Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-876/2024 28.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 590 manat məbləğində pul vəsaiti və iddia ərizəsi üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Kürdəmir rayonun Mərkəzi Bazarında cehiz əşyalarının satışı ilə məşğuldur və vətəndaşlara həm nağd, həm də ki nisyə formada cehiz əşyaları satır. xx.xx.2024-cü il tarixdə Ağsu rayon Hacıqədirli kənd sakini cavabdeh Həmidov X1 rayon mərkəzi bazarına gələrək avtomat paltaryuyan maşın almaq istədiyini və həmin pulu hissə-hissə olaraq ödəyəcəyini bildirmişdir. Maddi imkanının olmadığını görüb ona nisya olaraq 800 manat dəyərində avtomat paltaryuyan maşın vermişdir. 800 manat dəyərində olan malın müxtəlif vaxtlarda hissə-hissə 100 və sonra isə 110 manatını ödəmiş və 590 manat borcu qalmışdır. O, dəfələrlə 590 manatı tələb etsə də borclu qaldığı 590 manat pulu vermək istəmir və müxtəlif bəhanələrlə yayınır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmənin şifahi sorğusu əsasında Ağsu rayon Polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanan sənədlərdən görünür ki, cavabdeh verdiyi izahatında bildirmişdir ki, o, Kürdəmir şəhəri Kolxoz bazarında yerləşən mebel mağazasından 800 manat dəyərində paltaryuyan maşın almış, həmin pulun bir hissəsini ödəmiş, onun iddiaçıya 590 manat məbləğində borcu qalmışdır. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 800 manat dəyərində nisyə paltaryuyan maşını satmış, cavabdeh həmin məişət əşyasının dəyərinin bir hissəsini ödəmiş, qalan 590 manat hissəsini ödəməkdən yayınmışdır. Göründüyü kimi, cavabdehin iddiaçıdan məişət əşyası alması və həmin əşyanın dəyərinin 590 manat hissəsini qaytarmaması iş materialları ilə təsdiq edilir. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdeh 590 manat məbləğində pulu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda malın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan mal almasına dair hüququndan istifadə etmiş, malın dəyərini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 590 (beş yüz doxsan) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-876/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-876/2024
28.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver