Məhkəmə qərarları › İş №2(016)-288/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-288/2023

03.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-288/2023 03.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh X7 və onun vəkili X9 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh X4 qarşı “əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Ağsu şəhəri, M.Hüseyn küçəsi, 19 saylı evin 6 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-1391/2016 nömrəli qətnaməsinə əsasən, cavabdehlər X7 və qeyrilərindən müştərək qaydada iddiaçının xeyrinə 32.996,94 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinin tutulması, tələbin ipoteka predmeti olan Ağsu şəhəri, M.Hüseyn küçəsi, 19 saylı evin 6 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Cavabdehə mübahisəli fərdi yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh mübahisəli fərdi yaşayış evini ona təhvil verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirdilər ki, bankdan kredit götürülmüş, lakin cavabdehin imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Mübahisəli ev ona 2-qrup müharibə əlili olduğu üçün dövlət tərəfindən verilmişdir. O, hal hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdehin başqa yaşayış yeri yoxdur. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-1391/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər X7, X11 və X8 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 036R********** saylı kredit razılaşması üzrə 6.143,61 ABŞ dolları məbləğində dəbbə pulu 1.000 ABŞ dolları məbləğinədək azaldılmış, cavabdehlər X7, X11 və X5 müştərək qaydada xx.xx.2015-ci il tarixli, 036R********** saylı kredit razılaşması üzrə qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaqla əsas borca görə 28.794,39 ABŞ dolları məbləğində kredit borcu, 3.202,55 ABŞ dolları məbləğində faiz borcu və 1.000 ABŞ dolları məbləğində cərimə, cəmi 32.996,94 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 87 faiz, yəni 26 manat 10 qəpik, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının alınıb iddiaçının hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 13 faiz, yəni 3 manat 90 qəpiyinin iddiaçıya aid edilməsi, tutmanın cavabdeh X3 mülkiyyətində olan Ağsu şəhəri, M.Hüseyn küçəsi, 19 saylı evin 2-ci mərtəbəsində yerləşən 70.7 kv.m. ümumi, 46,9 kv.m. yaşayış, 23,8 kv.m. yardımçı sahədən ibarət 6 saylı mənzilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün iddiaçının hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. - xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının adına qeydə alınmışdır. - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə 10 gün ərzində evin boşaldılması və tərk edilərək iddiaçıya təhvil verilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - ünvan 3zibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X7 hal hazırda Ağsu rayonu, Gəgəli kəndində yaşayır. 2-ci qrup müharibə əlilidir və heç bir yerdə işləmir. - Ağsu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 Ağsu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 130 nömrəli Sərəncamı ilə imtiyazlı şəxs qismində ünvan 2 ünvanında 3 otaqlı mənzil verilmişdir. - ünvan 3zibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X3 yaşayış evi olmadığı üçün o, evin verilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmiş, onun 2-ci qrup müharibə əlili olduğu nəzərə alınaraq ona dövlət tərəfindən Ağsu şəhərində ailə üzvləri ilə birlikdə yaşamaq üçün üç otaqdan ibarət “Əlillər binası” adlanan yaşayış massivindən mənzil verilmişdir. O, hal hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan MM-in 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. MM-in 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına olan qeydiyyat yazısı ləğv edilərək, həmin yaşayış sahəsinə dair iddiaçının adına qeydiyyatın aparılması ilə D.Allahverdiyevin hüquqlarına xitam verilmiş, iddiaçının isə bu yaşayış sahəsi üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli fərdi yaşayış evinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin göstərilən yaşayış sahəsindən könüllü olaraq çıxmaması nəticəsində, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. İddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, o, cavabdehin mübahisəli fərdi yaşayış evindən məcburi çıxarılmasını və mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “dövlət rüsumunun cavabdehdən alınmasına dair” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 şəhəri, M.Hüseyn küçəsi, 19 saylı evin 6 saylı mənzilindən çıxarılsın və mənzil boşaldılaraq "xxxx" QSC-yə təhvil verilsin. Cavabdeh X2 ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" QSCnin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar