Məhkəmə qərarları › İş №2(016)-243/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-243/2025

05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-243/2025 05.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2050 manat məbləğində pulu və iddia qaldırmaq üçün ödənilmiş 41 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu Məlhəm kəndində ailə üzvlərilə yaşayır. Heç bir yerdə işləmir. Fərdi təsərrüfatla məşğul olaraq, həyətində heyvan qara saxlayıb onun pulu ilə ailəsini salayır. Yəni ildə bir iki baş iri və xırda buynuzlu heyvan qara satıb dolanır. 2023-cü ilin avqust ayının 4-də kəndçiləri Yolçıyev Raislə əvvəllər tanımadığı, sonradan adını öyrəndiyi Cavabdeh adlı şəxs həyətlərinə gəldilər. Ona bildirdilər ki, 05 avqust 2023-cü ildə Vasifin oğlunun toy məclisi olacaq. Toya kəsməyə heyvan lazımdır. Eşitmişik səndə satlıq heyvan var, onun üçün gəlmişik. O da demişdir ki, bir baş erkək dana və 4 baş quzu var, kəsib verə bilər. Ətin qiymətini Vasiflə danışıb razılaşmışdırlar. Həmin günü həyətndə bir baş erkək dananı və 4 baş quzunu kəsib, soyub, çəkib pulunu hesablamışlar, cəmisi 2271 manat dəyərində olmuşdur. Vasiflə belə razılaşmışdırlar ki, pulu toyun səhəri günü yəni 06 avqust 2023-cü il tarixdə ona çatdırılacaqdır. Vasif onunla gələn 2 nəfər cavan oğlanları heyvanların ətini maşına yükləyib apardılar. Lakin toyun səhəri günü, deyilən vaxtda pulunu ödəmədi. Həmin vaxtdan dəfələrlə Vasifin ***-***-**-** mobil nömrəsinə zəng etsə də telefonu açmadı. Həmin vaxt Vasif ailə üzvləri ilə Çuxuryurd kəndində yaşayırdılar. O, özü dəfələrlə Vasifin evinə getmişdir. Hər dəfə ona vəd eləmişdir ki, bu gün sabah pulunu düzəldib verəcəm. Lakin heç bir nəticəsi olmadı və sonra özü də ailəsi ilə birlikdə evdən çıxıb ona məlum olmayan ünvana getmişdir. O, məcbur olub 2023-cü ilin sonlarında bu barədə sahə müvəkkilinə məlumat vermiş, sonra rayon prokurorluğuna, polis şöbəsinə şikayət vermişdir. Ərizə tədqiqatda araşdırıldı. Sonra iş istintaq bölməsinə verildi. İstintaq bölməsində Vasif verdiyi izahat və ifadələrində ona 2250 manat borcu olduğunu etiraf etmişdir. O, hələ əti kəsib verəndə 21 manatı Vasifə güzəşt etdiyinə görə Vasifin həqiqətən ona 2250 manat borcu qaldığını o da təsdiq etmişdir. Belə olan halda Vasif ona bir ədəd ödəniş kartı verdi ki, ayba-ay borcunu bu kartdan götürərsən. Həmin vaxt kartdan 200 manat pul götürmüşdür. Qalan pulu polis dedi ki,Vasifin marketə də borcu var, həmin hissəni də marketin işçisi götürmüşdür. Bu barədə Vasifin özünün də məlumatı var. Vasifın hazırda ona 2050 manat borcu qalmışdır. Bundan sonra növbəti ayda o kartı bankmata salıb pul götürmək istəyəndə kartda pul olmamışdır. Məlum olmuşdur ki, Vasif mesaj gələn kimi karta daxil olan pulu başqa karta atıb özü götürürmüş. Ona görə də o, yenidən rayon prokurorluğuna müraiət etmişdir.Prokurorluq şikayəti polis şöbəsinə göndərmişdir. Polis şöbəsi də ona bildirmişdir ki, şikayətin mülki xarakterlidir, məhkəməyə müraciət olunmalıdır Məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Məlhəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ağayev X1 rayonu, Məlhəm kəndində yaşayır, Şamaxı rayonu, Məlhəm kənd icra nümayəndəliyinin 3 nömrəli ev təsərrüfat uçotu kitabının 47-ci səhifəsi və 224 nömrəli şəxsi hesabına əsasən təsərrüfatın xüsusi mülkiyyətində hal-hazırda 10 baş iribuynyzlu, 5 baş xırdabuynuzlu mal-qarası var. - 18.05.2024-cü il tarixli Şamaxı RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Bəhlul Məlikli tərəfindən verilmiş məktubdan görünür ki, rayon polis şöbəsinin təhqiqat qrupunda ətraflı araşdırma aparılaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Lakin Cavabdeh ilə aralarında yaranmış mülki mübahisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikasının mülki-prosessual məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə hüququ vardır. - 18.05.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - 18.05.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmiş Cavabdeh izahatından görünür ki, o, qızı Aytac adlı şəxsə 2023-cü ilin avqust ayının 5-də toy etmək qərarına gəlmişdir. Bununla bağlı toya heyvan əti lazım olduğundan tanışa bir günlük ət lazım olduğunu deyib sorqalaşmışdır. KƏnd adamları ona Şamaxı rayon Məlhəm kəndində Şövqü adlı şəxsin heyvan ətini satmasını məsləhət görmüşdürlər. O, da Şövqünün ünvanını tapmış sonuncu ilə danışmış toydan bir gün öncə Şövqüdən bir dana və dörd quzu almışdır. Səhəri günü, yəni toya çağırdığı şəxslərdən çoxsu gəlməmiş, yaxşı pulda yığılmamışdır. Buna görədə o, toyun ətinin pulunu verə bilməmişdir. Bununla bağlı Şövqüdən vaxt istəmiş, indidə sonuncuya pulunu verəcəyini demişdir. Lakin Şövqü onun razı olmamış, bununla bağlı ondan şikayət etmişdir. Qısa zamanda da Şövqiyə pul verəcəkdir. Hər ay ödənişini edəcəkdir bunu öhdəliyinə götürmüşdür. Şövqini aldatmamış, öhdəlik götürmüşdür ki, hər ay pulunu ödəyəcəkdir, lakin hələdə onunla razı qalmamış, pulunu tam istəmişdir. - Mədaxil qəbzindən görünür ki, 41 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 2271 manat məbləğində mal-qara götürmüş, borcunu 06 may 2023-cü ildə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdeh ödəniş etmiş, 2050 manat borcu qalmışdır. Cavabdeh götürdüyü öhdəliklərə əməl etməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı cavabdehin ondan 2271 manat məbləğində mal-qara götürməsini, borcunu geri qaytarmamasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmiş, lakin cavabdeh tərəf isə bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə 2271 manat məbləğində mal-qara verməsi, cavabdehin borcunu ödəyəcəyinə dair öhdəlik götürməsi, ümumilikdə 2050 manat borcu qalması məhkəmə araşdırması zamanı sübut olunmuş, cavabdehin qalan pulu geri ödəməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29.1 və 29.3-cü maddələrinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.” Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçıdan nisyə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürdüyündən və cavabdeh həmin öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 2050 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi məqsədəmüvafiq hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2050 manat məbləğində pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməldir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2050 manat məbləğində pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar