Məhkəmə qərarları › İş №2(016)-628/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-628/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-628/2023 25.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş məbləğin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən subroqasiya qaydasında iddiaçının xeyrinə 5.000 manat məbləğində sığorta ödənişinin, 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə edilən **-ZX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə **-DZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Ağsu Rayon Məhkəməsi tərəfindən 15 iyul 2021-ci il tarixli hökm çıxarılmış, hökmə əsasən məlum olmuşdur ki, Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. **-DZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Yol nəqliyyat hadisəsində zərərçəkmiş nəqliyyat vasitəsi **-DZ-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərərdəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirlməsinə dair hesabat”a əsasən zərər 5.275 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 5.000 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasənda geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasına onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, avtomobili Rusifin adına almışdır. Amma avtomobili alarkən sürücülük vəsiqəsi yox imiş. Evdə uşağı yanmış, o da tez uşağı tələsik xəstəxanaya apararkən hadisə olmuşdur. "xxxx" ASC-nin ona və Cavabdeh1 5.000 manat məbləğində sığorta ödənişin tutulması barədə göstərdiyi iddia tələbini qismən qəbul edir, belə ki, yol nəqliyyat hadisəsini o törətmişdir və Cavabdeh1 həmin hadisəyə heç bir aidiyyəti yoxdur. Cavabdeh2 məhkəmə iclasında etiraz ərizəsini müdafiə edərək, iddia tələbini qismən qəbul etdiyini, Cavabdeh1 həmin hadisəyə heç bir aidiyyəti olmadığını bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək göstərdi ki, nəqliyyat vasitəsi onun adına olsa da, yol nəqliyyat hadisəsinə heç bir aidiyyəti yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehlərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. İş materiallarında olan “İcbari sığorta müqaviləsinə dair” məlumatdan görünür ki, Cavabdeh2 məxsus **-ZX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə 1 il müddətində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, zərərçəkmiş şəxs X1 hesabına 5.000 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 1(016)-07/2021 nömrəli, 15 iyul 2021ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh2 barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Məhkəmə hesab edir ki, “VAZ 21063” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən, yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Mercedes Benz C180” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, həmin həmin avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 903.2-ci maddəsinə əsasən, sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, sığorta hadisəsi baş verərkən Cavabdeh1 məxsus “VAZ 21063” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən onu istismar etməyə hüququ olmadan idarə etməsi ilə baş verdiyindən, bununla da "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ yarandığından, iddia həmin hissədə təmin edilməlidir. MM-in 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi Cavabdeh2 tərəfindən törədildiyindən, zərərin ödənilməsi ilə bağlı məsuliyyət Cavabdeh2 üzərinə qoyulmalıdır. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və bank xərcini ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, cavabdehlərdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu və bank xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 5.000 (beş min) manat məbləğində pul vəsaiti, ödənilmiş 70 (yetmiş manat) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xərci cavabdehlərdən müştərək qaydada alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar