Məhkəmə qərarları › İş №2(016)-1150/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1150/2024

23.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1150/2024 23.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən aldığı heyvanın pulunu 600 manat, heyvanın müalicəsi üçün xərclədiyi 100 manat, dövlət rüsumu olaraq ödədiyi 30 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Heyvan Bazarından 15 iyun 2024-cü il tarixdə Ağsu rayon sakini Cavabdeh adında şəxsdən çəkisi 70 kq olan 600 manat dəyərində bir baş iribuynuzlu heyvan - dana almış, həmin tarixdə Malik adlı şəxsin idarə etdiyi Qazel markalı avtomaşınla həmin heyvanı qapısına gətirmişdir. Bu heyvanın xəstə olub-olmadığını satan şəxsdən soruşmuş və satıcı onu inandırmışdır ki, ona satdığı heyvan xəstə deyil. O satıcıya bidirmişdir ki, əgər bir problem olsa zəng edib deyəcək, heyvanı geri qaytaracaq və o da pulunu qaytaracaq. Səhəri gün, yəni 16 iyun 2024-cü il tarixdə heyvana baxarkən görmüşdür ki, qarşısına qoyulmuş otu yemir və dərhal şübhələnərək kənddə heyvandan başı çıxan təcrübəli şəxsi çağırmışdır ki, ona baxsın. O, heyvanı müayinə edərək hərarətin 40 dərəcə olmasını demiş və mütəmadi müalicəyə ehtiyac olmasını bildirmişdir. O, baş verənlər barədə Cavabdeh telefonla məlumat vermiş, cavabdeh isə ona xəstə olsa gətirməsini, Şamaxıdakı heyvan bazarına qaytararmasını, pulunu qaytaracağını bildirmişdir. Şamaxıda heyvan bazarı şənbə günüdür. O, 22 iyun 2024-cü il tarixdə heyvan bazarına getmiş, satıcı həmin yerə gəlməmiş və telefonunu da söndürdüyü üçün ona zəng çatmamışdır. Ona vatsapla mesaj yazmış, həmin yazını da sübut kimi iş materiallarına əlavə etmişdir. O, həmin heyvanı müalicə etdirməyə başlamış, lakin aparılmış müalicələrin heç bir nəticəsi olmamışdır. Aldığı dananın müalicəsinə ən azı 100 manat pul xərcləmişdir, ona görə də bu heyvanı ona satmış Cavabdeh yenidən telefonla zəng edib satdığı həmin dananı geri qaytarmaq istədiyini bildirmiş, o isə onunla razılaşmaq istəməmişdir. Dəfələrlə ona zəng etdikdən sonra cavabdeh onun telefon nömrəini blok etmiş və əlaqəni bir müddət kəsmişdir. 28 iyul 2024-cü il tarixdə Cavabdeh aldığı dana ölmüş və ona xeyli miqdarda maddi ziyan dəymişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, heyvanı aldıqdan bir həftə sonra cavabdehlə görüşüb heyvanı ona göstərmək istəmiş, lakin cavabdeh onun zənglərinə cavab verməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, o, heyvanı 2024-cü ilin mayın ayının 25-də iddiaçıya 630 manata satmışdır. Həmin heyvanı əmisi oğlu da almaq istəmişdir. İddiaçı bildirmişdir ki, atası ona heyvanı baha aldığını, puldan 30 manat çıxmasını demiş, o da puldan 30 manat iddiaçıya qaytarmışdır. Onun heyvanında problem olmayıb. O, yoldaşını Bakıya xəstəxanaya aparmış, ordan gələndən sonra iddiaçı zəng etmişdir ki, dana xəstədir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verilən suallara cavab olaraq cavabdeh bildirmişdir ki, iddiaçı demişdir ki, bazarda olacaq gəlsin, iddiaçı ona zəng etmiş, lakin zənginə cavab verməmişdir. İddiaçıya bildirmişdir ki, heyvan öldüyü üçün nəyə gücü çatacaqsa ona köməklik göstərəcək. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Şamaxı rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, müraciəti əsasında araşdırma aparılmış, araşdırma zamanı əməldə cinayət hadisəsi və inzibati xəta tərkibi müəyyən edilmədiyindən, həmçinin qeyd edilən məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. - Məhkəmənin sorğusu əsasında Şamaxı rayon Polis şöbəsi tərəfindən toplanmış məhkəməyə göndərilmiş materialdan görünür ki, aparılmış araşdırma zamanı izahatı alınmış Şamaxı rayon Mirikənd kəndində yaşayan İddiaçı izahatında xx.xx.2024-cü il tarixdə bazardan tanımadığı Ağsu sakinindən diri çəkisi 70 kg olan iri buynuzlu heyvan almasını, satan şəxsin mobil nömrəsini almasını, daha sonra xx.xx.2024-cü il tarixdə həmin şəxsə yığaraq heyvanın qızdırmasını ona bildirməsini, həmin şəxsin ona sabah bazara gətirməsini deməsini, bazarda onu görmədyindən, həmin şəxsə telefon əlaqəsi saxlamaq istəyərkən zəng çatmamsını, mesaj yazaraq heyvanın ölməsini bildirmişdir. Aparılmış araşdırma zamanı izahatı alınan Ağsu rayon Çaparlı kəndində yaşayan Cavabdeh izahatında xx.xx.2024-cü il tarixdə özünə məxsus iri buynuzlu heyvanını Şamaxı rayon bazarına satmağa gətirməsini, tanımadığı şəxsin heyvanı ondan 630 manata almasını, daha sonra 30 manat qaytarmasını ondan istəməsini, 30 manat pulu ona qaytarmasını, bir həftə sonra ona zəng olunaraq heyvanın qızdırmasını bildirməsini, həmin şəxsdən heyvanı qaytarmasını istəməsini, daha sonra Şamaxı rayon bazarına gələrkən ondan heyvanını qaytarmasını istədikdə heyvanın sağalmasını ona bildirməsini, bir neçə müddət sonra həmin şəxs ona telefonla əlaqə saxlayaraq heyvanın ölməsini verdiyi pulun qaytarmasını bildirməsini, həmin şəxsə ona qaytarası pulun olmadığını bildirmişdir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, İddiaçı 15 iyun 2024-cü il tarixdə bazarda heyvan alanda görmüşdür. Onunla bazarda salamlaşmışdır, çünki onu tanıyır, qonşu kənddəndir. O, heyvanı 600 manata aldığını bildirmişdir. Heyvan sarı rəngdə idi. O da həmin gün heyvanların qiyməti ilə maraqlanmaq üçün bazara çıxmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2024-cü ilin iyun ayının 15-i İddiaçı Şamaxı rayonun mal bazarında Cavabdeh 630 manata heyvan alması, daha sonra cavabdehin həmin puldan 30 manatı iddiaçıya qaytarması, heyvanın alındıqdan bir neçə gün sonra tələf olması işin mübahisələndirilməyən hallarını təşkil edir. İşin tərəflər arasında mübahisə edilən halları isə ondan ibarətdir ki, cavabdeh iddiaçıya satdığı heyvanın xəstə olmadığını, iddiaçı isə heyvanın alındığı andan xəstə olduğunu, yemək yemədiyini, bu səbəbdən tələf olduğunu və bu barədə cavabdehə məlumat verdiyini israrla qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 77.1-ci maddəsinin tələbindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, cavabdeh heyvanı iddiaçıya 2024-cü ilin mayın ayının 25-də satdığını bildirsə də, iddiaçı heyvanı 2024-cü ilin iyun ayının 15-i aldığını qeyd edir. Heyvanın iddiaçı tərəfindən 2024-cü ilin iyun ayının 15-i aldığını iş üzrə Şahid təsdiq edir. Çünki o da həmin gün bazarda olmuş, orada İddiaçı görmüş, onunla salamlaşmış və söhbət etmişlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Şamaxı rayon Polis şöbəsində verdiyi izahatında heyvan alındıqdan bir həftə sonra iddiaçı tərəfindən ona zəng olunaraq heyvanın qızdırmasını bildirməsini, həmin şəxsdən heyvanı qaytarmasını istəməsini, daha sonra Şamaxı rayon bazarına gələrkən ondan heyvanını qaytarmasını istədikdə heyvanın sağalmasını ona bildirməsini qeyd etmişdir. Lakin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında tərəflərin verilən suallara cavablarından görünür ki, İddiaçı heyvanı aldıqdan bir həftə sonra heyvanı geri qaytarmaq üçün bazarda olmuş, lakin Cavabdeh onu zənginə cavab verməmişdir. Göründüyü kimi, Cavabdeh Şamaxı rayon Polis şöbəsində və məhkəmə iclasında bir birinə zidd izahatlar vermişdir. Cavabdeh məhkəmə iclasında qeyd etmişdir, heyvan öldükdən sonra iddiaçıya bildirmişdir ki, heyvan öldüyü üçün nəyə gücü çatacaqsa ona köməklik göstərəcək. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin bildirdiyi kimi əgər heyvan həqiqətəndə xəstə deyildirsə, Cavabdeh heyvanın ölümünə görə İddiaçı dəymiş ziyan üçün niyə maddi köməklik etməlidir?. Burdan görünür ki, onun iddiaçıya satdığı heyvan həqiqətən də xəstə olub və o, azda olsa İddiaçı maddi köməklik göstərməklə onu sakitləşdirmək və öz vicdanını rahatlatmaq istəmişdir. Cavabdeh tərəf isə iddiaçıya 600 manata satdığı heyvanın tam sağlam olmasını bildirsə də, buna dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Qanuna əsasən zərərin ödənilməsi tələbi mövcuddursa, bu tələbin hüququ nəticələri Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən edilir. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb əvvəlcə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi isə zərərin aid edilməsi ilə bağlı birbaşa qayda müəyyən etmir. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, 2024-cü ilin yaz aylarında İddiaçı Şamaxı rayon mal bazarında Cavabdeh 600 manata dana almış, həmin dana alındıqdan bir neçə gün sonra ot yeməmiş, qızdırmış və heyvan 28 iyul 2024-cü il tarixdə tələf olmuşdur. Qeyd olunanlar məhkəmə araşdırması zamanı iddiaçı tərəfində məhkəməyə təqdim etdiyi sübutlarla tam təsdiq olunmuşdur. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən və cavabdeh tərəf bunun əksini təsdiq edən sübutlar təqdim edə bilmədiyindən, iddia tələbi “iddiaçının cavabdehdən aldığı dananın məbləği olan 600 manat pul vəsaitinin geri qaytarılması” hissəsində təmin edilməlidir. Məhkəmə tələbin “heyvana müalicə üçün xərclədiyi 100 manat” hissəsi üzrə məhkəmə hesab edir ki, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşsədə o, tələb etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı iddiaçıya, 25 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 600 manat və dövlət rüsumu olaraq ödənilmiş 25 manat məbləğində vəsait tutulmalı, ödənilmiş dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 600 manat və dövlət rüsumu olaraq ödənilmiş 25 manat məbləğində pul vəsaiti tutulsun. Ödənilmiş dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar