Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-421/2023 21.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 avqust 2022-ci il tarixli müqavilənin ləğv edilməsini, cavabdehə ödənilmiş 5.670 manat məbləğində maddi zərər və 240 manat məbləğində mənəvi zərərin, ümumilikdə 5.910 manat məbləğində pulun və ödənilmiş 80 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin avqust ayında “İnstagram” sosial şəbəkəsində “Prostyle İnşaat” təmir-tikinti şirkəti ilə məşğul olan şirkətə mənzil təmiri üçün müraciət etmiş və “Whatsapp” vasitəsi ilə əlaqə saxladığı şəxslər - Cavabdeh, X2 və usta xx.xx.2022-ci il tarixində müəyyən ölçü işləri aparmaq məqəsdi ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mənzilə gəlmişlər. Bundan sonra onunla, İddiaçı Müstəqim oğlu ilə “Prostyle İnşaat” təmir-tikinti şirkəti arasında təmir xidmətlərinin göstərilməsi haqqında 26 avqust 2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin xidmət müqaviləsinə əsasən ona (xidmət müqaviləsinə əsasən Sifarişçi) məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan mənzilin təmir etdirilməsi üçün “Prostlyle İnşaat” təmir-tikinti şirkəti tərəfindən müəyyən ölçü işləri aparmış və ümumi təmir işlərinin aparılması xərclərinin 17.750 manat təşkil edəcəyi bildirilmişdir. İlkin ödəniş olaraq isə ondan 6.000 manat tələb etmişlər və tərəfindən 3.000 manat ödənilmiş, qalan hissəsinin isə iş görüldükdən sonra verəcəyi barədə razılığa gəlinmişdir. Həmçinin işlər görüldükdən sonra aylıq 326 manat olmaqla 3 il ərzində ödəniş etməli olduğu bildirilmişdir. xx.xx.2022-ci il tarixində təmir işlərinə başlanılmış, xx.xx.2022-ci il tarixindən sonra təmir işlərinin görülməsi məqsədilə usta mənzilə bir neçə dəfə gəlsə də, razılaşdırılmış təmir işləri görülməmişdir. Onun tərəfindən müxtəlif vaxtlarda Cavabdeh təmir işlərinin aparılması ilə bağlı 5.670 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin pul ödəməyinə baxmayaraq, bugünkü günədək mənzilində təmir işləri aparılmır. Bununla əlaqədar DİN-in “102” xidmətinə zəng edib Cavabdeh və X1 ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsindəki mənzilinin təmir edilməsini vəd edib onu aldatdıqlarını, ümumilikdə ondan 5.670 manat alması, lakin verilən vədin yerinə yetirilməməməsini bildirmişdir. Müqavilə öhdəliklərinin icra edilməsi üçün dəfələrlə Cavabdeh ilə əlaqə saxlasa da, heç bir nəticəsi olmamışdır və 26 avqust 2022-ci il tarixli Müqavilə üzrə öhdəliklərini icra etməkdən qərəzli şəkildə boyun qaçırır. Cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərərdə vurulmuşdur, belə ki faktiki olaraq uzun müddətdir ki, mənzili təmir olunmur və buna görədə məcbur qalır kirayə ev tutsun. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olumasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Prostyle İnşaat tikinti-təmir şirkəti ilə İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, şirkət İddiaçı məxsus 65 m2 mənizili ümumi dəyərin (17.750 manat) 30 faizini əvvəlcədən ödəmək şərti ilə 4 ay müddətində təmir etməyi öhdəsinə götürür. - xx.xx.2022-ci il tarixli, ĞĞV seriyalı 234570 nömrəli qəbzdən görünür ki, Prostyle İnşaata təmir-bərpa işlərinin görülməsi üçün İddiaçı tərəfindən 50 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2022-ci il tarixli, ĞĞV seriyalı 234571 nömrəli qəbzdən görünür ki, Prostyle İnşaata təmir-bərpa işlərinin görülməsi üçün İddiaçı tərəfindən 3.000 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2022-ci il tarixli, ĞĞV seriyalı 234572 nömrəli qəbzdən görünür ki, Prostyle İnşaata təmir-bərpa işlərinin görülməsi üçün İddiaçı tərəfindən 2.625 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2022-ci il tarixli, ĞĞV seriyalı 234573 nömrəli qəbzdən görünür ki, Prostyle İnşaata təmir-bərpa işlərinin görülməsi üçün İddiaçı tərəfindən 375 manat məbləğində pul ödənilmişdir. - Abşeron Rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan həmçinin görünür ki, Cavabdeh istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edilərək araşdırması aparılan müraciət ilə bağlı əlaqə saxlayıb izahatının alınması üçün Abşeron RPİ-yə gəlməsinin zəruriliyini bildirilsə də şəxsi işləri ilə bağlı gələ bilməyəcəyini, həmin pulu onun aldığını, Ramal Hüseynovun həmin puldan hər hansı qazanc əldə etmədiyini bildirmişdir. - "xxxx" MMC tərəfindən verilən 29.092023-cü il tarixli rəydən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mənzildə “Prostyle İnşaat” tərəfindən aparılmış təmir işlərinin 29 sentyabr 2023cü il tarixinə dəyəri 580 manat təşkil edir. Məhkəmə hesab edir ki, mübahisə Mülki Məcəllənin (bundan sonra mətndə - MM) 39-cu fəslində nəzərdə tutulmuş podrat müqaviləsi əsasında həll edilməlidir. MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında təqdim edilən sənədlərdən və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçı (sifarişçi) cavabdehlə (podratçı) Abşeron rayonu, Saray qəsəbəsindəki mənzildə təmir-tikinti işlərinin aparılması üçün ümumilikdə 17.750 manat məbləğində pulun ödənilməsi barədə müqavilə bağlamış və 5.670 manat məbləğində avans podratçıya ödənilmişdir. Ekspert rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsindəki mənzildə aparılmış təmir-bərpa işlərinin dəyəri 580 manat təşkil edir. Göründüyü kimi, podratçı müqavilə ilə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. MM-in 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. MM-in 756.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən MM-in 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Eləcə də, MM-in 427.1-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri, yəni müqavilə ilə öhdəsinə götürdüyü müddət ərzində Abşeron rayonu, Saray qəsəbəsindəki mənzildə təmir-bərpa işləri apararaq iddiaçıya təhvil verilməməsi onun üzərinə götürdüyü öhdəlikləri icra etməməsi kimi qiymətləndirilməli, iddia qismən təmin edilməklə 5.090 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın “müqavilənin ləğv edilməsinə dair” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddiaçının mənəvi zərərin əvəzi olaraq cavabdehdən 240 manat məbləğində vəsait tələb etməsini əsassız hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarında Plenum izah etmişdir ki, “...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsini barədə sübutları məhkəməyə təqdim etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iddia tələbinin “dövlət rüsumunun cavabdehdən alınmasına dair” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğindədir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Prostyle İnşaat” təmir-tikinti şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə ləğv edilsin, 5.090 manat məbləğində pul və 80 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC-nin Bravo 3 filialı, VÖEN: **********, Muxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-421/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-421/2023
21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver