Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-807/2024 17.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, İddiaçı cavabdeh Ağsu Rayon İlxıçı Bələdiyyəsinə qarşı «pul vəsaitinin indeksasiya olunması və yenidən icraata verilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-1074/2018 nömrəli qətnaməsi üzrə ödənilməli pul vəsaitinin indeksasiya olunması və yenidən icraata verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddianın qiyməti 8.096,77 manatdır. İddiaçı 100,96 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, o, 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçının iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Bu səbəbdən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarından müəyyən olunur ki, iddiaçı qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Belə ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cəmi 30 manat dövlət rüsumu ödəmişdir. MPM-in 114.1.3-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən "xxxx" MMC vasitəsilə xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 152, 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Ağsu Rayon İlxıçı Bələdiyyəsinə qarşı «pul vəsaitinin indeksasiya olunması və yenidən icraata verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" MMC vasitəsilə xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-807/2024
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-807/2024
17.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver