Məhkəmə qərarları › İş №2(016)-1317/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1317/2025

17.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1317/2025 17.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparmaqla baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh makler qismində ona ev təmiri işində gördürdüyü 650 manat pulun, 2 il müddətində gecikdirib vermədiyindən ona vurulmuş maddi və mənəvi ziyana 300 manat pulunun və ödədiyi 30 manat dövlət rüsumu əvəzinin, ümumilikdə 980 manat pulun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ev təmirində “malyarlıq” deyilən rəngsazlıq, kafel və metlaqlıq işində ustalıq edirmiş. Cavabdeh olan Cavabdeh həmkəndlisi və həmyaşıdıdır, bir sinifdə oxumuşdurlar. Onunla bir həmkəndli kimi münasibəti normal olmuşdur. Cavabdeh isə Bakı şəhərində ev təmiri işində maklerlik edirmiş. O, təmir üçün ev tapıb ev sahibi ilə təmir haqqını özü danışıb, sonra da usta tapıb, təmir qiymətini özü usta ilə danışıb işi gördürüb haqqını da özü ödəyirdi. 2 il bundan əvvəl, yəni 2023-cü ildə onunla əlaqə saxlayıb Bakı şəhərində onun işinə aid ev təmiri olduğunu bildirib onu Bakı şəhərinə dəvət edib aparıb evi göstərmişdir. Həmin ev Bakı şəhərində Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən çoxmərtəbəli evin mənzili imiş. İş yarımçıq qalmışdı. Orada kafel vurmaq, metlaq döşəmək və rəngsazlıq işindən qalmışdır. İşə baxıb görüləsi işin kvadratmetr hesabı ilə qiymətini danışıb razılaşmışdırlar. İş qurtaranda ölçüb qiymətini müəyyən edib pulu verilməli idi. O, orada 20 gün işləməklə işini qurtarmışdır. Onu da göstərir ki, orada işləyən zaman ev sahibi cəmi bircə gün gəlib təmir işi gedəndə işə baxmışdır, onun adını bilməmişdir, ancaq demişdir ki, təmir pulunu Ramilə vermişdir. O, işi qurtarıb, təhvil verdikdə görülən işi cavabdehlə ölçüb qiymətini 650 (altı yüz əlli) manat hesablamış, Ramil isə pulu verməmiş, ona demişdir ki, 5-10 günə verəcəkdir, odur ki, evə qayıtmışdır. 2 ildir ki, arada cavabdehlə telefon əlaqəsi yaradıb pulunu tələb edir, elə hey söz verir ki, 5-10 günə gətirib verəcəkdir və indiyə kimi bu iki ildə gördüyü 650 manatlıq işdən bir manatını da verməmişdir. O, məcbur olub Ağsu rayon polis şöbəsinə gedib müvafiq əməkdaşa şifahi olaraq şikayətlənmişdir. Cavabdehin özü telefonla çağırışa gəlməmiş, lakin əvəzində atası gəlib orada onunla danışıq zamanı 20 günə pulun veriləcəyinə söz versə də verilməmişdir. Bundan sonra polis əməkdaşı mülki qaydada məhkəməyə müraciət etməyini izah etmişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Onu da əlavə edir ki,cavabdehin görülən işin müqabilində mənə 650 manat pul verəcəyini təsdiq edən telefonunda səs danışığı vardır. Həmin səs danışığını diskə köçürüb sübut kimi ərizəyə əlavə etmişdir. Cavabdeh əsasən Bakı şəhərində olur, yaşadığı ünvanı o bilmir, lakin atası bilir. Odur ki, ona gördürdüyü işin 650 manat pulunu cavabdehdən tələb edir. Bundan əlavə tələbi: bu iki il ərzində bəlkə yüz dəfə cavabdehə zənglər edib pulun tələb edilməsində konturlar və vaxt sərf etmişə və həmçinin 2 ildir ona veriləsi pulu gecikdirib vermədiyi halda manat infilyasiya olunaraq dəyərini itirib, alınacaq bütün əşyaların qiyməti qalxıb. Gördüyü işin 650 manat haqqını vaxtında ona versəydi, bu qədər danışıq vaxtı və kontru itirməzdi, lazımi əşyalarını və ərzağını alardı, o vaxt olan əşya və ərzaqlarını almaq üçün hazırda ən azı 850 manat pul sərf etməli olacaq, yəni ona ən azı 200 manat ziyan vurulmuşdir. Həmçinin pulun indiyə kimi verilməməsindən də ona mənəvi ziyan dəymişdir, əsəbi gərginliklərə məruz qalmışdır. Bununla da o, ona ən azı 100 manat mənəvi ziyan vurmuşdur. Odur ki,cavabdehdən əlavə olaraq 300 manat pul tələb edir. Bundan başqa, ödədiyi 30 manat dövlət rüsumunun da cavabdehdən tutulub ona verilməsini tələb edir. Ümumilikdə cavabdehdən 980 manat pulun tutulub ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - CD-diskə köçürülmüş səs yazılarından görünür ki, Cavabdeh İddiaçı 640 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında iddiaçının izahatından müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ilə əlaqə saxlayaraq ona aid iş olduğunu bildirmiş, iddiaçı da Bakı şəhərinə gedərək həmin işi görmüş və onun əvəzində 650 manat alacağını bildirmişdir. Lakin səs yazılarından görünür ki, cavabdeh etiraf edərək bildirir ki, iddiaçıya 600 manat borcu var və 40 manat da əlavə iddiaçıdan borc almışdır. Cavabdeh pulu 5-10 günə verəcəyini bildirsə də, lakin bu günə kimi verməmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd edərək, 2 ildir ona veriləsi pulu gecikdirib vermədiyi halda manat infilyasiya olunaraq dəyərini itirib, alınacaq bütün əşyaların qiyməti qalxıb. Gördüyü işin 650 manat haqqını vaxtında ona versəydi, bu qədər danışıq vaxtı və konturu itirməzdi, lazımi əşyalarını və ərzağını alardı, o vaxt olan əşya və ərzaqlarını almaq üçün hazırda ən azı 850 manat pul sərf etməli olacaq, yəni ona ən azı 200 manat ziyan vurulmuşdir. Həmçinin pulun indiyə kimi verilməməsindən də ona mənəvi ziyan dəymişdir, əsəbi gərginliklərə məruz qalmışdır. Bununla da o, ona ən azı 100 manat mənəvi ziyan vurmuşdur. Odur ki,cavabdehdən əlavə olaraq 300 manat pul tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən gördüyü işin müqabilində verilməli olan 600 manat və borc kimi verdiyi 50 manat məbləğində pul tələb etmişdir. Lakin iş materiallarına əlavə edilmiş səs yazıları ilə iddiaçı ilə cavabdeh arasında olan razılığa əsasən gördüyü işin müqabilində verilməli olan 600 manat və borc kimi verilmiş 40 manat pul məbləğinin cavabdeh tərəfindən iddiaçıya verilməməsi təsdiq edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçının gördüyü işin müqabilində əsassız varlanmış, həmçinin 40 manat aldığı borc pulu qaytarmamışdır. Odur ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən tələb bu hissədə qismən təmin edilməli, Cavabdeh 640 manat məbləğində pul alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “maddi və mənəvi ziyana görə 300 manat pulun cavabdehdən tutulub ona verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə araşdırması zamanı cavabdeh mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin maddi və mənəvi ziyanla bağlı hissəsini, həmçinin cavabdehin ondan 40 manat yox, 50 manat borc almasını sübut edə bilməmiş, iddia tələbinin qeyd olunan hissələrini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsinin maddi və mənəvi ziyanla bağlı hissəsi üzrə göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “maddi və mənəvi ziyana görə 300 manat pulun cavabdehdən onun xeyrinə tutulması” hissəsində rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 640 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 640 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar