Məhkəmə qərarları › İş №2(016)-127/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-127/2025

22.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-127/2025 22.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 65.000 ABŞ dolları məbləğində pulun, vəkilə ödənilmiş 250 manat məbləğində xidmət haqqının və ödənilmiş 400,50 manat məbləğində rüsumun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun uzaq qohumudur. Əvvəllər aralarında hər hansı bir mübahisə baș verməmişdir. 2022-ci ilin əvvəllərində Cavabdeh ona iş qurmaq istədiyini, xarici ölkələrdən paltar gətirib satacağını, lakin pulunun olmadığını 100.000 dollar pul olarsa iş görə biləcəyini demiş, o isə şərikli işləməyi təklif etmişdir. O, Asifə cəmi 65.000 dollar pul tapa biləcəyini demiş, onlar razılaşmışlar. xx.xx.2022-ci tarixdə Qəbələ şəhərində yerləşən Şahdağ adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında Cavabdeh ilə görüşmüş, ona əlbəəl şəkildə 65.000 dollar pul vermișdir. Təxminən 2 ay müddət gözlədikdən sonra Asəf Așırovla görüşmüş, ondan işi qura bilib-bilmədiyini soruşmuş, o da iși qurduğunu, aldığı 65.000 dolları ora yatırdığını, qazancı böləcəklərini, aldığı 65.000 dolları qaytaracağını demişdir. Üzərindən bir neçə ay keçdikdən sonra bir neçə dəfə Cavabdeh pulunu istəmiş, o, hər dəfəsində müxtəlif bəhanələr gətirərək pulu gətirməkdən boyun qaçırmağa başlamış, dəfələrlə ona xəbərdarlıq etdikdən sonra isə şikayət etmək qərarına gəlmişdir. 65.000 dollar pulu qaynı X1 va qardaşı X2 iştirakı ilə vermișdir. Əlavə olaraq isə Cavabdeh 2007-ci il tarixdə 20.000 dollar da borca pul vermişdir. Cavabdeh ona ümumilikdə 85.000 dollar borcu vardır. Qəbələ RPȘ-nə təqdim etdiyi “Sabitin məndə olan mayası 65.000 dollar, Asəf, imza” sözləri və imza qeyd edilmiş əlyazma nümunəsi Cavabdeh özü tərəfindən 2022-ci ilin 21 may tarixində yazılmışdır. Qəbələ rayon Polis şöbəsinin 21 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarı ilə tələbi tam sübuta yetirilmiş, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, cavabdeh iddiaçıdan pul alıb, qısa müddətdə qaytarmalı olduğu halda qaytarmamışdır. Bununla bağlı Qəbələ rayon Polis şöbəsində araşdırma aparılıb, cavabdeh borclu olduğunu izahatında etiraf edib. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, cavabdehlə əvvələr bir sinifdə oxumuşlar. Cavabdeh ona yalvar-yaxar etmişdir ki, pul ver, bir yerdə işləyək. Moskva şəhərində 20.000 dollar vermiş, cavabdeh pulu qaytara bilməmişdir. Bir müddət sonra pulu istəyəndə aralarında mübahisə düşmüş, sonra barışmışlar, cavabdehin qardaşı onun qohumudur. Münaqişə düşməzdən əvvəl ona müraciət etmişdir ki, 100.000 dollar pul lazımdır, bir yerdə ticarətlə məşğul olarıq, ayda 10.000 dollar gəlir olacaq, onu da sənin pulundan çıxarıq. 2022-ci ilin may ayında cavabdehə 65.000 dollar pul vermiş, aradan 1-2 ay keçdikdən sonra əlaqə yaratmışdır. Cavabdeh ondan uzaqlaşmağa başlamışdır. O, ondan pulu verməyi ilə bağlı əlyazma istəmiş, o da kağıza yazmışdır ki, sənin mənə verdiyin maya dəyəri 65.000 dollar pula mal almışam. Cavabdehlə danışıqları ciddiləşdirdikdən sonra demişdir ki, ev almışam, evi satıb, pulunu verəcəm. Sonra istəmişdir ki, evlərinə getsin, lakin fikrindən daşınmışdır ki, aralarında mübahisə olar. Qəbələ rayonu Polis şöbəsinə ərizə ilə müraciət etmiş, cavabdeh orada etiraf etmişdir ki, borclu olması barədə qəbzi o, yazıb. Verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, 65.000 dollar pulu bir dəfəyə Qəbələ şəhərində 2022-ci ilin iyul ayının axırı avqust ayının əvvəli cavabdehə vermişdir. Pulu verəndə yanında qardaşı və bir nəfər başqa şəxs var imiş. Cavabdeh pulu ondan ticarətlə məşğul olmaq üçün almışdır. xx.xx.2003-cü ildə Moskva şəhərinə getmiş, onda 20.000 dollar cavabdehə borc vermiş, onu da qaytarmamışdır. 65.000 dolları da vermişdir ki, ticarətlə məşğul olub, 20.000 dollar pulunu qaytarsın. Cavabdehi Qəbələ şəhərində təsadüfən tapmış, yanında heç kim yox idi. Onun yanında isə qardaşı olub. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh iddiaçıdan yalnız 20.000 ABŞ dolları aldığını etiraf etmişdir. Cavabdeh bildirmişdir ki, həmin pul məbləği ona 2007-ci ildə 20.000 ABŞ dolları pul vermiş və üstündən bir müddət keçəndən sonra 20.000 ABŞ dolları borcu almadan yenidən cavabdehə xx.xx.2022-ci ildə 65.000 ABŞ dollar məbləğində borc pul vermişdir. Sonuncu verdiyi borc pulu isə yaxın qohumlarının şahidliyi ilə Qəbələ şəhərində yerləşən Şahdağ adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında vermişdir. Bundan əlavə sübut olaraq bildirir ki, Cavabdeh 65.000 ABŞ dolları məbləğində aldığı pulu xx.xx.2022-ci il tarixdə özü tərəfindən sadə yazılı şəkildə bir vərəqə yazraq etiraf etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan borcunu və aldığı pul məbləğini həmin qəbzə imza ataraq təsdiq etmişdir. Eyni zamanda mötəbər sübut kimi məhkəməyə təqdim olunmuş cinayət işinin başalanmsının rədd edilməsi barədə qərarda və eyni zamanda iddiaçının yazdığı iddia ərizəsində kifayət edir ki, həmin məbləğ cavabdehə ödənilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh səmimi ifadə verərək iddiaçı ilə arasında yaranmış mübahisəyə aydınlıq gətirmişdir. Belə ki, cavabdehə yazaraq bildirmişdir ki, iddiaçı ona 2008-ci ildə şərik işləmək üçün 30.000 ABŞ dolları məbləğində pul vermiş və hər iki tərəf razılaşaraq cavabdehin həmin pul məbləği ilə biznes fəliyyəti ilə məşğul olmuşdur. Cavabdeh israrla bildirir ki, iddiaçı ilə arasında olan biznes fəaliyyəti 2008-ci illəri əhatə edir. Belə ki, həmin qəbzi yazan cavabdeh sonradan həmin qəbzi kağız parçası adlandıraraq xx.xx.2022-ci il tarixdə deyil, cavabdeh tərəfindən 2010-cu ildə yazıldığını təsdiq etmişdir. Cavabdeh iddiaçı ilə arasında bir neçə qəbzin olduğunu etirazda bildirmiş və bu barədə məhkəməyə sübut belə təqdim etməmişdir. Maraqlı məqam onadan ibarətdir ki, cavabdeh bütün münasibətlərin yaranma tarixini 2007-ci ildə olduğunu və həmin tarixdə 20.000 ABŞ dolları iddiaçıdan aldığını bildirir və Qəbələ rayon Polis şöbəsinin istintaq bölməsində araşdırmanın nəticəsində bir daha yazaraq iddiaçını şikayətində yazdığı 65.000 ABŞ dollarının yalnız 30.000 ABŞ dollarını aldığını yazaraq bildirmişdir. İddia tələbi üzrə belə nəticəyə gəlmək olar ki, baxılan işdə tərəflər arasında münasibətlər borc və ya digər müqavilələrlə deyil, investisiya müqaviləsi ilə səciyyələndirilməlidir. Eyni zamanda cavabdeh hazırkı iddia tələbi ilə bağlı aldığı pul məbləğini cavabdehə verməklə cavabdeh isə öz nöbəsində biznes fəliyyəti ilə məşğul olduğunu və həmin məbləğ iddiaçı tərəfindən cavabdehə biznesinə vəsait yatırımı kimi qəbul etmişdir. Əlavə olaraq cavabdehin biznes gözləntiləri özünü doğrultmadığı üçün eyni zamanda cavabdehin icra etməli olduğu sözügedən biznei layihənin reallaşması məqsədilə iddiaçı yatırdığı mayanın, yəni mülkiyyətində olan pul vəsaitinin geri qaytarılmasını tələb edir. “İnvestsiya fəaliyyəti haqqında” Qanunun 19-cu 1 və 3-cü bəndələrinə görə, investisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilə öhdəliklərinə əməl olunmadıqda tərəflər həmin aktlarla müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. Müqavilə öhdəliklərinin pozulmasına görə cərimənin və dəbbə pulunun, habelə dəymiş zərərin ödənilməsi təqsirkar tərəfi, qanunvericiliklə və müqavilə ilə digər hal nəzərdə tutulmayıbsa, tələblərin və öhdəliklərin tam yerinə yetirilməsindən azad etmir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, cavabdeh ondan aldığı pulu iş qurmağa xərcləməyib, onu aldadıb özünə ev alıb. Cavabdehin qardaşı oğlu Rail qəbz yazılarkən yanlarında olmayıb. Cavabdehlə təsadüf nəticəsində qarşılaşmışlar və cavabdeh ona bildirmişdir ki, hər ay ona 10.000 dollar pul verəcək. O, 65.000 dollar pul əldə edərək cavabdehə vermişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində etiraf edir ki, cavabdehə 2007-ci ildə 20.000 ABŞ dolları pul vermiş və üstündən bir müddət keçəndən sonra 20.000 ABŞ dolları borcu almadan yenidən cavabdehə xx.xx.2022-ci ildə 65.000 ABŞ dollar məbləğində borc pul vermişdir. Sonuncu verdiyi borc pulu isə yaxın qohumlarının şahidliyi ilə Qəbələ şəhərində yerləşən Şahdağ adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında vermişdir. Bundan əlavə, Cavabdeh 65.000 ABŞ dolları məbləğində aldığı pulu xx.xx.2022-ci il tarixdə özü tərəfindən sadə yazılı şəkildə bir vərəqə yazaraq etiraf etmişdir. Göründüyü kimi, iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi cinayət işinin başalanmasının rədd edilməsi barədə qərarda və eyni zamanda iddiaçının yazdığı iddia ərizəsində kifayət qədər yalan və ziddiyətli hallar var. Belə ki, məhkəməyə təqdim edilmiş Qəbələ rayon Polis şöbəsinin istintaq bölməsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh səmimi ifadə verərək tərəflər arasında yaranmış mübahisəyə aydınlıq gətirmişdir. İddiaçı cavabdehə 65.000 ABŞ dolları yox, 2008-ci ildə şərik işləmək üçün 30.000 ABŞ dolları məbləğində pul vermiş və hər iki tərəf razılaşaraq birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Bir müddət davamlı olaraq işlədikdən sonra isə gətirdikləri mal müsadirə edilmiş və bu səbəbdən də onların biznesi uğursuz olmuşdur. Qaimələrdən görünür ki, tərəflər arasında olan biznes fəaliyyəti 2008-ci illəri əhatə edir. İddiaçının təqdim etdiyi əlyazma nümunəsinə gəldikdə isə qeyd edilən kağız parçası iddiaçı tərəfindən saxtalaşdırılmış şəkildə məhkəməyə təqdim edilmişdir. Belə ki, həmin kağız parçası xx.xx.2022-ci il tarixdə deyil, cavabdeh tərəfindən 2010-cu il tarixdə yazılmışdır. Kağızda həmin qeydlərlə yanaşı bir çox qeydlər də olub ki, (yazının yazılma tarixi və kimlərin iştirakı ilə) iddiaçı həmin qeydləri yox edərək məhkəməyə kiçik bir kağız parçası təqdim etmişdir. Maraqlı məqam ondan ibarətdir ki, cavabdehin iddiaçıya 2007-ci ildən 20.000 ABŞ dolları borcu olduğu halda, heç biri notariat qaydada təsdiq edilmədən iddiaçı yenidən cavabdehə 65.000 ABŞ dollarında borc pul verir. Göründüyü kimi, iddiaçının cavabdehə xx.xx.2022-ci ildə 65.000 ABŞ dolları məbləğində borc pul verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. İddiaçının təqdim etdiyi şahidlərə gəldikdə isə adları qeyd edilən şahidlərin hər ikisi iddiaçı ilə yaxın qohumluq əlaqələrindədir və hər iki şahidin verəcəkləri ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, 2005-ci ildə Moskvada şəhərində bazarda işləyirmiş, 2007-ci ildən iddiaçı Xabarovsk şəhərində tikintidə işləyirdi. Bir sinifdə oxumuşlar, münasibətləri yaxşı olub. İddiaçı ona təklif etmişdir ki, pul qoyub şərikli işləyək, 55.000 dollar pulu var. O da bildirmişdir ki, ticarətdir, ziyan da olar, xeyir də olar, sonra aralarında mübahisə düşməsin. İddiaçı razılaşmış, sonra ona demişdir ki, pulu götür, get pal-paltar sifariş et, sənə pul göndərəcəm, o da razılaşmışdır. O, 55.000 dollar pulu bankla Pekinə göndərmiş və sifarişlər etmişdir. Sonra iddiaçıya zəng vuraraq demişdir ki, o, öz mallarını sifariş etmiş, əgər istəmirsə, ona sifariş etməyək. İddiaçı demişdir ki, 2-3 günə pulu sənə göndərəcəm. İddiaçı 3 dəfəyə 30.000 dollar pul göndərmişdir. 2011-ci ildə iddiaçı ondan Ağsu rayon Polis şöbəsinə şikayət edəndə də həmin qəbzləri təhqiqatçıya göstərmişdir. İddiaçı ona 30.000 dollar pul göndərmiş, o da həmin pula mal almışdır. 55.000 dollar onun imiş, 30.000 iddiaçının. 2008-ci ildə iki dəfə yaxşı satış etmişlər, qazancları olmuşdur. 2008-ci ilin sonları mal onlardan xəbərsiz qeyri-qanuni yolla gəldiyi üçün 80-90 min dollar arası malları tutulmuş, 2009-cu ilin əvvəlində bazar bağlanmışdır. Bundan sonra, iddiaçı onu polisə şikayət etmişdir. İddiaçı Təbriz adlı qardaşı ilə hər axşam 3 gündən bir onun evinə gəlib, onu hədələyirmiş, o da bunlardan qorxub, Milli Təhlükəsizlik Nazirliyinə ərizə yazmış, orada araşdırma getdikdən sonra iş bağlanmışdır. İddiaçı ona faizi ilə 65.000 dollar borcu olduğunu deyir. Onun qardaşı iddiaçı ilə qohumdur, qardaşı oğlu da şahiddir. İddiaçı qardaşı qızına təziq göstərdiyi üçün qızın qardaşı məhkəməyə ifadə verməyə gəlmədi. İddiaçı Qəbələ şəhərində ona pul verməyib. Verilən suallara cavab olaraq cavabdeh bildirmişdir ki, pulu ona Xabarovsk şəhərindən göndərib. Əlyazmanı 2010-cu ilin sentyabrında yazmışdır. İddiaçının arvadı da yanlarında idi. 2022-ci ilin iyul ayının axırı avqust ayının əvvəlində Qəbələ şəhərində olmamışdır. Ona 3 dəfəyə 10.000 dollar olmaqla cəmi 30.000 dollar pul verib. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, cavabdeh məhkəmə iclasında tam səmimi ifadə vermişdir. Cavabdehin işə əlavə edilmiş cinayət işinin rədd edilməsi barədə qərardakı ifadələrlə hazırkı ifadəsi də heç bir ziddiyyət təşkil etmir. Cavabdehin qeyd etdiyi kimi, tərəflər arasında hüquq münasibətləri birgə fəaliyyət, şərik iş görülməsi ilə Pekindən mal alınması ilə bağlı kifayət qədər qaimələr var. Bazar bağlanan vaxtlarda həmin mallar cavabdehə təhvil verilməmişdir. Cavabdeh iddiaçının pulunu qəsdən dələduzluq yolu ilə ələ keçirmək niyyəti olmayıb. Əgər olsaydı, cinayət işi başlanardı. 30.000 dollar 2008-ci ildə iddiaçı tərəfindən cavabdehə birgə iş qurmaq üçün göndərilən pullardır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixli tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, investisiya qoyan şəxs ilə qəbul edən şəxs arasında müqavilə bağlanmalıdır. Bu müqavilə investisiya qoyan şəxsin mülkiyyət hüququnu qorumaq, mübahisələri həll etmək və investisiyanın sabitliyini qorumaq üçündür. Bunların fəaliyyəti Rusiya Federasiyasında başlayıb, aralarında heç bir müqavilə olmayıb. Bunların münasibətləri Mülki Məcəllənin təsir dairəsinə düşüb və əsassız varlanma ilə səciyələndirilə bilər. İddiaçı bildirir ki, pulu Moskva şəhərində verib, amma cinayət işinin başlaması rədd edilməsi qərarında Bakı şəhərində 20.000 dollar pulu verməsini bildirib. İddiaçının ifadələrində ziddiyyət var, 65.000 dollar pulu Qəbələ rayonunda verməsini əks etdirib. Həmin tarixdə pulun Qəbələ rayonunda verilməsini antem məlumatlar da sübut edə bilmir. O, iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qardaşının oğlu Rail onunla liftə qədər gəlmiş, amma o, icazə verməmişdir ki, onunla iddiaçının evinə qalxsın. O, iddiaçının qayınını orada görməmişdir, iddiaçı yalan deyir. Sübut kimi evin və blokun şəkillərini də çəkmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında iddiaçı vurğulayıb ki, xx.xx.2022ci ildə pulu verdikdən iki ay sonra qəbz yazdırmışam. İddia ərizəsində yazılıb ki, qəbz xx.xx.2022-ci ildə tarixdə yazılmışdır. Həmin qəbzin varlığını iddiaçı sübut edə bilmir, ona görə də ziddiyyətlər var. Anten məlumatlar əsasında sübuta yetirilib ki, cavabdeh həmin tarixdə həmin ərazidə olmayıb. Qəbzin hansı tarixdə yazılmasını iddiaçı çıxışında bildirib ki, 2023-cü ildə yazılıb, amma etirafında 2021-ci ildə yazılmasını bildirib. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iddiaçı əvvəlki məhkəmə prosesində bildirmişdir ki, pulu verdikdən, iki ay sonra onu axtarmağa başlayıb və tapmayıb. Baxmayaraq ki, iddia ərizəsində və polis şöbəsində də guya onu fərqli-fərqli yerlərdə axtarıb tapıb. Onu axtardığı müddətdə zəng etməyib, mesaj yazmayıb. Evinin ünvanını bilirdi, gəlib orada övladına bildirərdi ki, atanın mənə borcu var. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iddia tələbində göstərilən 65.000 dollar pulun verilməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma hüququ təmin olunaraq, anten şəbəkəsi müəyyən edilmiş, 65.000 dollar pulun verilməsi həmin ərazidə öz təsdiqini tapmamışdır. İddiaçı iddia ərizəsində pulun verilmə tarixini xx.xx.2022-ci il qeyd etsə də, amma iddiaçı və vəkili pulun iki ay sonra, iyul ayında verilməsi barədə qəbzi yazdırdığını bildirmişlər. Yəni bu da o nəticəyə gəlmək əsas verir ki, iddiaçı özü də bilmir qəbz hansı tarixdə yazılıb. İddianı qəbul etmir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Qəbələ RPŞ-nin TB-dan daxil olmuş HK-1/1052 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin nəzarət üçün Qəbələ rayon prokurorluğuna göndərilməsi, İddiaçı Cavabdeh barəsində mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. - Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, İddiaçı onda olan mayası 65.000 dollardır. - Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə vəkil Nümayəndə arasında 250 manat dəyərində hüquqi yardımın göstərilməsinə dair müqavilə imzalanmışdır. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 403,70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, iddiaçı həmkəndlisidir. O, 2008-2009-cu illərdə Moskvanın Çerkez bazarında Müşfiq adlı şəxslə işləmişdir. Cavabdehlə o əvvəldən bir-birlərini tanıyırdılar. Bir gün cavabdeh ona bildirmişdir ki, iddiaçıdan 30.000 dollar pul almışdır, özündə də 55.000 dollar pul var. Müşfiq adlı şəxslə cavabdeh Pekinə mal almağa gedirdilər. Onu da karqo və banklarla tanış etdilər ki, mallar gələcək, mən də satıb pulunu bank vasitəsi ilə Moskvaya, yəni bunlara göndərəcəm. Lakin malları sifariş verdikdən sonra karqo düzgün yolla gətirilmədiyi üçün malları gömrükdən buraxmamışlar. Cavabdehin malın gəlməsi üçün çox xərci çıxdı, istədi ki, gətirsin, lakin olmadı. Cavabdeh yenidən bankdan pul götürüb malları yenidən sifariş verdi, lakin mallar gələn zaman bazar bağlandığı üçün mallar orada qaldı. Verilən suallara cavab olaraq şahid X3 bildirmişdir ki, 65.000 dollarla bağlı, heç nə deyə bilməz. Cavabdeh bildirib ki, 30.000 dollar Sabitdən almış, 55.000 dollar da özünündür. Hadisə 2010-cu ildə baş vermişdir. Sabiti 1-2 dəfə Rusiyada bazarda görmüşdür. 65.000 dollar barədə yazılan qəbzlə bağlı məlumatı yoxdur, lakin cavabdehlə Bakı şəhərinə avtomobil ehtiyat hissələri almaq üçün gedəndə cavabdeh orada yaşayış binasına daxil olub, gəldikdən sonra keyfi pozulduğu üçün nə olub deyə soruşanda bildirmişdir ki, Sabitlə arasında pul məsələsi var, onunla bağlı qəbz yazıb vermişdir. Cavabdeh qəbz yazması barədə bildirəndə daha soruşmamışdır ki, nə qədər borcu olub. İddiaçının və cavabdehin Moskva şəhərində münaqişələri olmayıb. Tərəflərin arasında hər hansı bizneslə bağlı söhbətdə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, iddiaçı qohumu və həm kəndlisidir. O, tərəflərin şərik işlədiyi vaxtlarda Rusiyada işləməmişdir. O, Rusiyaya 2002-ci ildə getmiş və 2007-ci ildə qayıtmışdır. Rusiyada cavabdehin yanında işləmişdir. 2007-ci ildə anası vəfat etdiyi, atası tək qaldığı üçün Rusiyaya geri dönməmişdir. Qəbz yazılanda yanlarında olmamışdır, ancaq Asəflə Bakı şəhərindən avtomobil ehtiyat hissələri aldıqdan sonra geri dönərkən Asəf iddiaçının yaşadığı binaya qalxıb endikdən sonra qardaşı oğlu ilə söhbət edərkən eşitmişdir ki, borcu olduğu üçün qəbz yazıb. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, o, Moskvada olmuş, ancaq tərəflərin şərik işlədiyi vaxtlarda Azərbaycanda olmuşdur. Tərəflərin arasında pul məsələsi ilə bağlı 2010-2011-ci illərdə kənddə iki dəfə mübahisələri olub. Tərəflərin şərik işlədiyini eşitmiş, lakin şahid olmamışdır. İddiaçının yaşadığı binaya cavabdeh qardaşı oğlu ilə birlikdə girmişdir. Railin iddiaçının evinə qalxmağını bilmir, amma binanın blokuna cavabdehlə daxil olublar. Bakı şəhərinə getməyi Asəf təklif etmiş, o da avtomobil ehtiyat hissələri alacaqmış. Tərəflər arasında nə problem olduğunu bilmirdi. Sonradan iddaçı cavabdehin evinə bir neçə dəfə gələrək mübahisə edib və pulunu istəyib. Sabitin Bakı şəhərində yerləşən evinin ünvanını bilmir. Yolda gələrkən Asəf qardaşı oğlu ilə söhbət edərkən eşitmişdir ki, borcu olduğu üçün qəbz imzalayıb. Asəfi təqribi 30-40 dəqiqə gözləmişlər, qardaşı oğlu ilə eyni vaxtda binaya qalxmışdılar. Borc tələbi ilə bağlı iddiaçı cavabdehin ünvanına 2010-2011-ci illərdə gəlib. “Maddə 324. Əqd anlayışı və onun növləri ... 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. ...” “Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.” Zamana görə qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulurdu: “Maddə 1. İnvestisiya anlayışı İnvestisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. ...” “Maddə 6. İnvestisiya fəaliyyəti subyektlərinin hüquqları

1. ... Bu Qanunla və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə investisiya qoyulması qadağan edilən və ya məhdudlaşdırılan obyektlərdən başqa, hər hansı obyektə investisiya qoyulması investorun müstəsna hüququdur və qanunla qorunur. ...” “Maddə 17. İnvestisiya fəaliyyəti subyektlərinin hüquqlarının təminatı Dövlət investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinə, onun subyektlərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasına təminat verir. ... Bu Qanunla müəyyənləşdirilən hallardan başqa, investisiya qoyulan obyektlərin seçilməsində investorların hüquqları məhdudlaşdırıla bilməz. ...” “Maddə 18. İnvestisiyanın qorunması

1. Dövlət mülkiyyət formasından asılı olmayaraq bütün investisiyaların, o cümlədən xarici investisiyanın qorunmasına təminat verir. İnvestisiyanın qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi, habelə başqa dövlətlərlə bağladığı müqavilələrlə təmin edilir. İnvestorlar, o cümlədən xarici investorlar investisiyasını idarə, istifadə və ona xitam verməyə maneçilik törədə bilən ayrıseçkilik xarakterli tədbirləri istisna edən, habelə qoyulmuş sərvətlərin və investisiyanın nəticələrinin respublikadan aparılması şərtləri və qaydasını müəyyənləşdirən bərabər hüquqi rejimlə təmin olunurlar. ...” “Maddə 19. İnvestisiya fəaliyyəti subyektlərinin məsuliyyəti

1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tələblərə və ya investisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilə (kontrakt) öhdəliklərinə əməl olunmadıqda tərəflər həmin aktlarla müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. ...”

3. Qanunvericiliyin tələblərinin və müqavilə öhdəliklərinin pozulmasına görə cərimənin və dəbbə pulunun, habelə dəymiş zərərin ödənilməsi təqsirkar tərəfi, qanunvericiliklə və müqavilə ilə digər hal nəzərdə tutulmayıbsa, tələblərin və öhdəliklərin tam yerinə yetirilməsindən azad etmir. ...” “Maddə 20. İnvestisiya fəaliyyətinin dayandırılması və ya ona xitam verilməsi şərtləri

1. İnvestisiya fəaliyyətinin dayandırılmasına və ya ona xitam verilməsinə aşağıdakıların qərarı ilə yol verilir: investorların özünün (bu zaman investorlar investisiya fəaliyyətinin digər iştirakçılarına dəymiş zərəri ödəyirlər); səlahiyyətli dövlət orqanının. ...”

35. Hazırda qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 3. Bu Qanunun tətbiq dairəsi ... 3.2. Bu Qanunun 9-cu maddəsi nəzərə alınmaqla, investisiya qoyulması investorun müstəsna hüququdur və qanunla qorunur. ...” “Maddə 4. İnvestisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri 4.1. İnvestisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 4.1.1. mülkiyyətin toxunulmazlığı; 4.1.2. qanunçuluq; ...” “Maddə 9. İnvestisiya fəaliyyətinin xüsusiyyətləri İnvestisiya fəaliyyəti sahəsində bu Qanunun 2-ci maddəsində nəzərdə tutulan qanunvericiliyin tələbləri nəzərə alınmaqla, bütün sahibkarlıq fəaliyyəti obyektlərinə investisiya qoyuluşuna yol verilir.” “Maddə 10. İnvestorların hüquqları 10.1. İnvestorlar aşağıdakı hüquqlara malikdirlər: 10.1.1. investisiya fəaliyyətinin həyata keçirilməsi formasını, investisiyanın həcmini, sahibkarlıq fəaliyyəti sahəsini və formasını sərbəst müəyyənləşdirmək; ... 10.1.3. bu Qanunun tələbləri və investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtləri nəzərə alınmaqla, istənilən vaxt investisiya fəaliyyətini dayandırmaq və ya ona xitam vermək; ...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında müəyyən edilmişdir ki: “... MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. ...” Məhkəmə qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər arasında “İddiaçı məndə olan mayası 65.000 dollardır.” məzmunlu iltizam tərtib edilmiş, həmin iltizam Cavabdeh tərəfindən imzalanmışdır. İşin mübahisələndirlən halı ondan ibarətdir ki, iddiaçı iltizamdan qeyd edilən 65.000 dollar məbləğində pulun xx.xx.2022-ci il tarixdə Qəbələ şəhərində onun tərəfindən Cavabdeh verildiyini, cavabdeh isə həmin məbləğdə pulun Qəbələ şəhərində ümumiyyətlə ona verilmədiyini, iddiaçı tərəfindən ona 31.000 dollar pulun Çin Xalq Respublikasından Rusiya Federasiyasına mal vurub qazanc əldə etmək məqsədilə 2008-ci il tarixdə Moskva şəhərində verildiyini, daha sonra Bakı şəhərində yerləşən evini sataraq 31.000 dollar pulu iddiaçıya geri qaytardığını, iltizamın 31.000 dolların faizi qarşılığında Bakı şəhərində 2010cu ildə yazıldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh xarici ölkədən mal gətirib gəlir əldə etmək məqsədilə 65.000 ABŞ dolları məbləğində pul vermişdir. Pulun verilməsi Cavabdeh tərəfindən yazımış iltizamla təsdiq edilir. Həmin iltizamdan görünür ki, pul borc kimi deyil, birlikdə gəlir əldə etmək məqsədilə verilmişdir. Belə ki, iltizam “İddiaçı məndə olan mayası 65.000 dollardır.” məzmununda yazılmışdır. Əgər tərəflər arasında borc münasibətləri olsa idi, iltizamın məzmunu bu formada deyil, “İddiaçı mənim borcum 65.000 dollardır.” məzmunda və ya buna oxşar məzmunlarda olardı. Bu baxımdan, məhkəmə hesab edir ki, iltizam tərəflər arasında hüquq münasibətlərinin xarakterini və mahiyyətini rəsmiləşdirən əqddir. MM-in əqdin anlayışına dair 324.5-ci maddəsində iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli olduğu göstərilmişdir. Tərəflər arasında yaranmış sözügedən hüquq münasibətlərinin xarakterinə məhz iltizamın məzmunu kontekstindən qiymət verilməlidir. Bu baxımdan, məhkəmə hazırkı halda mal gətirib gəlir əldə etmək məqsədilə yatırılmış pul vəsaitinin borc deyil, məhz investisiya kimi dəyərləndirilə bilməsi qənaətindədir. Belə ki, zamana görə qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci abzasında verilən anlayışa görə, investisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mal gətirib gəlir əldə etmək məqsədilə pul məbləği, yəni investisiya qoymuş, cavabdeh tərəf həmin pulu qəbul etmiş, tərəflər arasındakı bu münasibətlər iltizamla, yəni faktiki olaraq investisiya müqaviləsi ilə rəsmiləşdirilmişdir. Zamana görə qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” Qanunun 19-cu maddəsinin 1 və 3-cü bəndlərinə görə, investisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilə öhdəliklərinə əməl olunmadıqda tərəflər həmin aktlarla müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. Müqavilə öhdəliklərinin pozulmasına görə cərimənin və dəbbə pulunun, habelə dəymiş zərərin ödənilməsi təqsirkar tərəfi, qanunvericiliklə və müqavilə ilə digər hal nəzərdə tutulmayıbsa, tələblərin və öhdəliklərin tam yerinə yetirilməsindən azad etmir. Məhkəmə qeyd edir ki, cavabdeh evini sataraq 31.000 dollar məbləğində pulun iddiaçıya qaytarılmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdehin hazırkı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilərək rədd edilməli olması barədə ərizəsinə gəldikdə məhkəmə qeyd edir ki, iddia müddətinin bitib-bitmədiyinə qiymət verilməsi üçün ilkin olaraq iddia müddətinin axımının başladığı tarix dəqiq müəyyən edilməlidir. Mübahisəli iltizamda pul qoyanın öz hüququnun təmin olunmasını tələbetmə anı, yəni pul alanın öz vəzifələrini icraetmə anı dəqiq müəyyən edilməmişdir. Öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsasları və qaydaları MM-in 377-ci maddəsi ilə müəyyən edilmişdir. MM-in 377.1-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il 3 iyun tarixli qərarında formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, MM-in 377.1-ci maddəsi müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Hazırkı halda isə yuxarıda qeyd olunduğu kimi, tərəflər arasındakı investisiya müqaviləsindən irəli gələn hüquq münasibətləri formalaşmışdır. Eyni zamanda, mübahisəli iltizamda pul alan tərəfindən icra edilməli öhdəliklər və onların icra müddətləri konkretləşdirilmədiyindən MMin 377.2-ci maddəsi (“İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.”) və reqres öhdəliklər üzrə iddia müddətinin axımını müəyyən edən MM-in 377.4-cü maddəsi də baxılan işdə tətbiq edilə bilməz. MM-in 377.3cü maddəsinə görə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Beləliklə, həmin normaya istinadən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı məhz iddiaçının öz hüququnu cavabdehdən tələb etdiyi tarixdən, yəni Qəbələ rayon Polis şöbəsinə ərizə ilə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən başlanmışdır. Bu səbəbdən də qanunla müəyyən edilmiş iddia müddəti ötürülməmişdir. Məhkəmə “cavabdehin iltizamın 2010-cu il tarixdə Bakı şəhərində yazılması ilə bağlı” dəlilinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında dindirilmiş şahidlər iltizam yazılan zaman orada olmadıqlarını bildirsələr də, iltizamın 2010-cu il tarixdə Bakı şəhərində yazıldığını və bunu Bakı şəhərindən qayıdan zaman maşında Cavabdeh tərəfindən onlara dediyini bildirmişlər. Göründüyü kimi, qəbz yazılan zaman iş üzrə şahid qismində dindirilmiş şahidlər orada olmamışlar. Onlar yalnız Cavabdeh onlara dediklərini məhkəmə iclasında qeyd etməklə kifayətlənmişlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirmişdir ki, iltizam 2010-cu ilin sentyabr ayında yazılmışdır. İş materiallarında olan İddiaçı məxsus pasportdan görünür ki, o, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək nəinki Bakı şəhərində, ümumiyyətlə Azərbaycan Respublikasın ərazisində olmamışdır. Zamana görə qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinin 1-ci bəndinin ikinci abzasının, 17-ci maddəsinin birinci və dördüncü abzaslarının, 18-ci maddəsinin 1-ci bəndinin, 20-ci maddəsinin 1-ci bəndinin məzmununa görə, qanunla qadağan edilən və ya məhdudlaşdırılan obyektlərdən başqa, hər hansı obyektə investisiya qoyulması investorun müstəsna hüququdur və qanunla qorunur. Dövlət investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinə, onun subyektlərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasına təminat verir. Bu Qanunla müəyyənləşdirilən hallardan başqa, investisiya qoyulan obyektlərin seçilməsində investorların hüquqları məhdudlaşdırıla bilməz. Dövlət mülkiyyət formasından asılı olmayaraq bütün investisiyaların qorunmasına təminat verir. İnvestisiyanın qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə təmin edilir. İnvestor özünün investisiya fəaliyyətinin dayandırılmasına və ya ona xitam verilməsinə öz qərarı ilə yol verə bilər. Eləcə də hazırda qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 4.1, 4.1.1, 4.1.2, 9, 10.1, 10.1.1, 10.1.3, 12.1, 17.1-ci maddələrinin məzmununa uyğun olaraq, investisiya qoyulması investorun müstəsna hüququdur və qanunla qorunur. Mülkiyyətin toxunulmazlığı və qanunçuluq investisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsinin prinsiplərindən biridir. İnvestisiya fəaliyyəti sahəsində bütün sahibkarlıq fəaliyyəti obyektlərinə investisiya qoyuluşuna yol verilir. İnvestorlar investisiya fəaliyyətinin həyata keçirilməsi formasını, investisiyanın həcmini, sahibkarlıq fəaliyyəti sahəsini və formasını sərbəst müəyyənləşdirmək; bu Qanunun tələbləri və investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtləri nəzərə alınmaqla, istənilən vaxt investisiya fəaliyyətini dayandırmaq və ya ona xitam vermək; hüquqlara malikdirlər. Dövlət tərəfindən investorların bu Qanunla nəzərdə tutulmuş hüquq və azadlıqlarının qorunmasına təminat verilir. İnvestisiya fəaliyyəti investorun öz qərarı ilə və ya qanunlara, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtlərinə uyğun olaraq dayandırılır. Bu baxımdan, məhkəmənin mövqeyinə görə, iddiaçı hazırkı iddianı verməklə gəlir əldə etmək üçün qoyduğu vəsait yatırılarkən bəslədiyi biznes gözləntiləri özünü doğrultmadığı üçün özünün investisiya fəaliyyətinə xitam vermək qərarına gələrək, cavabdehin icra etməli olduğu sözügedən layihənin reallaşması məqsədilə yatırdığı mayanın, yəni mülkiyyətində olan pul vəsaitinin geri qaytarılmasını tələb edir. İddiaçı investor hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddəti ötürülməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək 65.000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin “hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 250 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin “ödənilmiş 400,50 manat dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 400,50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi:

İddia təmin edilsin. Ödəniş gününə olan məzənnə ilə 65.000 ABŞ dolları məbləğində pul vəsaiti, 250 manat vəkilə ödənilmiş pul, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400,50 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar