Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-19/2024 25.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ ilə əlaqədar pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 2.334 manat və ödənilmiş dövlət rüsumuna görə 43,34 manat, müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsinə görə 10 manat, ümumilikdə 2.387,34 manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh2 məxsus “Lada 219120” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, avtomobil bazarı ərazisində Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə, həmin avtomobilə maddi zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Opel Astra” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 2.334 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarda da müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 “Lada 219120” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. B u n a görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33 2 . 1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, etibarnamə ilə qardaşının maşınını sürürmüş, yolda ehtiyatsızlıqdan qəza törətmiş və polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları qardaşına zəng etmiş, qardaşı etibarnamə verdiyini demiş, lakin aydın olmuşdur ki, etibarnamə sistemə düşməyib. Bir müddət sonra o, həyəti suvararkən ona zəng gəlmiş, telefon əlindən suya düşmüş və xarab olmuşdur. Sonradan ona məlum olmuşdur ki, ona qiymətləndirmə üçün zəng ediblərmiş, 1 il sonra bilib ki, barəsində bu qədər borc var. Maşının 400-500 manat xərci olduğu halda, 2.300 manat yazıblar. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İcbari sığorta müqaviləsinə dair” məlumatdan görünür ki, “Lada 219120” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə 1 il müddətində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. - "xxxx" ASC tərəfindən verilmiş CM1525/22 saylı sığorta aktının surətindən görünür ki, zərərçəkmiş şəxs X1 hesabına 2.334 manat sığorta ödənişi həyata keçirilmişdir. - xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh tətbiq etmə haqqında” qərardan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə, saat 14:30-da idarə etdiyi “Lada 219120” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə, İXM-in 332.1 və 327.1-ci maddələrinə əsasən barəsində cərimə tətbiq edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 16(016)-31/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh2 Mehdi oğluna məxsus “Lada 219120” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iddianın təmini məqsədilə özgəninkiləşdirilməsinin məhdudlaşdırılması barədə "xxxx" ASC tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7669 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş təqdim edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2012-ci il buraxılışlı “Opel Astra” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 970 manat müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4595 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilərək təqdim edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı «Opel» markalı, «Astra» model, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilməklə, həmin iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 9/7669 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilir: dəyişilməli hissələrin qiyməti – 460 manat, təmir-bərpa işlərinin qiyməti – 510 manat. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 43,34 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, “Lada 219120” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən, yol-nəqliyyat hadisəsi nəticəsində X3 məxsus “Opel Astra” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, həmin avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 903.2-ci maddəsinə əsasən, sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, sığorta hadisəsi baş verərkən Cavabdeh2 məxsus “Lada 219120” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən onu idarə etməyə hüququ olmadan istismar edilməsi ilə baş verdiyindən, bununla da "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ yarandığından, iddia həmin hissədə təmin edilməlidir. MM-in 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 970 manat məbləğində vurulmuş ziyan cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “müvəqqəti təminat tədbirinin təmini barədə ərizə üçün ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun iddiaçıdan tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iş materiallarından olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(016)-31/2023 saylı qərardadından görünür ki, Cavabdeh2 məxsus “Lada 219120” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iddianın təmini məqsədilə özgəninkiləşdirilməsinin məhdudlaşdırılması barədə iddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilməmişdir. Buna görə də, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, cavabdehlərdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 43,34 manat dövlət rüsumunun 17,63 manatı iddiaçıya, 25,71 manatı cavabdehlərə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 970 (doqquz yüz yetmiş) manat məbləğində pul vəsaiti, ödənilmiş 25,71 (iyirmi beş manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 17,63 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinin aşağıdakı hesabına keçirilsin: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi - VÖEN-**********, hesab-AZ34CTRE********************01. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-19/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-19/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver