Məhkəmə qərarları › İş №2(016)-1781/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1781/2025

23.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1781/2025 23.02.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan aldığı 6.000 manat borc puldan qaytarılmamış 3.150 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 51,5 manat pulun alınaraq ona qaytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə həmyerli kimi şəxsi münasibətləri olmuşdur. Cavabdeh 2023-cü ilin noyabr ayında qızına toy eləmək üçün ondan 6.000 manat borc pul istəmiş və bildirmişdir ki, toydan sonra pulunu birdəfəlik olaraq qaytaracaqdır. O, da həmin ayda ona 6.000 manat pulu vermişdir, lakin cavabdeh qızına toy edəndən sonra pulu qaytarmadığından dəfələrlə onun evinə getmişdir. Pul tələbi ilə əlaqədar davaları olmuş və cavabdeh onu şərləyib döymə ilə əlaqədar polisə vermiş, sonra da məhkəmə işi olmuşdur. İş polisdə olanda sahə rəisi Aydın məllimin köməkliyi ilə borcdan 500 manatını geri ala bilmiş, sonra da hissə-hissə 200-300 manat göndərib, daha sonra yenə ödənişləri dayandırmışdır. Borcdan 3.150 manat qaldığı üçün bu ilin sentyabr ayında DİN-nin “102” xidmətinə şikayət etmişdir. Orada cavabdeh izahat yazıb vermişdir ki, ayda 50 manat qaytaracaq, o, bununla razılaşmamışdır. “102” xidmətinə etdiyi şikayətlə əlaqədar ona Ağsu rayon PŞ-dən xx.xx.2025-ci il tarixli 313-64/2-13120/2025 saylı cavab məktubunda göstərilmişdir ki, müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ vardır. Odur ki, cavabdehə verdiyi borc puldan geri qaytarılmayan 3.150 manatının qaytarılmadığı üçün məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində qeyd olunanları müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, 6.000 manat borcdan cavabdeh tərəfindən müəyyən məbləğdə ödəniş edilmiş və hazırda qalan borc 3.150 manat təşkil edir. Pulu cavabdehə oğlu - X3 vermişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, iddiaçını tanımamış, yalnız onun oğlu-X3 ilə işləmişdir. O, X1 6.000 manat pul almış, həmin məbləğin 2.000 manatını qaytarmışdır. İddiaçı pulu tələb etmək məqsədilə onun evinə gəldikdə aralarında mübahisə yaranmışdır. Mübahisə ilə bağlı “102” xidmətinə məlumat vermiş, bunun əsasında sahə rəisi Aydın müəllim ünvanına gəlmiş və onun vasitəçiliyi ilə borcundan müəyyən məbləğ ödəmişdir. Hətta borcu ödəmək üçün övladının qızıl üzüyünü kredit evinə qoyaraq pul götürmüş və həmin vəsaiti iddiaçıya vermişdir. Buna baxmayaraq, baş verən hadisələrlə bağlı ona mənəvi və psixoloji zərər dəymiş, sağlamlığına mənfi təsir göstərilmişdir. İddiaçının oğlu pulu ona öz evində təqdim etmiş və qızı pulu sayaraq məbləğin 6.000 manat olduğunu ona bildirmişdir. Onun 3.000 manat borcu qalmışdır. Son 4 ay ərzində hər ay 50 manat olmaqla onun bank kartı hesabına ödəniş etmişdir. O, göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, müraciəti mülki xarakterlidir, buna görə də Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, anası pulu iddiaçının oğlu Tural Cəfərovdan almışdır. Ağgül həmin vaxt orda olmamışdır. Onlar pulu qaytarmaqdan boyun qaçırmır, sadəcə olaraq pulu Tural Cəfərova qaytaracaqlar. Pulu alan zaman onların yanında başqa şəxslər olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-in 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 6.000 manat məbləğində borcu İddiaçı deyil, onun oğlu X1 almışdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması hallarına yol verilməmiş və buna görə də onun cavabdehə qarşı pul tələb etmək üçün subyektiv hüququ yoxdur. Bununla bağlı məhkəmə vurğulayır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Bununla əlaqədar məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tələb etdiyi pulu cavabdehə verməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Beləliklə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar