Məhkəmə qərarları › İş №2(016)-347/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-347/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-347/2023 13.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin cavabdeh X4 qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə “Mercedes Benz B180” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2.000 manat pul vəsaitinin və 40,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə X5 tərəfindən idarə olunan “Opel Astra” markalı “**-DY-***” dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törədərək “Mersedes Benz B180” markalı “**-ST-***” dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. "xxxx" Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Mercedes Benz B180” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2.000 manat sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi zamanı X5 nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 108807 nömrəli sığorta aktından görünür ki, “Opel Astra” markalı “**-DY-***” dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmışdır. - xx.xx.2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, yol nəqliyyat hadisəsi baş verən zaman X1 olmuşdur. - xx.xx.2022-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1, 332.1 və 333.3-cü maddələri ilə təqsirli bilinmişdir. - xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” Hesabatdan görünür ki, “Mersedes Benz E220” markalı “**-EV-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 2.000 manat müəyyən edilmişdir. - 108807 nömrəli sığorta aktından görünür ki, 2.000 manat məbləğində pul vəsaiti X2 yolu ilə ödənilmişdir. - xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən və o, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 2.000 manat məbləğində pul vəsaiti və 40,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar