Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1205/2024 08.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, iddiaçılar İddiaçı1 nümayəndəsi Vəkil, iddiaçı və İddiaçı3 nümayəndəsi İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və məhkəməyə verdiyi izahatında bildirdi ki, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ev 295 (yeni qaydalarla: AZ0404 Ağcabədi rayonu, Ağcabədi şəhəri, Sadıq Hüseynov küçəsi ev 57) ünvanda yerləşən ümumi sahəsi 223,6 kv.m olan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarış əsasında tam olaraq iddiaçıların mülkiyyətindədir. Qeydiyyatda olan şəxslər barəsində arayış alan zaman iddiaçılara məlum olmuşdur ki, İddiaçı3 keçmiş arvadı hazırkı iş üzrə Cavabdeh və onların birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X9 onlara məxsus fərdi yaşayış evində yaşamasalar da qeydiyyatda qalmışlar. Cavabdeh İddiaçı3 ilə 2006-cı ildə nikaha daxil olmuş və fərdi yaşayış evinə gəlin köçmüşdür. 3 ay mübahisəli ünvanda yaşadıqdan sonra İddiaçı3 işi ilə əlaqədar Rusiya Federasiyasına köçmüşlər. Bir müddət bir yerdə yaşamışlar, uşaq doğulduqdan 2 ay sonra onların ər-arvad münasibətləri kəsilmiş, Vüsalə uşağı da götürüb getmişdir. Təxminən 2009-cu ildə cavabdeh öz cehizlərini də mübahisəli evdən aparmışdır. Bundan sonra Binəqədi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Vüsalə ilə Natiqin nikahları pozulmuş, birgə nikahdan doğulmuş X9 anasının yanında saxlanmışdır. Cavabdeh iddiaçılara məxsus evdə bir neçə ay yaşamış, azyaşlı Fərid isə ümumiyyətlə həmin evdə yaşamamışdır. Lakin cavabdeh bir daha iddiaçılara məxsus evə qayıdıb yaşamamasına baxmayaraq onun evdən istifadə hüququna qanunla müəyyən edilmiş qaydada xitam verilmədiyinə görə evdən qeydiyyatdan çıxmamış, xüsusi mülkiyyətdə qeydiyyatda olmaqla hələdə istifadə hüququ saxlanılır. Buna görə də iddiaçılar xüsusi mülkiyyətlərində olan mənzilindən öz istədikləri kimi sərbəst istifadə edə bilmirlər. Həmçinin, mülkiyyətdə olan mənzilindən öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətlərini həyata keçirə bilmirlər. Cavabdehin mənzildə istifadə hüququnun saxlanması iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ev 295 (yeni qaydalarla: AZ0404 Ağcabədi rayonu, Ağcabədi şəhəri, Sadıq Hüseynov küçəsi ev 57) ünvanda yerləşən ümumi sahəsi 223,6 kv.m olan fərdi yaşayış sahəsindən Cavabdeh və yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3 istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər iddiaçı və İddiaçı3 nümayəndəsi İddiaçı2 da iddianın təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların və onların nümayəndələrinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiaları qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ev 295 (yeni qaydalarla: AZ0404 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış sahəsinə İddiaçı1, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 97 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh və xx.xx.2007-ci il təvəllüdlü X1 şəhəri, Heydər Əliyev prospekti ev 295-də (yeni qaydalarla: AZ0404 Ağcabədi rayonu, Ağcabədi şəhəri, Sadıq Hüseynov küçəsi ev 57) qeydiyyatdadır. İş materiallarında olan qətnamənin surətindən görünür ki, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X9 anası X2 yanında saxlanmışdır. İş materiallarında olan AZ-İ 277679 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 Allahveri oğlunun X5 ilə olan nikahları ləğv olunmuşdur. Nikah ləğv olunduqdan sonra qadına - Səfərova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 2006-cı ildən bu günə kimi Səfərova X4 şəhəri, Heydər Əliyev prospekti ev 295-də yerləşən ünvanda yaşamamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, beynəlxalq hüquq aktlarında (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı) protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) isə nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 1 saylı protokolunu 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyasının fikrincə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində müəyyən olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, cavabdehin davamlı sürətdə müəyyən müddət ərzində başqa mənzildə yaşamasını davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçıların xüsusi mülkiyyətində olduğundan, yuxarıda sadalanan maddi hüquq normalarına əsasən onların xüsusi mülkiyyətində olan həmin yaşayış sahəsinə öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları vardır. Buna görə də mülkiyyətçi bu hüququnu həyata keçirmək üçün mənzildə istifadə hüququ olan şəxsə müvafiq kompensasiya vermədən, həmin şəxsin istifadə hüququna xitam verməklə hüququnu həyata keçirməkdə haqlıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iclasında müəyyən olundu ki, 2006-cı ildə Cavabdeh iddiaçılara məxsus Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ev 295-də (yeni qaydalarla: AZ0404 Ağcabədi rayonu, Ağcabədi şəhəri, Sadıq Hüseynov küçəsi ev 57) yerləşən yaşayış sahəsindən daimi yaşamaq üçün Rusiya Federasiyasına getmiş, bir müddət RF-da yaşadıqdan sonra 1 uşaqları olmuş, bundan bir neçə ay sonra Cavabdeh İddiaçı3 ayrılmış, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X9 anası Cavabdeh yanında saxlanmışdır. Cavabdeh bir daha mübahisəli fərdi yaşayış evinə qayıtmamışdır. Buna baxmayaraq Cavabdeh Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ev 295-də (yeni qaydalarla: AZ0404 Ağcabədi rayonu, Ağcabədi şəhəri, Sadıq Hüseynov küçəsi ev 57) yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələbinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh və yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3 iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyətlərində olan Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ev 295-də (yeni qaydalarla: AZ0404 Ağcabədi rayonu, Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsi, ev 57) yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1205/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1205/2024
08.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver