Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-103/2025 04.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmənin iclas katibi X3, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 260000 manat məbləğində maddi ziyanın, 50000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 600 manat dövlət rüsumunun cavabdehlər “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, 2019-cu ilin may ayında X8 ilə nikaha daxil olmaq üçün “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Laboratoriya şöbəsinə gedərək müvafiq analizlər verib, testlərdən keçmişlər. Həmçinin qanın ümumi analizini də vermişlər. Təxminən 10 gündən sonra tibbi müayinədən keçdiklərini təsdiq edən özü və arvadının barəsində tərtib edilmiş arayışı həmin xəstəxananın işçisi olan Cavabdeh2 almış, daha sonra həmin sənədləri Ağcabədi rayon qeydiyyat şöbəsinə təqdim etmiş və nikahlarını rəsmiləşdirilmişlər. Qeyd edilən arayışlarda onların nikaha daxil olmalarını istisna edən heç bir xəstəliyin olmadığı, o cümlədən talassemiya və digər qan xəstəliklərinin mövcud olmadığı qeyd olunmuşdur. Bundan bir il sonra, yəni 29 iyun 2020-ci il tarixdə Elay adlı bir nəfər qız övladları anadan olmuşdur. Uşaq doğulandan sonra uşaqda halsızlıq, solğunluq, tez-tez xəstələnmələr olmuşdur. Uşağı müxtəlif həkimlərdə müayinə və müalicə etdirsələr də, heç bir nəticə olmamış və bütün qazancını övladının xəstəliyinə sərf etmişdir. Daha sonra, Bakı şəhərində bir neçə xəstəxanada olmuş, lakin bu müayinə və müalicələr də heç bir fayda verməmişdir. Nəhayət 09 ay sonra, yəni 28 aprel 2021-ci il tarixdə laboratoriya analizlərinin nəticəsinə əsasən övladının beta-talassemiya xəstəliyi ilə doğulduğu aşkar olunmuşdur. Bundan sonra, onlardan nikaha daxil olmazdan əvvəl verdikləri laboratoriya nəticələri tələb olunmuş, həmin sənədlərin nüsxələrini rayon mərkəzi xəstəxanasından alaraq sənədlərə baxarkən orada “təkrar qan” və “neqativ” sözlərinin yazıldığını aşkar etmişdir. Bu barədə ona heç kim məlumat verməmiş və sənədləri ona təqdim edən həkim də onların heç bir xəstəliklərinin və ya başqa problemlərinin olmadığını demişdir. Ağcabədi rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində onun betatalassemiya xəstəliyi ilə övladı dünyaya gəlmişdir. Bundan sonra, Ağcabədi rayon prokurorluğuna müraciət etmiş, Ağcabədi rayon prokurorluğunun müstəntiqi X9 45 C-23 nömrəli material üzrə araşdırma aparmış və araşdırma zamanı “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ASM şöbəsinin ailə həkimi-terapevt vəzifəsində işləyən Cavabdeh2 vəzifəli şəxs qismində işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlıq etməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi müəyyən edilmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün 10 yanvar 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilməlidir. Həmin qərardan şikayətlər etmiş və sonuncu şikayəti təmin edilməmişdir. Hər 15 gündən bir övladına qan köçürülməsi üçün Bakı şəhərində olan Respublika Talassemiya Mərkəzinə aparır. Bunun nəticəsində ona və ailə üzvlərinə maddi və mənəvi ziyan dəymişdir. Hazırda övladının müalicəsi, yən qan köçürülməsi xərcləri Dövlət hesabına ödənilir və Dövlət tərəfindən övladına və arvadına pensiya da təyin edilmişdir. Lakin, övladı Elay Zülfüqarovanın betatalassemiya xəstəliyindən sağalması üçün əməliyyat olunması zəruridir və maddi imkanı olmadığından əməliyyatı həyata keçirə bilmir. Hazırki günə qədər Elay Zülfüqarovanın müalicəsinə 60000 manat pul xərclənmişdir. İlik köçürülməsi isə Azərbaycanda mümkün deyil və yalnız başqa Respublikalarda uyğun donor olduqda ilik köçürülə bilər. Həmçinin bu əməliyyat üçün 200000 manat pul tələb olunur. İllərdir övladının xəstəliyi nəticəsində ona və ailəsinə maddi zərərlə yanaşı mənəvi zərər də dəymişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı 2019-cu ilin may ayında X8 ilə nikaha daxil olmaq üçün qanunvericiliyə əsasən qabaqcadan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Laboratoriya şöbəsinə gedərək müvafiq analizlər verib testlərdən keçmişlər. Bundan sonra iddiaçıya arayış verilmiş və həmin arayış əsasında Ağcabədi rayon qeydiyyat şöbəsində nikah rəsmiləşdirilmişdir. Həmin arayışlarda İddiaçı ilə X1 nikaha daxil olmalarını istisna edən heç bir xəstəliyin olmadığı qeyd olunmuşdur. İddiaçı ilə X1 birgə nikahlarında 29 iyun 2020-ci il tarixdə Elay adlı bir nəfər qız övladları anadan olmuş və həmin uşağın beta-talassemiya xəstəliyi ilə doğulduğu aşkar olunmuşdur. Bunun da nəticəsində İddiaçı ilə X4 maddi və mənəvi ziyan dəymişdir. İddiaçı bununla bağlı Ağcabədi rayon prokurorluğuna ərizə ilə müraciət etmiş və iş üzrə araşdırma aparıldıqdan sonra Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi müəyyən edilmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət işinin başlanması rədd edilməlidir. Göründüyü kimi həkim səhlənkarlığı nəticəsində iddiaçıya və ailəsinə həm maddi, həm də mənəvi zərər dəymişdir. Hazırda da İddiaçı övladının müalicəsi məqsədilə ayda iki dəfə Bakı şəhərində olur və bu da ona həm maddi, həm də mənəvi zərər vurur. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında göstərdi ki, İddiaçı ilə 2019-cu ilin may ayında nikaha daxil olmaq üçün “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Laboratoriya şöbəsinə gedərək müvafiq analizlər verib testlərdən keçmişlər. Xəstəxana tərəfindən onlara arayışlar verilmiş və həmin arayışlar əsasında İddiaçı ilə nikaha daxil olmuşlar. Onların birgə nikahdan 29 iyun 2020-ci il tarixdə Elay adlı bir nəfər qız övladları anadan olmuş və yoxlama zamanı övladının beta-talassemiya xəstəliyi ilə doğulduğu aşkar olunmuşdur. Övladının xəstəliyi ilə əlaqədar onlara maddi və mənəvi zərər dəymişdir və ailə başçısı kimi məhkəmədə əri İddiaçı iddia qaldırmışdır. İddiaçı onlara dəymiş ziyanla bağlı iddia qaldırdığı üçün o, məhkəmədə iddia qaldırmayacaqdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ASM şöbəsinin ailə həkimi-terapevt vəzifəsində işləyir. İddiaçı və X8 2019-cu ilin may ayında nikah bağlamaq üçün qanunvericiliyə əsasən qabaqcadan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Laboratoriya şöbəsinə gedərək müvafiq analizlər vermişlər və arayışlar əldə etmişlər. Lakin, həmin arayışları Cavabdeh2 iddiaçıya təqdim etməmiş və iddiaçının həmin arayışı haradan əldə etməsindən Cavabdeh2 məlumatı olmamışdır. Bundan başqa, digər Cavabdeh3 isə ümumiyyətlə həmin arayışın verilməsi ilə əlaqəsi olmamış, həmin arayışın verilməsində, tərtib edilməsində iştirakı olmamışdır. Həmçinin Cavabdeh3 xəstəxananın laboratoriya şöbəsində işlədiyindən verilən analizlərin nəticəsindən onun məlumatı olmur. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən mülki işə cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş 07 may 2019cu il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı qanının ümumi analizinin nəticələrində “Hemoqlobin A” parametrinin “Nəticə” qrafasında “təkrar qan” (N: 96,5 – 98 %) sözləri qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş 07 may 2019cu il tarixli ******* nömrəli arayışdan görünür ki, Zülfüqarova (Əsədova) Aliyə Əsəd qızının qanının ümumi analizinin nəticələrində “Hemoqlobin A” parametrinin “Nəticə” qrafasında “təkrar qan” (N: 96,5 – 98 %) sözləri qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Talassemiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 08 iyul 2021-ci il tarixli, L0630935 nömrəli arayışdan görünür ki, X10 həmin mərkəzdə müayinə olunmuş və ona D56.1 Beta-talassemiya (böyük forma) diaqnozu təyin edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X6 Mərkəzi”ndən verilmiş 12 yanvar 2022-ci il tarixli arayışlardan görünür ki, İddiaçı və X4 məxsus nümunələrdən əldə edilən DNT materialından HBB sekans analizinin işlənilməsinə görə onlarda “Heterozigot” mutasiyası aşkar edilmiş və ailəyə genetik konsultasiya məsləhət görülmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş komisyon məhkəmə-tibbi ekspertizanın 29 aprel 2023-cü il tarixli, 155-1/KEŞ nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində aparılmış müayinələr nəticəsində İddiaçı beta-talassemiya xəstəliyinin daşıyıcısı olmasına şübhə mövcud olduğundan sonuncu “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən təkrar müayinəyə göndərilməli və həmin xəstəliyin daşıyıcısı olduğu vaxtında aşkar olunmalı idi. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş əlavə komisyon məhkəmə-tibbi ekspertizanın 29 sentyabr 2023-cü il tarixli, 640/KEŞ və 640-1/KEŞ nömrəli rəylərindən görünür ki, İddiaçı və Zülfüqarova (Əsədova) Aliyə Əsəd qızı “Heterozigot” mutasiyasının (yəni beta-talassemiya xəstəliyinin) daşıyıcısıdırlar. Həmin xəstəlik genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Xəstəliyin tam sağalması tibbi praktikada mövcud deyil. Talassemiya daşıyıcısı ilə birgə münasibətdən istər təbii, istərsə də süni mayalanma yolu ilə sağlam uşaqlarının doğulması və ya həmin xəstəliyin daşıyıcısı olması mümkündür. X2 düçar olduğu beta-talassemiya (böyük forma) xəstəliyinin tam sağalması tibbi praktikada mövcud deyil. Qeyd olunan xəstəliklə əlaqədar Elay Zülfüqarova ixtisaslı tibb müəssisəsində qeydiyyatda olmalı, kliniki vəziyyətinə uyğun olaraq müayinə və lazım gəldikdə adekvat müalicələr təyin edilməlidir. X2 düçar olduğu qan xəstəliyi onun əqli inkişafına təsir etmir. Lakin fiziki inkişafında sümük sıxlığı və strukturlarının pozuntuları qeyd oluna bilər. Betatalassemiya (böyük forma) xəstəliyi anemiya, daxili orqanlarda dəyişikliklər, endokrin pozuntular, kliniki əlamətlərlə özünü büruzə verir. Xəstəlik xroniki gedişlidir, müalicə metodlarından qanköçürmə, fol turşusu əlavəsi və sümük iliyinin transplantasiyası aparılır. Müalicələrin müsbət nəticə faizi və proqnozu haqqında əvvəlcədən fikir söyləmək mümkün deyil. İddiaçı və X8 beta-talassemiya xəstəliyinin daşıyıcıları olmuşlar. Bununla əlaqədar hər biri 07 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində hemoqlobin elektrofarezi müayinəsindən keçmişlər. Müayinənin nəticəsi olaraq hər ikisində “təkrar qan” olduğu qeyd edilmişdir. Belə olan halda “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən İddiaçı və Aliyə Zülfüqarova təkrar müayinəyə göndərilməli və qeyd olunan xəstəliyin daşıyıcılarının olduğu vaxtında aşkar olunmalı idi. Qeyd olunan çatışmazlıq “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məsul həkimi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş “Sahə həkimi-terapevtin nümunəvi vəzifə təlimatı”nın 24.1-ci bəndinin pozulması kimi qiymətləndirilir. X2 beta-talassemiya (böyük forma) xəstəliyi ilə doğulması ilə onun valideynlərində laborator analizlərin təkrar aparılmaması arasında səbəbli əlaqə mövcuddur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində olan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə 20 fevral 2014-cü il tarixli 258 nömrəli əmrdən görünür ki, Əliyeva (Mehdiyeva) Nərmin Nurəddin qızı həmin tarixdən Konsultativ poliklinika şöbəsinin sahə həkimiterapevt vəzifəsinə təyin olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə 05 yanvar 2021-ci il tarixli, 01 saylı əmrdən görünür ki, Cavabdeh2 həmin tarixdən İSX (ASM) şöbəsinin bir ştat vahidi ilə ailə həkimi-terapevt vəzifəsinə keçirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 45 C-23 nömrəli material üzrə Cavabdeh2 barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən rədd edilmış və Cavabdeh2 qanunsuz hərəkətlərinin nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək üçün mülki mühakimə icraatı qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş qəbzlərdən görünür ki, İddiaçı, X1 və X2 müayinə və müalicə xərclərinə ümumilikdə 2000,52 manat pul xərclənmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrasızamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvisarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvizərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun təhlilindən görünür ki, tibb müəssisəsində tibbi yardım göstərildiyi halda düzgün olmayan diaqnoz, müalicə və s. nəticəsində pasiyentin sağlamlığına vurulmuş zərərə görə tibb müəssisəsi mülki məsuliyyət daşıyır. Göründüyü kimi maddənin mətnində zərərin kim tərəfindən (həkim, tibb müəssisəsi və s.) ödənilməli olduğu göstərilməsə də, maddənin adı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” kimi göstərilib. Maddənin adından belə başa düşülür ki, bu maddədə tibb müəssisəsinin vurduğu zərərdən bəhs olunur. İş materialları ilə müəyyən olunmuşdur ki, “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ASM şöbəsinin ailə həkimi-terapevt vəzifəsində işləyən Cavabdeh2 vəzifəli şəxs qismində işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək fiziki şəxslərin hüquqlarına, həmçinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə 20 fevral 2014-cü il tarixli 258 nömrəli əmrlə həmin xəstəxananın Konsultativ poliklinika şöbəsinin sahə həkimiterapevt vəzifəsinə təyin olunmaqla 05 yanvar 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Sahə həkim-terapevtin nümunəvi vəzifə təlimatı”nın 6-28-ci bəndlərini pozaraq öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2015-ci il tarixli 122 saylı qərarı ilə təsdiq edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın 3.1, 3.2 və 3.4-cü bəndlərinə əsasən nikaha daxil olmaq istəyən şəxslərin hər birini tibbi müayinədən keçirməli, tibbi müayinədən sonra isə nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlar verməli və buna müvafiq olaraq onlara tibbi-genetik, tibbi-psixoloji, ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verməli, yalnız bundan sonra onlara Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə və ya digər qeydiyyat orqanlarına təqdim edilməsi üçün onların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verməli olduğu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçirilməsi ilə əlaqədar 2019-cu ilin may ayında onun fəaliyyət göstərdiyi səhiyyə müəssisəsinə müraciət edən İddiaçı və X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən aparılmış laborator analizlərə uyğun olaraq verilmiş 07 may 2019-cu il tarixli arayışlarda “Hemoqlobin A” parametrinin “Nəticə” qrafasında “təkrar qan” (N: 96,5 – 98 %) sözləri qeyd olunmaqla onların beta-talassemiya xəstəliyinin daşıyıcısı olmalarına aşkar şübhələrin mövcud olmasına, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı”nın 1.1-ci bəndində nikaha daxil olmaq istəyən şəxslərin hemoqlobinopatiya xəstəlikləri üzrə tibbi müayinədən keçirilməklə böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya kimi xəstəliklərin mövcudluğunun yoxlanılmasına dair imperativ tələbin mövcudluğuna baxmayaraq həmin şəxsləri qeyd olunan xəstəliklər üzrə təkrarən laborator müayinəyə göndərmədən və onların beta-talassemiya xəstəliyinin daşıyıcısı olduqlarını vaxtında aşkar etmədən İddiaçı və Aliyə Zülfüqarovanın barəsində qanunvericilikdə nəzərdə tutulan qaydada tibbi müayinələrinin tam aparılması haqqında 22 may 2019-cu il tarixli 399 saylı arayışları tərtib etməklə İddiaçı və Aliyə Zülfüqarovaya təqdim etmişdir. İddiaçı və Aliyə Zülfüqarova da həmin arayışlar əsasında Ağcabədi rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirdikdən sonra 29 iyun 2020-ci il tarixdə hazırkı tibbi praktikada tam sağalması mümkün olmayan, xroniki gedişli olmaqla həyat boyunca müayinələrin, müalicələrin, qanköçürmə və digər əməliyyatların aparılmasını zəruri edən beta-talassemiya (böyük forma) xəstəliyi ilə anadangəlmə inkişaf qüsurlu bir övladlarının doğulması nəticəsində İddiaçı və Aliyə Zülfüqarovanın hüquqlarına, həmçinin sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklərlə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması sahələrində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Həmin əməli ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmiş, lakin, cinayət məsuliyyətə cəlb etmə müddəti keçdiyindən 10 yanvar 2024-cü il tarixli qərarla Cavabdeh2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki halda, Cavabdeh2 İddiaçı və Aliyə Zülfüqarovanın barəsində qanunvericilikdə nəzərdə tutulan qaydada tibbi müayinələrinin tam aparılması haqqında 22 may 2019-cu il tarixli, 399 saylı arayışları tərtib etməklə İddiaçı və Aliyə Zülfüqarovaya təqdim etməsi müstəqil deyil, tibb müəssisinin nəzdində fəaliyyət göstərərkən tərtib edib İddiaçı və Aliyə Zülfüqarovaya təqdim etmişdir və bu hal 45 C-23 nömrəli material üzrə 10 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla da öz təsdiqini tapmışdır. Belə olan halda tibb müəssisəsi - “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs subyekt kimi çıxış etməklə, Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyan ondan tutulmalıdır. Bundan başqa, digər Cavabdeh3 hər hansı bir qanunsuz hərəkətlərə yol verməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həmçinin İddiaçı iddia ərizəsində ona 260000 manat məbləğində maddi ziyan dəydiyini göstərsə də, işdə olan qəbzlərlə müəyyən edilmişdir ki, İddiaçı, X1 və X2 müayinə və müalicə xərclərinə ümumilikdə 2000,52 manat pul xərclənmişdir. Bundan başqa, məhkəmə vurğulayır ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri- maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə, iddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi mənəvi zərər hissəsində də qismən təmin edilməli və iddiaçının xeyrinə ağlabatan həddə mənəvi ziyan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən maddi zərərə görə 2000,52 manat, mənəvi zərərə görə 15000 manat, cəmi 17000,52 manat tutularaq İddiaçı ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 24 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 600 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 600 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə, yəni 141 manat dövlət rüsumu cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə maddi zərərə görə 2000,52 manat, mənəvi zərərə görə 15000 manat və ödənilmiş dövlət rüsumunda 141 manat, cəmi 17141 (on yeddi min bir yüz qırx bir) manat 52 (əlli iki) qəpik tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-103/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-103/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver