Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-643/2024 05.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xaıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 9.000 manat məbləğində pulunun və iddia ərizəsi üçün ödədiyi 110 manat dövlət rüsumu əvəzinin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 85 yaşı var, təqaüdçüdür, daimi olaraq Ağsu rayonu, Kalva kəndində yaşayır. Cavabdeh isə onun həmkəndlisidir. Cavabdehlə münasibəti əvvəllər çox yaxşı olmuş, tez-tez onun evinə gəlmiş, gündəlik işlərdə ona kömək etmiş və bu hərəkətləri ilə etibar qazanmışdır. Oğlu Rusiyada işləyərək 10.000 manat pul qazanaraq saxlamaq üçün ona vermişdir. Oğlu həmin pula ev tikmək istəyirdi. Fəxrəddin də bilirmiş ki, onda pul var. Təxminən 1 il yarım bundan qabaq cavabdeh yaşadığı evə gələrək qızına xeyir iş edəcəyini deyib ondan 10.000 manat pul istəmiş, o da həmin vaxt Fəxrəddinlə münasibətləri yaxşı olduğu üçün istədiyi məbləğ qədər olmasa da, 3.000 manat pulu olduğunu bildirmiş və demişdir ki, əgər lazımdırsa həmin pulu ona verə bilər. Fəxrəddin də ondan həmin 3.000 manatı istəmiş, o da pulu Fəxrəddinə vermişdir. Üzərindən 3 ay keçdikdən sonra Fəxrəddin təkrar evinə gələrək ondan xeyir işi olduğu üçün əlavə olaraq 7.000 manat da pul istəmişdir. O, da ona inanaraq, hissə-hissə Fəxrəddinə 7.000 manat əlavə olaraq pul vermişdir. Bununla da o, Fəxrəddinə cəmi 10.000 manat məbləğində pul vermişdir. Bir müddət sonra o, Fəxrəddindən pulunu qaytarmasını istəmiş, Fəxrəddin də ona həmin puldan 1.000 manatını qaytarmış və bildirmişdir ki, qalan hissəsini də tezliklə artıqlaması ilə verəcəkdir. Lakin, artıq bir neçə aydır ki, cavabdeh ondan aldığı puldan qalan 9.000 manat hissəsini qaytarmır. Dəfələrlə pulunu istəmiş, cavabdeh əvvəllər müxtəlif bəhanələr gətirərək pulunu qaytaracağını bildirsə də, sonradan ona heç bir verəcəyinin olmadığını, guya aldığı pulu qaytardığını bildirmişdir. Hətta cavabdeh bu müddətdə onun qocalığından istifadə edərək, onu aldadaraq aldığı pulun əvəzi olaraq, ona 48 ədəd 200 manatlıq saxta pul gətirib vermiş, o da həmin puldan birini götürüb Şamaxıda mağazaya getmişdir. Mağazada alış-veriş edərkən ona məlum olmuşdur ki, cavabdehin ona verdiyi 200 manatlıq pul saxtadır. O, cavabdehin hərəkətləri barədə polisə də şikayət ərizəsi ilə müraciət etmiş, lakin polisdə ona müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyini izah etmişlər. Buna görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, iddiaçıdan 5 il olar ki, 3 dəfəyə - 240 manat, 260 manat, 500 manat olmaqla, cəmi 1.000 manat pul almışdır. Aralarında heç bir faiz söhbəti olmamışdır. 4 ildir ki, bu xanımın həyətində nökər kimi işləyir. Hətta xanımın barmağındakı itirdiyi üzüyü də o tapıb vermişdir. İddiaçı hal-hazırda hər ay 300 manat faiz hesablamaqla ondan tələb edir. Pul xanımın öz puludur, oğlunun pulu deyil. İddiaçı ona demişdir ki, pul verməsindən oğlunun xəbəri olmasın. Hal-hazırda oğlu Ukraynada yaşayır. Daha sonra xanım onun bacısına onun 25.000 manat borcu olduğunu bildirmiş, o da iddiaçıdan aldığı 1.000 manat pulu aparıb qaytarmışdır. Hal-hazırda onun iddiaçıya heç bir borcu yoxdur. İddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan vəməhkəmə tərəfindən tədqiq edilmiş: - Ağsu Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından HK- 1/194 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş, X2 və X1 həmkəndlisi Cavabdeh 9.000 manat, X1 həmkəndlisi Cavabdeh 3.600 manat borca pul verib ala bilməmələri barədə müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etmələri onlara izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında Cavabdehoğlu İddiaçı 1.000 manat pul verdiyini bildirmişdir. İddiaçı da 1.000 manat məbləğində pulun cavabdeh tərəfindən ona qaytarıldığını etiraf etmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı 9.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona olan borcunu qaytarmadığını bildirsə də, iddia etdiyi halların təsdiqi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. MPM-in 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. MPM-in 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göründüyü kimi, iddiaçı cavabdehdə 9.000 manat məbləğində pulunu geri ala bilməməsini iddia etsə də bunu təsdiq edəcək hər hansı bir sübutu işə əlavə etməmişdir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun tutulması barədə hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci isə iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, dövlət rüsumu iddianın rədd edilməsinə müvafiq olaraq iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-643/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-643/2024
05.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver