Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-451/2025 21.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən onun xeyrinə 7.768,58 manat əsas, 176,8 manat faiz, 10,44 manat cərimə borcu olmaqla, cəmi 7.955,82 manat məbləğində borcun və ödənilmiş 99,56 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli ərizənianketi imzalamaqla Ümumi Oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsilə cavabdehə 60 ay müddətinə, illik 18,50 faiz ödəmək şərtilə 8.000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertanın 16.1-ci və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, banka hər ay gecikmə olmadan 205 manat ödəniş etmişdir. İki ay gecikməsi olduğu üçün ondan 500 manat ödəməsini tələb etmişlər, lakin ödəyə bilmədiyinə görə onun üzərinə 200 manat əlavə edib 700 manat ödəməsini istəmişlər. O, ayda 800 manat əməkhaqqı alır, kirayə qalır, iki övladı var, ailəsinin dolanışığını o, təmin edir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli ərizə-anketdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 18,50 faiz ödəmək şərtilə 8.000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə 15056nkAHMb/23 saylı kredit müqaviləsinə əsasən 7.768,58 manat əsas, 176,8 manat faiz, 10,44 manat cərimə borcu olmaqla, cəmi 7.955,82 manat məbləğində borcu vardır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixə müqavilə üzrə cavabdehin iddiaçıya 7.835,63 manat əsas, 283,06 manat faiz, 19,19 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8.137,88 manat borcu vardır. - 245957 nömrəli qəbzdən görünür ki, bildiriş cavabdehə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 99,56 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilələr əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə, iddia tələbinin 99,56 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 7.768,58 manat əsas, 176,8 manat faiz, 10,44 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7.955,82 manat məbləğində borc və ödənilmiş 99,56 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı “X1” ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-451/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-451/2025
21.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver