Məhkəmə qərarları › İş №2(016)-113/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-113/2025

03.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-113/2025 03.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 1.156 manat borc və dövlət rüsumu kimi ödənilmiş 31,56 manat pulun alınaraq ona qaytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, sahibkarlıqla məşğul olur, Kürdəmir şəhərində “Modern Ticarət Mərkəzi” adlı Mebel Mağazası var. Cavabdeh Ağsu sakini kimi tanımış, əvvəllər də onun mağazasından məişət əşyaları almışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh ona məxsus olan mağazaya gələrək qızına evində (Kondisioner Shivaki-986. Termo-230) almaq isdədiyini söyləyib, yetərincə pulu olmadığından daxili kredit müqaviləsi bağlayaraq pulu ödəyəcəyini bildirmişdir. O, xx.xx.2022-ci ildə 1.216 manatlıq (Kondisioner Shivaki-986. Termo-230) götürərək xredit müqaviləsi bağlamış və ilkin ödəniş vermişdir. Cavabdehlə borcun aylıq 120 manat olmaqla ödənilməsinə razılaşmışlar. Cavabdeh 1.216 manat borcundan cəmi 60 manat pul ödəmiş və 1.156 manat borcu qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olumasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, iddiaçıdan kondisioner götürmüş, pensiya kartını vermişdir, ödənişlə bağlı çekləri yoxdur. Borcundan boyun qaçırmır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli kredit satış müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1.216 manata Kondisioner Shivaki-986 və Termo-230 satılmışdır. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 31,56 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan 1.216 manat dəyərində məişət əşyalarını 60 manat ilkin ödəniş etməklə almış, qalıq borcunu isə ödəməmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 1.156 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda aldığı malın məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan mal almasına dair hüququndan istifadə etmiş, onun dəyərini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın 31,56 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissəsdə əsaslıdır və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütnasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 1.156 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 31,56 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar