Məhkəmə qərarları › İş №2(016)-888/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-888/2025

18.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-888/2025 18.08.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh hüquqi əsas olmadan əldə etdiyi 10070 manat və dövlət rüsumuna görə ödənilmiş 120,21 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu Orxanın dostu kimi tanımışdır. xx.xx.2024-cü ildə Cavabdeh oğlu Orxanla birlikdə onun yanına gələrək ondan borc pul istəmişdir. Cavabdeh Ağsu rayon Polis şöbəsində işlədiyini deyib işində problem olduğunu demişdir və ondan 16348 manat pul borca almış və borcunu 12 ay müddətində hissə-hissə qaytaracağını bildirmişdir. Amma verdiyi sözə əməl etməyərək pulunun hissəhissə olaraq 6278 manatını qaytarmış və qalan 10070 manatını qaytarmamışdır. Bütün bunlara əsasən hesab edir ki, Cavabdeh hüquqi əsas olmadan əldə etdiyi 10070 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçını ilk dəfədir görür. Borc pulu iddiaçının oğlu Orxandan götürüb. Qapılarına getməmişdir. Ərizəni özü yazmışdır, ərizədəki vəsiqənin surəti onun vəsiqəsinin surətidir, həmçinin ərizəni də özü imzalamışdır. Ərizə yazarkən ona hər hansı təsir olmamışdır. Lakin borcun məbləği 16348 manat yox, 8000 manat olmuşdur. 2023-cü ildən bəri hər ay maaşını aldıqda 600 manat nağd pul ödəmişdir. Hazırda iddiaçı pulu faizə çevirərək 16000 manat tələb edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdehin əl yazısı olan sənəddən görünür ki, Cavabdeh İddiaçı 16348 manat borc aldığını və 12 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək hissə-hissə aylıq olaraq ödəyəcəyini yazılı şəkildə qeyd etmiş və yazdıqlarını öz imzası ilə təsdiq etmişdir. - Ödəniş qəbzlərindən görünür ki, cavabdeh müxtəlif vaxtlarda borcundan ödənişlər etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehə 16348 manat borc pul verməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmiş, cavabdeh isə qeyd etdiklərini (iddia tələbində qeyd edilən məbləğdə pul almamasını, aldığı pulu tam ödəməsini, qeyd edilənin faiz kimi yazılıb ondan tələb edilməsini) təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasında 16348 manat borc verməsini, həmin borcdan qismən ödəniş edilməsini və 10070 manat qaldığını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən və cavabdeh tərəfindən isə iddia tələbində qeyd edilən məbləğdə pul almamasını, aldığı pulu tam ödəməsini, qeyd edilənin faiz kimi yazılıb ondan tələb edilməsini təsdiq edən sübutları təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, Cavabdeh İddiaçı 16348 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı verdiyi pul vəsaitini Cavabdeh geri tələb etməyə haqlıdır. MM-nin: 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına əsasən və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 16348 manat pul alaraq əsassız varlanmışdır. Daha sonra borcundan 6278 manat ödəmiş, qalan 10070 manatı geri qaytarmamışdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 120,21 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 120,21 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10070 manat məbləğində pul və ödənilmiş 120,21 dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10070 manat məbləğində pul və ödənilmiş 120,21 dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar