Məhkəmə qərarları › İş №2(016)-85/2025

Ağsu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(016)-85/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-85/2025 13.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 1.100 manat məbləğində pul, maddi ziyanın əvəzi kimi 90 manat, mənəvi ziyanın əvəzi kimi 110 manat və 31 manat dövlət rüsumu əvəzinin tutularaq İddiaçı verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, kənddə ailə üzvləri ilə birlikdə xırdabuynuzlu heyvan yetişdirib artırmaqla məşğuldur. 40 baş qoyun heyvanı var. 24 avqust 2024-cü il tarixdə özünü qəssab kimi tanıdan Ağsu şəhər sakini Cavabdeh heyvanlara baxaraq kəsilməli qoyunlardan almaq istədiyini bildirmişdir. Onlar belə razılaşmışlar ki, o, heyvanları seçib diri halda çəkib, yarı ətlik hissəsinin hər kiloqramı 17 manata alqı-satqısını edəcəklər. O, heyvanları nağd halda satmaq istədiyini bildirmiş, həftənin şənbə günü olduğundan cavabdeh bildirmişdir ki, sabah yəni bazar günü pulunu cəm halında verəcək. O, pulun hamısının bazar günü veriləcəyinə inanıb razılaşmış, çünki cavabdeh ona and-aman edib bildirmişdir ki, heyvanları nisyə alır, bazar günü pulunu ödəyir. Kəndlərdə onu yaxşı tanıyırlar, neçə-neçə adamlardan qoyun-quzu alıb, hamısını bazar günü verir, heç kimi aldatmayıb. O da cavabdehə inanıb istədiyi heyvanları ona vermişdir. Beləliklə, cavabdeh 40 baş qoyundan 17 başını seçib bir-bir diri halda çəkib yarı ətlik hissədə hesablamışdır. Cəmi 203 kq ətlik olmuş, 3 kq da ona güzəşt etmişdir. Ona 3.400 manat pul verilməsi barədə razılaşmışlar. Deyilən vaxtda, yəni bazar günü onunla görüşdükdə 2.300 manat ona pul verib, qalan 1.100 manatı da axşam kartına göndərəcəyinə söz vermiş və ondan kartının nömrəsini və digər məlumatı götürmüş, lakin qalıq pulu dediyi vaxt göndərməmişdir. Sonrakı günlərdə onun mobil nömrəsinə zəng edib qalıq 1.100 manat pulu tələb etmiş, o da elə hey verəcəyinə söz vermişdir. Xeyli müddət keçəndən sonra evlərinə getmiş, anası demişdir ki, Bakıya gedib. Bundan sonra ona zəng edib pulun qalığını tələb etmiş, cavabdeh ona demişdir ki, Bakı şəhərinə filan yerə, filan vaxtda gəl, orada görüşüb pulu verəcəkdir. Odur ki, o, maşın tutub 40 manat xərc çəkərək deyilən vaxtda və deyilən yerə gedib orada saatlarla gözləmiş, lakin cavabdeh gəlməmişdir. Beləliklə, cavabdeh onu 3 dəfə Bakı şəhərinə apartdırıb-gətirmiş, lakin pulu verməmişdir. Bakı şəhərinə 3 dəfə gedib-gəlməyinə görə 90 manat xərc çəkməklə yanaşı, gərginlik keçirmiş, bununla da ona mənəvi zərər dəymişdir. Cavabdeh heyvanları Ağsu rayonu, Ərəbuşağı kəndində yaşayan X1 idarə etdiyi Qazel markalı, **-DE-*** nömrəli avtomobillə aparmış və bu da videogörüntüyə düşmüşdür. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı məhkəməyə ərizə təqdim edərək mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıdan 3.400 manat dəyərində xırdabuynuzlu heyvanı almış, həmin puldan 2.300 manatını nağd şəkildə vermiş, qalan 1.100 manatını qaytaracağına söz versə də borcunu qaytarmamışdır. Cavabdeh İddiaçı borclu olması iş materiallarında olan səs yazıları ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, Cavabdeh 1.100 manat məbləğində iddiaçıya borclu qalması işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməklə cavabdehdən 1.100 manat məbləğində pul tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “maddi və mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona maddi və mənəvi zərər dəyməsini qeyd etsə də, həmin halların təsdiqinə dair sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220 və 238-253-cü maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.100 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Ağsu Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar