Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-16/2025 20.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun əmlakına dəymiş zərərin əvəzi olaraq 5.980 manat və mənəvi zərərin əvəzi olaraq 1.000 manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat, vəkil xərci olaraq ödənilmiş 200 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 94,80 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu şəhəri, Vidadi küçəsi, ev 39 ünvanında yerləşən 29 saylı mənzil iddiaçının mərhum əri X4 mülkiyyətində olmuş, əri vəfat etdikdən sonra həmin mənzil vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Halhazırda mənzil onun qanuni sahibliyindədir və həmin mənzildə qeydiyyatda olmaqla daimi olaraq orada yaşayır. Onun mənzili 5-ci mərtəbədə yerləşir, cavabdeh isə qonşusudur. 2024-cü ilin yanvar ayında cavabdehin təqsiri üzündən onun mənzilinə su sızması baş vermişdir. Belə ki, mənzili binanın son 5-ci mərtəbəsində yerləşir və cavabdeh tərəfindən də mənzilinin üstündə, yəni binanın çardağında su çəni quraşdırılmışdır. Cavabdehə məxsus su çənindən davamlı olaraq su daşması nəticəsində mənzili və əşyaları yararsız vəziyyətə düşmüşdür. Belə ki, mənzilin döşəməsi suyun içində qalmış, otaqların divar kağızları və tavan boyası qopmuş, elektrik naqilləri zədələnmiş, mənzilin dəhliz və otaqlarının təmiri bərbad vəziyyətə düşmüş, həmçinin mənzildə olan mebellər suyun içində qaldığından taxta hissələri qabarmış, mənzildə olan yorğan-döşək, paltarlar islanmışdır. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona dəymiş zərərin məbləği mütəxəssis rəyinə əsasən təxminən 5.980 manat təşkil edir. Hər dəfə cavabdehlə görüşərək su axıdılmasının qarşısını almağı və dəymiş zərəri aradan qaldırmağı bildirmiş, lakin heç bir nəticəsi olmamış, cavabdeh müxtəlif bəhanələrlə bu məsələdən yayınmışdır. Bu barədə Mənzil İstismar Sahəsinə müraciət etmiş və həmin təşkilatdan nümayəndələr gəlib mənzilə baxış keçirmişlər. Baxış zamanı həqiqətən də mənzilə və əşyalarına cavabdehə məxsus su çəninin daşması nəticəsində zərər dəyməsi müəyyən edilmişdir. Bundan başqa, mənzilə ziyan dəyməsi ilə bağlı rayon polis şöbəsinə də müraciət etmiş, lakin Ağsu rayon Polis şöbəsi tərəfindən bu məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bundan əlavə cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona mənəvi zərər dəymişdir. Belə ki, mənzilə və əşyalarına zərər dəyməsi, həmçinin cavabdehin olanlara saymaz, laqeyd yanaşması nəticəsində onun səhhəti ağırlaşmış, əsəbləri pozulmuş, dəfələrlə həkimə müraciət etməli olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, onun su çəni mətbəxinin üst tərəfində yerləşir, cavabdehin çəni isə divarının üstündədir. Onun su çəni ilə cavabdehin çəni arasında çox məsafə var. O, 1 il 8 aydır ki, evində yaşamır. Bu zamana qədər nə üçün evimə su axmayıb? Hər kəs bilir ki, o, su matorunu qoşmasa, suyu dolmaz. Onların binasında yaşayan 10 nəfər şəxsin sayğacı binanın aşağısında yerləşirdi. İndi hər kəsin mənzilinə su xətti çəkildiyi üçün hər kəsin sayğacı öz mənzilindədir. O isə həmin vaxtı evdə olmadığı üçün evinin sayğacı dəyişdirilməyib. Cavabdeh onun su xəttini açıb, su təzyiq ilə onun su çəninə dolaraq daşıb. Sonra cavabdeh 102 xidmətinə zəng edib, bu barədə məlumat verib və polis əməkdaşı gələrək ora baxış keçirib. Ora baxış keçirən polis, cavabdehdən daşan çənin kimin olduğunu soruşduqda, o, bilmədiyini bildirib. Polis əməkdaşı suyu kəsdikdən sonra ona məlum olub ki, çən onundur. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, 2014-cü ildə Ağsu şəhər, Vidadi küçəsi 39 saylı evin 25 saylı mənzilini aldı-satqı yolu ilə almışdır. Hal-hazırda 6 nəfərlik ailəsi ilə həmin mənzildə yaşayır. Mənzili binanın 3-cü mərtəbəsində yerləşir. Evdə istifadə etdiyi su binanın dam örtüyünün altında qoyulmuş su çəni vasitəsilə gəlir. Bu çən dəmir materialından olmaqla əvvəlki evin sahibləri tərəfindən qoyulmuşdur. O və ailəsinin su çənindən istifadə müddətində evlər idarəsindən ona qarşı heç bir qanunsuzluq faktı aşkar edilməmiş və iddia tələbi olmamışdır. Sudakı istifadə müddətində su çənində nasazlıq, çənin deşilərək su buraxma halı olmamışdır. Hazırda da su çənində heç, bir nasazlıq yoxdur. Ona iddia qaldırmış iddiaçı Əliyeva X1, mənzil 29-da qeydiyyatda olsa da əslində həmin evdə yaşamır və mənzilin çöl tərəfdən görünüşü də bunu təsdiq edir. Pəncərələrin əslində şüşələri belə tam yoxdur. Bundan başqa su çənin olduğu yerdə daha bir neçə qonşunun su çəni vardır. Onun mənzilinin istifadə etdiyi su çəni su buraxmır. Bundan başqa çənə su vurularkən onun səhvən daşma ehtimalı yoxdur, beləki onun təhlükəsizliyi üçün əlavə boru qoyulmuşdur. O, iddiaçının işə əlavə etdiyi mütəxəssis aktı ilə aşağıdakılara görə razı deyil. Mütəxəssis onun istifadə etdiyi çənə baxış keçirərkən o dəvət edilməmişdir. Bunu ailə üzvləri və qonşuları təsdiq edə bilər. Mütəxəssis sayılan şəxslərin özlərinin dediyinə görə onların bu barədə rəy vermək hüququ yoxdur. Bunu ona evlər idarəsinin müdürü Əlhüseyn Mayılov şəxsən deyib. O, göstərmişdir ki, onların ele bir mütəxəssisi yoxdur. İddiaçı qeydiyyatda olduğu Vidadi küçəsi 39, ev 29 saylı mənzilin çöldən görünüşü, başqa sözlə pəncərələrinin yararsız vəziyyətdə, şüşəsiz olması onun bu mənzildə uzun müddət yaşamadığını bir daha sübut edir. İddiaçının həmin mənzildə faktiki yaşamadığı üçün ona guya mənəvi ziyan vurulması faktı isə əsassızdır. Su çəninin su buraxma faktı olmadığı halda iddia əsassızdır. Bütün bunları nəzərə alaraq İddiaçı ona qarşı iddiasının Azərbaycan Respublikası Mülki Prosessual və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən rədd edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, o, rəylə razı deyil. İddiaçıya dəymiş ziyanın onun tərəfindən vurulmasını qəbul etmir. O, iddiaçıya 1 manat belə olsa, ödəməyə hazır deyil. İddiaçının heç bir əsası yoxdur, amma onun əsasları var. 20 gün əvvəl iddiaçının su çəni yarasız olduğu üçün suyu çənə vuran zaman daşıb su evinə axıb. İddiaçının özünü də çağırmış, onun çəni ilə iddiaçının çəni arasında 1 metr mesafə var, amma iddiaçı onun çəni olmasını qəbul etmir. O da sübut kimi video çəkiliş etmiş, diskdədir. xx.xx.2025-ci ildə 102 xidmətinə məlumat verdikdən sonra ora polis sahə rəisi gəlib, baxış keçirib. İddiaçı iki sayğac işlədir, bu məsələyə görə birini kəsdirib. İddiaçı dövləti, məhkəməni və onu aldadıb. İddiaçı hansı əsasla ondan ödəniş tələb edir, sübut da diskdədir. Ora baxış keçirən polisi də çağıra bilərsiziniz. O, məhkəmənin yekunlaşmasını istəyir, ürəyi xəstədir, gələ bilmir. İki gündür su daşır, iddiaçı da çənin onun olmasını qəbul etmir. İddiaçının iki sayğacı var, binanin girişində olan sayğacı sökdürüb. Verilən suallara cavab olaraq cavabdeh bildirmişdir ki, videodakı su daşan çən iddiaçınındır. 1 il yarım imiş ki, daşan çən videoçəkilişdəki çən imiş, bilməmişlər. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şahid1, X7, X8 ilə İddiaçı aralarında bağlanmış xx.xx.2013-cü il tarixli mənzilə dair vərəsəlik payının bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verənlər Şahid1, X7, X2 şəhəri, M.V.Vidadi küçəsi 39 saylı bina 29-da yerləşən 1 mərtəbəli, 4 otaqlı, 59,6 kv.m yaşayış və 22.4 kv.m yardımçı sahəsi olmaqla, ümumi 82 kv.m-dən ibarət olan 29 saylı mənzildən onların hər birinə düşən 1/3 hissə vərəsəlik payını digər vərəsə olan və öz növbəsində 1/3 hissə vərəsəlik payı olan İddiaçı hədiyyə vermişlər. - xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağsu şəhəri, X14 küçəsi, ev 39, mənzil 25 ünvanında 80.8 m2 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Ağsu şəhər Mənzil İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, ünvan 2 ünvanda yaşayır. - Ağsu rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, müraciətində göstərdiyi xüsusatlar məhkəmə predmeti olmaqla həlli məhkəmə orqanlarının səlahiyyətindədir. Göstərilənlərə əsasən tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunur. - Məhkəmənin sorğusuna Ağsu rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Ağsu şəhəri, X14 küçəsi, ev 39, mənzil 29 ünvanında yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə Mənzil İstismar Sahəsinə ərizə ilə müraciət etmişdir. Zülfinaz xanım ərizəsində qonşusu X5 məxsus mənzilə aid olan su çəninin daşması (onun dediyinə görə) nəticəsində mənzilinə ziyan dəydiyini və həmin mənzilə işçilər tərəfindən baxış keçirilməsini xahiş etmişdir. Elə həmin gün Zülfinaz xanımın öz iştirakı ilə mənzilə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Zülfinaz xanımın şikayət etdiyi mənzil rəsmi olaraq Həsənov Röyala yox Cavabdeh məxsusdur. - Şahid2, Şahid3 və Şahid4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Vidadi küçəsi, ev 39, mənzil 25 ünvanında yaşayan qonşu Cavabdeh məxsus və 29 saylı mənzilin tavanının üzərində (dam hissəsinin altında) yerləşdirilmiş su çənindən suyun daşması nəticəsində İddiaçı məxsus mənzilə ziyan dəymişdir. Belə ki, mənzilin döşəməsi suyun içində qalmış, otaqların divar kağızları və tavan boyası qopmuş, elektrik naqilləri zədələnmiş, mənzilin dəhliz və otaqlarının təmiri yararsız hala düşmüşdür. Həmçinin mənzildə yerləşən mebellər suyun içində qaldığından taxta hissəsi qabarmış hala düşmüşdür. - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Ağsu rayon sakini İddiaçı tərəfindən evini su basması barədə FHN-nin Şimal-qərb Regional Mərkəzinə hər hansı şikayət və ərizə daxil olmayıb. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ona hüquqi yardımın göstərilməsi üçün Ağsu Rayon Vəkil Bürosunun hesabına 200 manat məbləğində pul ödəmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 95 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki: qərardadın birinci sualı üzrə qeyd edilmişdir ki, Ağsu şəhəri, Vidadi küçəsi, ev 39 ünvanında yerləşən 29 saylı mənzildə mövcud olan qüsurların aradan qaldırılması üçün görülməli olan işlərin həcminə dair tərtib edilmiş smetaya əsasən 189 m2 divara şpakylovka vurulması, 24 kisə astar, 9 kisə üzlük, 36 m2 divara boya vurulması, 13 kq boya, 55 m2 döşəmənin qaşınması və boyanması, 20 kq boya, 65 m2 divara divar kağızının vurulması, 19 rulon divar kağızı (1,06 m), 9 qutu divar kağızı yapışqanı, 58 m2 tavana şpakylovka və boya vurulması, 3 kisə şpakylovka (üzlük), 21 kq boya. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən, ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. qərardadın ikinci və üçüncü sualları üzrə qeyd edilmişdir ki, iddiaçının mənzilinin dəhliz otağının üstündə yerləşən cavabdehə məxsus su çəninə baxış zamanı su çəninin yarıya qədər su ilə dolu olduğu, faktiki vəziyyətdə çənə daxil olan və çəndən çıxan borularda, çənin özündə su sızıntısı olmadığı, göz ilə görünə bilən hissələrdə heç bir qüsur olmadığı və su axmanın faktiki davam etmədiyi müəyyən olundu. Odur ki, Ağsu şəhəri, Vidadi küçəsi, ev 39 ünvanında yerləşən 29 saylı mənzilə su axmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. qərardadın dördüncü sualı üzrə qeyd edilmişdir ki, çəndə təmir işlərinin aparılmasının aparılma müddətinin müəyyən olunmasına dair metod və metodika olmadığına görə qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Ağsu şəhəri, Vidadi küçəsi, ev 39 ünvanında yerləşən 29 saylı mənzildə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7837 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən görülməli olan söküntü, təmir işlərinin həcmi və dəyəri çəkilməli xərcin (mal-materialların dəyəri, usta pulu xərcləri) məbləği 3.143 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, o, anası ilə evə getmiş, evə girəndə görmüşdür ki, ev su içindədir. Onlar anası ilə onun qaldığı evdən gəlirmiş. Anası Bakı şəhərinə qardaşının yanına gedib-gəlir. Bəzən onun yanında qalır. Bir başa onlara gəlmişdi. O da onu götürüb öz evinə gələndə görmüşlər ki, yer su, xalça sudur. Divardan-tavandan su tökülürdü, elə bil yağış yağırdı. Ayaqlarını içəri qoya bilməmişlər. Onlar çəni boşaltmışdır ki, yuyulsun. Anasına məxsus çəndə bir qram da olsun su yox idi. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, anasının mənzilinin üstündə anasına məxsus çən olmalıdır. Amma üçüncü mərtəbənində su çəni beşinci mərtəbənin üstünə qoyulub. Çıxıb baxmışdır ki, cavabdehə məxsus çəndən su axır. Düşüb aşağı cavabdehin qapısını döymüşdür. Cavabdehin gəlini orda qalır, onların çənindən su dolub daşdığını bildirmişdir. Onların mənzilinin üzərində iki çən var, biri anasının, biri də cavabdehin çənidir. Cavabdehə məxsus çənindən su axırdı və həmin çənin ətrafı yaş idi. Böyük olan su çəni cavabdehə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, o, mənzil istismar sahəsində mühəndis işləyir. Xanım onlara ərizə ilə müraciət etmişdir ki, evini su basıb. Xanımın dediyinə görə cavabdehin mənzilinin üstündə su çəni var, çən daşaraq onun evini su basmışdır. Onlar gedib evə baxmış, lakin çənə çıxıb baxmamışlar. Evin tavanı, polu və mebellər nəm idi, divarında aboylar qopmuşdur. Divar qaralmışdı. Onlar evdə su görməmişlər. Çənin onlara aidiyyatı olmadığına görə baxmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, o, mənzil istismar sahəsində baş mühasib işləyir. Onlar evə baxış keçirərkən hər tərəf nəmişlik idi. Mebel suyun içərisində idi. Divar kağızları qabarmış şəkildə idi. Nəmişlik var idi. Onlar suyun hardan gəldiyini görməmişdir. Onlar müraciət olunan gün getməmiş, təxminən 15-20 gün sonra gedib evə baxmışdır. Çıxıb çənə baxmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, o, xanımın evində koridorda oboyun qopmasını görmüş, içəri girmişdir. Servant kiflənmiş halda idi, bir də tavanda nəmişlik var idi. Gedən vaxtı su görməmişdir, divarlar nəm olmuş, evdən də nəmişlik iyi gəlmişdir. Ora gedəndə fevral ayı idi. Ora müraciət olunan gün yox, sonra getmişlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məxsus Ağsu şəhəri, Vidadi küçəsi, 39 saylı ev, 29 saylı mənzilin üzərində iki su çəni mövcuddur. Həmin çənlərdən biri (kiçik olan çən) İddiaçı, digəri (böyük olan çən) Cavabdeh məxsusdur. İddiaçı mənzilinin dəhliz otağının üstündə yerləşən Cavabdeh məxsus su çəninin daşması səbəbindən, onun mülkiyyətində olan Ağsu şəhəri, Vidadi küçəsi, 39 saylı evin, 29 saylı mənzilə su axmış, nəticədə, İddiaçı 3.143 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə axmış suyun məhz Cavabdeh məxsus çəndən daşması Şahid1 ifadəsi və iş materiallarında olan foto şəkillərlə təsdiq edilir. Belə ki, Şahid1 ifadəsində cavabdehə məxsus çəndən suyun axdığını və həmin çənin ətrafının yaş olduğunu bildirmişdir. Bundan əlavə, iş materiallarında olan foto şəkillərdən də görünür ki, Cavabdeh məxsus su çəninin (böyük olan çənin) alt hissəsi və ətrafı sudur. İddiaçı cavabdehin məsuliyyətsizliyi nəticəsində ona 5.980 manat məbləğində ziyan dəyməsini bildirsə də, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının mənzilinə dəymiş ziyan 3.143 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Ağsu şəhəri, Vidadi küçəsi, ev 39 ünvanında yerləşən 29 saylı mənzildə təmir-bərpa xərcinin 3.143 manat müəyyən edilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh MM-in 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh MM-in 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, MM-in 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Məhkəmə iddia tələbinin “1.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona mənəvi zərər dəyməsini qeyd etsə də, həmin halın təsdiqinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmənin təşəbbüsü ilə keçirilən ekspertiza xərcləri cavabdehdən tutulmalı olduğundan, iddia həmin hissədə təmin edilməməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən, həmçinin baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyi ilə razılaşaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə vurulmuş ziyan əvəzi olaraq 3.143 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. MPM-in: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3.143 manat məbləğində vəsait alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 94,80 manat dövlət rüsumunun 51,43 manatı iddiaçıya, 43,37 manatı cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, ekspertizalarının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, 200 manat məbləğində pul vəsaiti isə "xxxx" MMC-nin hesabına ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3.143 manat məbləğində pul vəsaiti, 200 manat vəkilə ödənilmiş pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,43 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 43,37 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22) ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC-nin Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-16/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-16/2025
20.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver