcunu kart vasitəsilə ödəyəcəyini bildirirərək, bank kartını ona vermiş, daha sonra kartı blok etdirərək həmin borcu qaytarmamışdır. Hal-hazırda cavabdehin iddiaçıya 1.100 manat məbləğində borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda aldığı malın məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan mal almasına dair hüququndan istifadə etmiş, onun dəyərini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissəsdə də əsaslıdır və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütnasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.100 manat məbləğində pul vəsaiti və ödənilmiş 31 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-112/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-112/2025
11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver