Məhkəmə qərarları › İş №2(016)-826/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-826/2023

18.09.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-826/2023 18.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Maraqlı şəxsndə doğum haqqında şəhadətnamədə xx.xx.1996-cı il təvəllüdün düzəliş edilməsi xx.xx.1998-ci il qeyd olunmasını xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci il tarixdə Ağsu rayonu, Xəlilli kəndində anadan olmuşdur. Qeyd olunan kənddə ev şəraitində anadan olmuşdur. Sonradan doğum faktının qeydiyyata alınması üçün valideynləri aidiyyəti üzrə Ağsu Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək arayış almış, Maraqlı şəxsnə təqdim etmişlər. Lakin doğum tarixini Şöbə düzgün qeyd etməmişdir. xx.xx.1998-ci il tarixi əvəzinə doğum tarixini xx.xx.1996-cı il kimi qeyd etmişlər. O, xx.xx.2023-cü il tarixdə bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, müraciətinə baxılmış, ona rəsmi olaraq bildirilmişdir ki, Şöbədə tərtib edilmiş xx.xx.1997-ci il tarixli 157 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında uşağın doğum tarixi xx.xx.1996-cı il yazılmışdır və akta dəyişiklik aparılmasından imtina edilərək aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxsndə tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 157 saylı doğum haqqında akt qeydində doğum tarixinin düzgün olaraq xx.xx.1998-ci il kimi qeyd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə Ağsu rayonu, Xəlilli kəndində anadan olmaqla, atası X6, anası X3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat Şöbəsi vətəndaşlıq vəziyyətləri aklarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Akt qeydində müvafiq dəyişikliyin aparılması üçün kifayət qədər əsaslar olmadığı üçün Maraqlı şəxs məhkəməyə müraciət etməsini tövsiyə edir. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, əvvəllər uşaqların adına torpaq verildiyi üçün qayınanası uşağın doğum tarixini xx.xx.1996-cı il qeyd etdirərək onu böyük göstərmişdir. Lakin qızı - Ərizəçi xx.xx.1996-cı il tarixdə deyil, xx.xx.1998-ci il tarixdə doğulmuşdur. Həmin vaxt qardaşının arvadıda onlarda olmuşdur. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, ərizəçinin dayısının arvadıdır. Qonşu kənddə yaşayır. Onlar həmişə gediş-gəlişli olmuşlar. Doğumun vaxtı olduğu üçün onlara getmişdir. Uşaq xx.xx.1998-ci il tarixdə dünyaya gəlmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi doğum tarixi “xx.xx.1998-ci il” olduğu halda, onun adına Maraqlı şəxs tərəfindən aparılmış 157 saylı doğum akt qeydində doğum tarixi “xx.xx.1996-cı il” qeyd edilmişdir. Ərizədən də görünür ki, ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 339 və 341-ci maddələrinə istinad edərək, Ərizəçi adına Maraqlı şəxs tərəfindən aparılmış 157 saylı doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1996-cı il” yazılmasının düzgün olmamasının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi qeyd edilən normaya istinad edərək doğum haqqında akt qeydləri kitabında olan qeydin düzgün olmamasının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi MPM-nin 37-ci fəsli ilə yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 160-cı maddəsinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar, habelə qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanılması qaydası və müddətləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Əgər vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəlişin və ya dəyişikliyin aparılması üçün kifayət qədər əsas yoxdursa, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi həmin hərəkətləri etməkdən imtina edə bilər. Bu halda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmaması haqqında ərizəyə məhkəmədə xüsusi icraat qaydasında baxıla bilər. MPM-in 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 340-cı maddəsinə əsasən, ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi gətirilməlidir. MPM-in 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər məhkəmə qətnaməsi ilə düzəldilmir. Ona görə ki, həmin düzəliş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi adına Maraqlı şəxsndə xx xxxxxx 1996-cı il tarixdə aparılmış 157 saylı doğum haqqında akt qeydində doğum tarixinin “xx xxxxxx 1996-cı il” qeydinin düzgün olmaması müəyyən edilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Ərizəçi doğum haqqında akt qeydləri kitabında doğum tarixinin “19 yanvar 1998-ci il” kimi düzəldilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar