Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-338/2025 17.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən maddi ziyana görə 5.200 manat, 1.500 manat məbləğində mənəvi ziyan əvəzi və 72 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6.772 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi bir çox illər bundan əvvəldən tanıyır. Onunla həm də qohumluq əlaqələri var. Həmin səbəbdən də isti münasibətləri yaranmışdır. Cavabdeh "xxxx" ASC-də işləyir və yaxşı da əməkhaqqı alır. Cavabdeh ona Bakı şəhərində kreditə ev götürdüyünü və kreditin pulunu ödəyə bilmədiyini deyərək, ondan borc pul istəmiş, o isə bildirmişdir ki, birinci qrup əlildir, pensiyasından verər. O, cavabdehi çoxdan tanıdığı üçün ona X2 və X1 iştirakı ilə pul vermişdir. Cavabdehin ondan borc aldığı pulun məbləği 3.900 manat olmuşdur. Cavabdeh ona bir neçə adamın yanında, əlyazması ilə 3.900 manat pul alması barədə izahat yazıb imza atmışdır. 24 sentyabr 2024-cü il tarixində cavabdeh yenidən onun yanına gəlmiş və 2.300 manat pul istəmiş, evin kredit pulunu verə bilmədiyini, verə bilməsə evi əlindən alacaqlarını, ondan aldığı ümumi pulu oktyabr-noyabr ayında qaytaracağını bildirmişdir. O, cavabdehdən soruşanda ki, necə qaytaracaq, cavabdeh demişdir ki, 5 ton narı var, alıcıları da var, yaxşı qiymətə danışmışdır ki, noyabr ayında satıb pulunu verəcək. O, 2.300 manat pulu ona vermişdir. Cavabdehin ondan aldığı cəmi pulun məbləği 6.200 manatdır. 2024-cü il noyabr ayının əvvəlində cavabdeh onun yanına gələrək Ağsu rayonunda poçtla üzbəüz olan çayxanada onu çağırıb kənara 6.200 manat pulunu qaytara bilmədiyini, artıq özünü öldürmək istədiyini bildirmiş, o, cavabdehə demişdir ki, heç olmasa hiss-hissə olsa da onun pulunu versin. Daha sonra cavabdeh 18 noyabr 2024-cü il tarixində borclu olduğu 6.200 manat puldan 1.000 manatını qaytarmışdır. Soruşmuşdur ki, bəs pulun hamısını verəcəkdi, qalanını niyə vermir. Cavabdeh bildirmişdir ki, “nar pula getmədi, sənin pulunu qaytara bilmədim, nə də qaytarmayacam, get nə istəyirsənsə onu da et.” Cavabdeh onu aldadaraq 6.200 manat pulunu alıb, öz Bakı şəhərində aldığı evin kreditini ödəyib. Ona isə 6.200 manat qaytarmaq əvəzinə X2 və X1 yanında cəmi 1.000 manat pul qaytarmışdır. Qalan 5.200 manat pulu ona qaytarmayacağını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, iddiaçıdan faizlə 3 il müddətinə pul almışdır. Maaş kartı da 2-3 il iddiaçıda olub, kartından pulu iddiaçı çıxarıb. Ona da ayda 100-150 manat pul vermişdir. O, iddiaçıdan aldığı puldan 1.000 manat ona qaytarmışdır. O, iddiaçıdan hissə-hissə 3.000 manat pul almışdır. İddiaçıdan 6.200 manat pul almağı ilə bağlı izahatı özü yazmışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərəfindən imzalanmış izhatdan görünür ki, o, İddiaçı 3.900 manat borc pul almış, borcu yaxın zamanda qaytaracağına söz vermişdir. - xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən yazılmış izahatdan görünür ki, o, İddiaçı 6.200 manat borc pul almış, borcu oktyabr-noyabr aylarında qaytaracağına söz vermişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda 3.900 və 3.200 manat olmaqla, ümumilikdə 6.200 manat borc pul vermiş, cavabdeh borcundan 1.000 manat qaytarmış, lakin qalan 5.200 manat məbləğində borcu qaytarmamış və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə - MM) 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehə verilməsinə dair yazılı müqavilələr bağlanmış olmasa da, cavabdehin izahatı həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə 5.200 manat məbləğində pulu ona qaytarmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin “mənəvi ziyanın ödənilməsinə dair” hissəsi ilə bağlı hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarında Plenum izah etmişdir ki, “...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Halbuki, MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsini, dəymiş mənəvi zərərin 1.500 manat olması barəsində tələbi üzrə hər hansı sübutları məhkəməyə təqdim etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddia tələbi “mənəvi ziyanın ödənilməsi” hissəsində də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “ödənilmiş 72 manat dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 72 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5.200 manat məbləğində pul vəsaiti və ödənilmiş 72 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-338/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-338/2025
17.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver