Məhkəmə qərarları › İş №2(016)-61/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-61/2024

12.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-61/2024 12.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən onlara dəymiş zərərin əvəzi olaraq 7.500 manat maddi və 1.500 manat mənəvi zərər olmaqla, cəmi 9.000 manat pul vəsaitinin onların xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Göycəyev X1 Südabəyə məxsus olan, “Unibank”-ın ona verdiyi və nömrəsi “4098**** **** 6355” olan kartı onun razılığı olmadan istifadə etmiş və nəticədə M.Südabəyə 3.000 manatadək ziyan dəymişdir. Həmin pul vəsaiti Cavabdeh tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə kartdan çəkilərək istifadə edilmişdir. Belə ki, bu barədə cavabdehin özünə bildirilsə də o pulu yaxın zamanda ödəyəcəyinə dair hər dəfə söz vermiş, lakin əməl etməmişdir. Daha sonra İddiaçı2 məxsus olan, “Kapitalbank” tərəfindən ona verilən, nömrəsi “416973******8360” olan Birkart təyinatlı kartdan ümumilikdə 1.550 manat pulu nağdlaşdıraraq istifadə etmişdir. Bundan başqa, hər iki iddiaçıya məxsus əmək haqqı kartlarından müvafiq olaraq 2.400 və 700 manat götürüb istifadə etməklə onlara ziyan vurmuşdur. Həmin maaş kartlarından cavabdeh onların adına bilinməyən yerlərdən 3 ədəd Samsung A52 telefonu, bir tozsoran, bir 124 ekran televizor, bir ədəd kondisioner götürmüşdür. Nəticədə faizlə birlikdə hər iki iddiaçıya ümumi olaraq 7.500 manat ziyan vurmuşdur. Bütün bu olanlardan sonra onlar hər ikisi səhhətinə ciddi ziyan dəymiş, şərəf və ləyaqəti ləkələnmiş, ciddi əsəb sarsıntısı keçirmişlər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçılar iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf edərək təmin olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edir və təmin olunmasını xahiş edir. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə, iş materiallarına əsasən qeyd edir ki, cavabdehin iddia tələbini etiraf etməsi digər şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, qəbul edilməli və iddia tələbi təmin olunmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 7.500 (yeddi min beş yüz) manat maddi və 1.500 (bir min beş yüz) manat məbləğində mənəvi zərər olmaqla, cəmi 9.000 (doqquz min) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar