Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1144/2024 16.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 2.140 manat məbləğində pul və iddia ərizəsi üçün ödədiyi 41,40 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin sentyabr-oktyabr aylarında torpaq almaq məqsədi ilə X2 digər şəxslərin yanında 3.200 manat məbləğində pul vermişdir. X6 əvəzində torpağı ona verməmişdir. Verdiyi pulu ondan tələb etsəm də, o, iddiaçıya 1.060 manat pul qaytarıb. Hazırda isə cavabdeh ona 2.140 manat məbləğində pul verməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 2023-cü ildə aprel ayının 14-də Sərxan adlı şəxsdən faizə 1.000 manat pul almışdır və X3 vermişdir. Ətrafı zəngin olduğu üçün yardım göstərmişdir. Daha sonra, İlham pulu ödəmədiyindən Sərxan geri qalan məbləği ondan tələb etmişdir. Sərxan onu evini satmağa məcbur etmişdir ki, - pulumu ödə!. Sərxan ona evini sata bilmirsənsə, torpağın var müştəri tapım sat, mənim borcumu ödə - deyə təkliflər edirmiş. Daha sonra onlar razılaşmışlar. Sərxan Sayad xanımı gətirmiş, gedib onun torpağına baxmışlar. Xanım torpağı bəyənmiş və demişdir ki, 2 sot torpağı alır və Sərxana bükülü vəziyyətdə pul vermişdir. Atası isə torpağı satan mənim qızımdır, pul Sərxana niyə verilir ki? - deyə acıqlanmışdır. Xanım demişdir ki: - mən polisin əli ilə iş görürəm. Sayad xanım getdikdən sonra Sərxan pulun içində bir dənə dollar olduğunu, gedib dəyişib gətirəcəyini bildirmişdir. Sərxan gəldikdən sonra ona sadəcə 900 manat məbləğində pul vermişdir. Daha sonra torpağın sənədlərini rəsmiləşdirmək üçün o, Azər adlı şəxsin yanına getmiş və Sərxanın ona veridiyi 900 manat puldan 500 manat Azərə verərək torpağın sənədləşməsinin başlanmasını istəmişdir. Azər müəllim onun 500 manatını özünə qaytararaq, torpağın çıxarışının olmadığını və torpağın alqı-satqısının mümkün olmadığını demişdir. Daha sonra onlar xanımla əlaqə saxlamış və hər şeyin öz qaydasında olduğu qənaətinə gəlmişlər. Bir gün Sayad torpağı istəmədiyini, onun pulunu geri vermələrini, ya da torpağın sənədlərini təhvil verimələrini istəmişdir. Sayad xanım isə ona pul göndərməmişdir. Sərxan faizə pul verərkən o, Bir kartdan istifadə edirmiş və Sərxan iddia edir ki, Sayadın torpaq üçün atdığı yerdə qalan məbləği də o karta atmışdır. Lakin o, həmin kartı iyun-iyul ayından istifadə etmir. Daha sonra, o, Sərxana zəng edərək satılan torpağın onun olduğunu, bu torpağın pulundan ona verilmədiyini, torpağın pulunun ona verilməsini və ona olan faiz borcunu sonra özünün ödəyəcəyini söyləmişdir. Söhbət əsnasında Sərxana Sayada öz kartını atacağını, yerdə qalan məbləği onun kartına göndərməsini istəyəcəyini bildirmişdir. Sərxanda onunla dalaşmışdır. Sərxan ona ümumiyyətlə ilk gün 900 manat nəğd pul vermiş, sonra 150, 50 manat və 50 manat olmaqla cəmi, 1.150 manat məbləğində pul göndərmişdir. O da ona çatan məbləği Sayad xanımın kartına geri atmışdır. 1.150 manatın üstündən nə çatışmırsa 10-15 manat onu da tamamlamağa razıdır.. Verilən suallara cavab olaraq Cavabdeh1 bildirmişdir ki, Sayaddan o, pulunu istəyəndə, Sayad ona demişdir ki, pulu Sərxanın kartına atıb. Sərxan ona 1.150 manat məbləğində pul verib. 900 manatı torpağa baxmağa gəldikləri gün verib, daha sonra 150, 50 və 50 manat. İddiaçıya 1.060 manat pul verməyini qəbul edir. Cavabdeh2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Zümrüd xanım pul məsələsinə görə torpağını satmaq istəyirmiş. Ona da Sayad xanımın qardaşı torpaq lazım olduğunu bildirmişdir. O da Sayad xanımın qardaşı ilə danışmış və Zümrüd xanımın torpağını məsləhət görmüşdür. Zümrüd xanımla Sayad xanım özləri tanış olmuş və torpağa baxmış, razılaşmışlar. Sayad xanım torpağı bəyənmiş və alacağını demişdir. 3.300 manat məbləğində pul verərək torpağı almağa razılaşmışdır. Sayad xanım pulu saymış və təxminən 1.150 manat məbləğində pul vermişdir. O pulun içərisində dollarda olduğu üçün konkret məbləği deyə bilmir. Zümrüd xanım sənədləşmə işini başlatma q üçün əvvəlcədən pul tələb etmişdir. Daha sonra, Zümrüd xanım bələdiyyəyə getmiş və torpağın çıxarışı olmadığı üçün alqı-satqının mümkün olmayacağını öyrənmişdir. Zümrüd xanımla Sayad xanım bu məsələ haqqında danışıb razılığa gəlmişlər. Sənəd olmasa da, torpağın alqı-satqısını öz aralarında həll edəcəklərini qərarlaşdırmışlar. Bir müddət sonra Sayad xanım ona zəng edərək çıxarışsız torpaq istəmədiyini və pulunu geri istədiyini bildirmişdir. Zümrüd xanım Sayada qaytarmaq üçün pulunun olmadığını bildirmişdir. Sayad xanım torpağın pulundan təqribi 2.000, 2.500 manat məbləğində borclu qalmışdır. Həmin puldan 1.000 manat faiz pul götürdüyü adama vermişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verilən suallara cavab olaraq Cavabdeh1 bildirmişdir ki, o, Sərxana demişdir ki, 1.000 manat faizə götürdüyü pulu qaytarsın, Sərxan da həmin pulu qaytarmışdır. Cavabdehlər xx.xx.2024-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon Polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət hadisəsi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Cavabdeh1 2.000 manat pul verib ala bilməməsi barədə müraciəti mülki xarakterli olduğundan, məhkəməyə müraciət etməsi ona izah olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı torpaq sahəsi almaq üçün Cavabdeh1 ilə razılığa gəlmiş, bu məqsədlə tanışı Cavabdeh2 Cavabdeh1 verilməsi üçün müxtəlif vaxtlarda ümumilikdə 3.200 manat məbləğində pul vermişdir. Lakin Cavabdeh1 məxsus torpaq sahəsinin sənədləri qaydasında olmadığından, tərəflər arasında alqı-satqı müqaviləsinin həyata keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən, iddiaçı torpağın alınması üçün cavabdehlərə verdiyi 3.200 manat məbləğində pulu tələb etmiş, həmin puldan Cavabdeh1 tərəfindən ona 1.060 manat qaytarılmış, qalan 2.140 manat məbləğində pul isə ona verilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 məhkəmə iclasında iddiaçı tərəfindən ona 3.200 manat məbləğində pulun verilməsini qəbul edərək bildirir ki, o, həmin pulun 1.000 manatını Zümrüdün razılığı ilə onun üçün faizə pul götürdüyü şəxsə vermişdir. Pulun 1.150 manatını Cavabdeh1 nağd şəklində verdiyini, qalan hissəsini isə Zümrüdün ona göndərdiyi bank kartına atdığını qeyd etmişdir. Cavabdeh1 isə öz növbəsində Cavabdeh2 vasitəsilə İddiaçı 1.150 manat pul aldığını və onun razılığı ilə Sərxanın onun üçün faizə pul götürdüyü şəxsə 1.000 manat pul verdiyini də qəbul edir. Aldığı 1.150 manat pulun 1.060 manatını isə iddiaçıya qaytardığını bildirir. Göründüyü kimi, Cavabdeh2 Cavabdeh1 verilməsi üçün müxtəlif vaxtlarda İddiaçı ümumilikdə 3.200 manat məbləğində pul almış, həmin pulun 1.150 manatını Zümrüdə vermiş, 1.000 manatını Zümrüdün razılığı ilə onun borclu olduğu şəxsə vermişdir. Cavabdeh2 pulun qalan (2.140 manat (iddiaçının tələb etdiyi məbləğ) – 90 manat (Zümrüdün Sərxandan aldığı 1.150 manat pulun qaytarılmayan hissəsi) - 1.000 manat (Zümrüdün razılığı ilə onun borclu olduğu şəxsə verilən pul)) 1.050 manat hissəsini Zümrüdə göndərdiyini bildirsə də, o, bununla bağlı məhkəməyə hər-hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh1 1.090 manat məbləğində, Cavabdeh2 1.050 manat məbləğində pulu iddiaçıya borclu qalması işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh1 1.090 manat, Cavabdeh2 1.050 manat məbləğində pul tutularaq İddiaçı qaytarılmalıdır. Məhkəmə iddia tələbinin 41,40 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 1.090 (bir min doxsan) manat məbləğində pul, Cavabdeh2 1.050 (bir min əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,40 (qırx bir manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-1144/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1144/2024
16.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver