Məhkəmə qərarları › İş №2(016)-620/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-620/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-620/2023 05.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əliyeva Elnurə Mütalib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ödənilmiş məbləğin subroqasiya qaydasında geri qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1.250 manat, ödənilmiş dövlət rüsumuna görə 32,50 manat və müvəqqəti təminat tədbirinin təmini barədə ərizə üçün ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh2 məxsus “Mercedes Benz 515 CDİ” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Bakı- Şamaxı-Yevlax yolunun 149-cu km-də Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Matrix” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Matrix” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1.250 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Ağsu RPŞ tərəfindən tərtib edilmiş TP ******* saylı “İnzibati tənbeh tətbiq etmə haqqında” qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 “Mercedes Benz 515CDİ” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı tənbeh tədbiri tətbiq edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, etirbarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. “Mersedes Benz” markalı maşın Cavabdeh2 məxsus idi. Hal-hazırda işsiz olduğuna görə ziyanı ödəyə bilmir. Cavabdeh2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, “Mersedes Benz” markalı maşın ona məxsus olmuş, lakin o, maşını sürmək üçün Cavabdeh1 vermişdir. Onun heç bir günahı yoxdur, çünki qəzanı Məhəmmədəli törədib. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “İcbari sığorta müqaviləsinə dair” məlumatdan görünür ki, “Mercedes Benz 515 CDİ” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə 1 il müddətində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş CM158/21 saylı sığorta aktının surətindən görünür ki, zərərçəkmiş şəxs X2 hesabına 1.250 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan TP ******* nömrəli “İnzibati tənbeh tətbiq etmə haqqında” qərardan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə, saat 14:30-da idarə etdiyi “Mersedes Benz 515 CDİ” mikroavtobus markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə, İXM-in 327.2-ci maddəsinə əsasən barəsində cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, “Mercedes Benz” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən, yol-nəqliyyat hadisəsi nəticəsində X3 məxsus “Hyundai Matrix” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, həmin avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 903.2-ci maddəsinə əsasən, sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, sığorta hadisəsi baş verərkən Cavabdeh2 məxsus “Mercedes Benz” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən onu istismar etməyə hüququ olmadan idarə etməsi ilə baş verdiyindən, bununla da "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ yarandığından, iddia həmin hissədə təmin edilməlidir. MM-in 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “müvəqqəti təminat tədbirinin təmini barədə ərizə üçün ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun iddiaçıdan tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iş materiallarından olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(016)-28/2023 saylı qərardadından görünür ki, Cavabdeh2 məxsus “Mercedes Benz 515 CDİ” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iddianın təmini məqsədilə özgəninkiləşdirilməsinin məhdudlaşdırılması barədə iddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, cavabdehlərdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 1.250 (bir min iki yüz əlli) manat məbləğində pul vəsaiti, ödənilmiş 32,50 (otuz iki manat əlli qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar