Məhkəmə qərarları › İş №2(017)-1733/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1733/2023

20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1733/2023 20.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 5000 manat maddi ziyan, 3000 manat mənəvi ziyan, cəmi 8000 manat pulun və ödənilmiş 115 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəməyə iclası zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayonunun Yuxarı Avşar kəndində yaşayır. Ağcabədi rayonunun Yuxarı Avşar kəndində ona və ailə üzvlərinə məxsus 4,79 ha torpaq sahəsi vardır. 1998-ci ildən həmin torpaq sahəsində buğda və digər bitkilər əkir. 2002-ci ildən həmin torpaq sahəsinə su verilmir. Bununla bağlı dəfələrlə Ağcabədi rayon, Avşar kəndi X1 icraçı direktoru olan Cavabdeh müraciət etsə də, cavabdeh ona su verilməyəcəyini bildirmişdir. Həmin torpaq sahəsindən hər il 20-25 ton buğda götürsə də, su verilmədiyi üçün hazırda məhsul götürə bilmir. 2022-ci ilin may ayında həmin sahəyə buğda əkmiş, lakin su olmadığından məhsul əldə edə bilməmişdir. Ondan əvvəlki və sonrakı sahələrin sahibləri öz yerlərini suvararaq gəlir əldə etmişlər. Lakin, cavabdeh ona su vermədiyi üçün o, torpaq sahəsini suvara bilməmişdir. Ondan əvvəlki və sonrakı sahələrin sahibləri öz yerlərini suvararkən o, öz yerinə su açmamışdır. Bunun da səbəbkarı cavabdeh olmuşdur. Ona görə də ona maddi və mənəvi ziyan dəymişdir. Göstərdiklərini nəzərə alaraq Cavabdeh 5000 manat maddi, 3000 manat mənəvi ziyanın və ödənilmiş 115 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, o, əvvəllər Ağcabədi rayon, Avşar kəndi X1 icraçı direktoru vəzifəsində işləmiş və xeyli vaxtdır ki, işdən çıxmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən su kanalında su qıtlığı ilə əlaqədar uzun illər su olmamışdır və həmçinin hər hansı bir sahəyə su verilməsi də onun səlahiyyətində olmamışdır. İddiaçı izahatında ondan əvvəlki və sonrakı sahələrin sahibləri öz yerlərini suvarmasını göstərir, yəni həmin vaxt iddiaçı da öz torpaq sahəsini suvara bilərdi. Həmin sahələrə eyni su kanalından su gedir. O, İddiaçı topraq sahəsinə gedən su kanalının qarşısını bağlamamış, iddiaçının torpaq sahəsini suvara bilməməsində onun heç bir təqsiri olmamışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-505, KOD 60800018 saylı , 18 avqust 1998-ci il tarixli Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon, Aqrar islahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli qərarı ilə İddiaçı Hacağa oğlunun və onun ailə üzvlərinin mülkiyyətinə Ağcabədi rayon, Yuxarı Avşar kəndində yerləşən 4,79 ha torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatlarından, tədqiq edilən iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı ona və ailə üzvlərinə məxsus 4,79 ha torpaq sahəsində 2022-ci ilin may ayında buğda əkmiş, lakin su olmadığından məhsul əldə edə bilməmişdir və bunun da səbəbkarının cavabdehin olmasını əsas götürərək Cavabdeh 5000 manat maddi, 3000 manat mənəvi ziyan tələb edir. İddiaçı mülkiyyətində olan torpaq sahəsini suvara bilməməsində Cavabdeh səbəbkar olmasını göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, İddiaçı izahatı ilə müəyyən olunmuşdur ki, ondan əvvəlki və sonrakı sahələrin sahibləri öz yerlərini suvararaq gəlir əldə etmişlər. Bu halda iddiaçı da əkin sahəsini suvara bilərdi və əkin sahəsinə eyni su kanalından su getməsi, iddiaçıdan əvvəlki və sonrakı sahələrin sahibləri öz yerlərini suvarsa da, iddiaçı öz əkin sahəsini suvara bilməməsində cavabdehin heç bir təqsiri ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər, adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı Qərarın 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqları və X2 haqqında Konvensiyanın, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Cavabdeh təqsiri üzündən, yəni əkin sahəsinin suvarılması üçün ona su verməməsini göstərsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 5000 manat maddi ziyan, 3000 manat mənəvi ziyan, cəmi 8000 manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 10 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 115 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 115 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 5000 manat maddi ziyan, 3000 manat mənəvi ziyan, cəmi 8000 (səkkiz min) manat pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 115 (bir yüz on beş) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən bir ay müddətində Ağvabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar