Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-374/2023 06.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh iştirakları ilə Torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki işə Ağcabədi şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Ağcabədi şəhəri ərazisində yerləşən ümumi sahəsi 3,85 ha torpaq sahəsinin paylara uyğun olaraq onlara aid hissənin naturada bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən Ağcabədi şəhəri ərazisindən 3,85 ha torpaq sahəsi 6 nəfərdən ibarət ailə üzvlərinə, o cümlədən iddiaçıların, mərhum valideynlərinin və cavabdehin paylı mülkiyyətinə verilmişdir. Buna dair onların adlarına Torpağa mülkiyyət hüququna dair JN 603 kod 60801004 nömrəli dövlət aktı verilmişdir. Onlar bir ailənin üzvləri olmuşlar. Onların payları müəyyən olunsa da naturada ayrılmamışdır. Cavabdeh onların doğma bacısıdır. Bacısı ilə aralarında mübahisə yaranmış, bu səbəbdən torpağı bir yerdə əkib-becərə bilmirlər. Payların ayrılması barədə cavabdehlə razılığa gələ bilmədiklərinə görə torpağın naturada bölünməsi və sənədləşdirilməsi mümkün olmamışdır. İddiaçıların payına düşən torpaq sahəsi bir tərəfdən bölünərək onlara təhvil verilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər iddiaçılar İddiaçı2 və İddiaçı3 da eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsində onun da payı vardır. Torpağın naturada ayrılmasına razı deyil. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 603 kod 60801004 nömrəli dövlət aktının və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-1505/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Ağcabədi şəhəri ərazisindən 3,85 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh, mərhum: X2 və X1 paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində mülkiyyətçilərin payı bərabər olmaqla, hər birinin payı 0,6416 ha təşkil edir. İş materiallarında olan AZ-İ 698117 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2014-cü il tarixdə Ağcabədi şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İ 245681 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2007-ci il tarixdə Ağcabədi şəhərində ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 213.1 maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1 maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilərək Torpağa mülkiyyət hüququna dair JN 603 kod 60801004 nömrəli dövlət aktına əsasən verilmiş, Ağcabədi şəhəri ərazisində yerləşən 3,85 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin payına düşən 0,6416 ha torpaq sahəsi (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) onlara təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 603 kod 60801004 nömrəli dövlət aktına əsasən verilmiş, Ağcabədi şəhəri ərazisində yerləşən 3,85 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin payına düşən 0,6416 ha torpaq sahəsi (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) onlara təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-374/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-374/2023
06.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver