Məhkəmə qərarları › İş №2(016)-928/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-928/2024

14.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-928/2024 14.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X4 Natiq oğlunun sədrliyi Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparmaqla baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 14000 manat borc və ödədiyi 132 manat dövlət rüsumu əvəzinin alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh onun qonşusudur. Cavabdeh və onun valideynləri dəfələrlə ondan hissə-hissə borca pul almışdılar. Cəmi 14000 manat o onlara borca pul vermişdir. Sonuncu dəfə o ona bildirmişdir ki, onun krediti var və həmin krediti bağlamaq üçün ona 6 min manat pul lazımdır 1 saatlıq, həmin krediti bağlayaraq o artıq pul götürərək onun borcunu verəcək. Lakin o banka yaxınlaşaraq məlumat almışdır ki, ona kredit verilməsindən imtina edilmişdir. Belə bəhanələrlə cavabdeh onu aldadaraq pulunu qaytarmamışdır. Sonra da bildirmişdir ki, mercedes markalı yük avtomobilini sataraq onun borcunu qaytaracaq, lakin həmin avtomobili satmamışdır. Ona məxsus telefon vatcap yazışmalarından və iddia ərizəsinə əlavə edilmiş çıxarışlardan görünür ki, cavabdeh borcunun olduğunu təsdiq edir, lakin müxtəlif bəhanələrlə qaytarmaqdan boyun qaçırdır. Bu günkü günə cavabdehin ona 14000 manat borcu vardır. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdehlər ondan cəmi 16000 manat pul borc almışlar, həmin borcdan hazıradək 2000 manat qaytarmışlar. Hazırda 14000 manat borcları vardır. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, arvadı Cavabdeh2 iddiaçıdan 3000 manat pul almışdır, pul alınan zaman o, onları maşınla aparmış və bu səbəbdən onların yanında olduğu üçün onu da məhkəməyə vermişlər. Arvadı Cavabdeh2 həmin puldan 2000 manat geri qaytarmış, 1000 manat borcu qalmışdır. Onlara qarşı olan iddianı əsassız hesab edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir, iddiaçıdan 2 dəfəyə 2000 və 1000 manat, cəmi 3000 manat faizə pul almışdır, onun da 2000 manatını evini sataraq vermiş, qalan bborcuna görə də faiz tutmayacağını bildirmiş, lakin 2-3 aydan sonra məhkəməyə çağırıldıqlarını bilmişdirlər. Onlara qarşı olan iddianı əsassız hesab edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, işini genişləndirmək üçün ona pul lazım olduğuna görə anası Yasəmən adlı bir qadından 3000 manat faizlə pul götürmüşdür. O, da hər ay faiz pulunu vaxtlı-vaxtında Yasəmən xanıma anası vasitəsilə ödəmişdir. Anası Rusiya Respublikasının Moskva şəhərinə müalicəyə getdikdə özü şəxsən onun faizini ödəmişdir. Anası müalicədən qayıtdıqdan sonra Yasəmən xanıma 2000 manat pul qaytarmışdılar. Ondan götürdükləri pulun 3-4 qat artığını faiz kimi ödəmişlər. Onlara qarşı olan iddianı əsassız hesab edərək iddianın rədd edilməsini xahiş etmişdir. Şahid məhkəmə iclasında izahat verərək bildirdi ki, Yasəmən onun qonşusudur. Bir neçə dəfə ondan borca pul almış sonra da qaytarmışdır. Rübabə isə onun baldızıdır. Bir gün Rübabə ona yaxınlaşaraq oğlu üçün pul lazım olduğunu bildirmiş, o da qonşusu Yasəmən ona bir iki dəfə əl tutmuş, istəsə onun üçün də Yasəməndən pul istəyəcəyini bildirmişdir. O, Yasəməndən 400 manat pul almışdır. 1-2 həftə keçdikdən sonra Elsevər yenə gəlmiş, ona pul lazım olduğunu bildirmiş, o da yenidən Yasəmənə yönəltmişdir. İlk dəfə 400 manat olduğunu bilir, lakin sonra nə qədər alması barədə xəbəri olmamışdır. Daha sonra Yasəmən ona demişdir ki, cavabdehlərin ona olan borcu 8000 manatı keçmişdir. Şahid X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, dayısı xəstə olduğu üçün orda idi. Bu zaman dayısının baldızı onlara gəlmiş və dayısının yoldaşından pul istəmişdir. Dayısının yoldaşı da bacısına, yəni Yasəmənə pul vermişdir. Qədərini bilməmiş, dayısının yoldaşının deməsinə görə 6 min manat imiş. Sonra Yasəmən onu çöldə kiməsə vermişdir. Lakin onun Elsevər olmasını bilməmişdir. Şahid X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yasəmən onun bacısıdır. Bir gün bacısı ondan 6 min manat 2 saatlıq borca pul istəmişdir. O, da 6 min manat pulu bacısına vermiş, bacısı da onların həyətində, onun yanında pulu Elsevərə vermişdir. Elsevər evlərini satıb pulu ödəyəcəyini bildirmiş, lakin üstündən uzun müddət keçsə də pulu qaytarmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyərək və təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Vatsap mobil proqramı vasitəsi aparılmış yazışmaların çıxarışlarından və telefon vasitəsilə göndərilmiş SMS-lərdən görünür ki, Elsevər borcunun olmasını qəbul etmiş, lakin həmin SMS-lərdə məbləğlə bağlı yazı əks olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. İddiaçı cavabdehlərə borc pul verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsədə, həmin məbləğin 14000 manat olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən 3000 manat götürülməsi, həmin borcdan 2000 manat ödənilməsi, 1000 manat borc qalması müəyyən edilmişdir. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasında 16000 manat borcdan 14000 manat qaldığını təqdim etdiyi sübutlarla təsdiq etmədiyindən və cavabdehlər tərəfindən isə cəmi 3000 manat borc götürüldüyü və ondan 2000 manat qaytarıldığı, cəmi 1000 manat borc qaldığı etiraf edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 göstərilsə də iddiaçının özünün dediklərindən, həmçinin cavabdehlərin etiraflarından və şahid ifadələrindən də görünür ki, borc pul alınmasında Cavabdeh2 və Cavabdeh3 iştirak etmişdir. Cavabdeh1 iddiaçıdan borcun alınmasında şəxsən iştirakı və hər hansı öhdəlik götürməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1000 manat pul tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında qanuna əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manatdır. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 132 manat dövlət rüsumunun 30 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulmalı, 102 manatı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 30 manatı İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 102 manatı İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar