Məhkəmə qərarları › İş №2(016)-91/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-91/2023

21.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-91/2023 21.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh Ağsu Rayon Gəgəli Bələdiyyəsinə qarşı “torpaq sahəsinə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun hal-hazırda istifadə etdiyi torpaq sahəsi üzərində istifadə hüququnun tanınmasını xahiş etmişdir. İddiaçıın əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu rayon Aqrar İslahat Komissiyası tərəfindən onun mülkiyyətinə Ağsu rayonu, Gəgəli kəndində 1.0390 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış bunu təsdiq edir. Həmin torpaq sahəsi əkintiyə yararsızdır və bununla bağlı o, Ağsu Rayon İcra Hakimiyyətinə müraciət etmiş, sahəyə baxış keçirilmiş və icra başçısının göstərişinə əsasən bələdiyyə tərəfindən ona Gəgəli kəndində əkinə yararlı torpaq verilmişdir. Həmin torpaq sahəsini 5 ildir ki, istifadə edir. O, torpaq sahəsinə rəsmi sənəd istəsə də bələdiyyə tərəfindən imtina olunub, bələdiyyədən bildirilib ki, torpaq sahəsi o şərtlə onun mülkiyyətinə verilə bilər ki, o, mülkiyyətində olan torpağı bələdiyyənin mülkiyyətinə versin. Bununla bağlı o etiraz etməmiş razılıq vermişdir. Onun mülkiyyətində olan torpaq heç bir əkinə yaramır, yeganə gəlir mənbəyi kənd təsərrüfatıdır, bununla ailəsini dolandırır. O, qazi atasıdır, iki övladı hal-hazırda hərbi xidmətdədir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, onun istəyimi belə vətəndaşların problemlərinin həll olunmasıdır. Bələdiyyənin ehtiyat torpaqları var və o, torpaqların əvəz olunmasına etiraz eləmir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X4 halhazırda Ağsu rayonu, Gəgəli kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********70 olan çıxarışdan görünür ki, 1.0390 ha torpaq sahəsi X4, X6, X5, X7 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Ağsu Rayon Gəgəli Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 05 nömrəli iclas protokolundan görünür ki, 18 nəfər ailə üzvnə düşmüş yararsız pay norması Gəgəli Bələdiyyəsinin mülkiyyətində olan eyni ölçüdə prespektiv inkişaf üçün ayrılmış torpaqlar ilə əvəz edilməsinə razılığın verilməsi, əvəzləşmə ilə əlaqədar kəndin cənubunda yerləşən 16 hektar bələdiyyənin ehtiyat fondu torpağı kəndin prespektiv inkişafı üçün ayrılmış torpaqlara aid edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4.-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən, hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşsə də o, tələb etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı X1 cavabdeh Ağsu Rayon Gəgəli Bələdiyyəsina qarşı “torpaq sahəsinə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar