Məhkəmə qərarları › İş №2(017)-839/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-839/2023

25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-839/2023 25.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən nisyə götürülmüş ərzaq məhsullarına görə yaranmış cəmi 398 manat borcun, 500 manat əldən çıxmış faydanın, hüquqi xidmətə görə ödənilmiş 20 manatın, həmçinin 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayonunun Boyat kəndində yerləşən ərzaq mağazasını işlədir. Cavabdeh 2022-2023-cü illər ərzində müxtəlif vaxtlarda onun işlətdiyi mağazadan cəmi dəyəri 398 manat olan müxtəlif ərzaq məhsullarını nisyə almış, qısa müddətdə nisyə aldığı malların pulunu ödəyəcəyinə söz vermişdir. Cavabdehin bu günə ona olan borcu 398 manat təşkil edir. Dəfələrlə cavabdehdən qalan borc tələb olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə bu günə kimi borcunu qaytarmamışdır. Malın pulu vaxtında qaytarılmadığına görə alverdən əldə ediləcək fayda əldən çıxmışdır. Ona görə də nisyə alqı-satqıya görə yaranmış 398 manat borcun, 500 manat əldən çıxmış faydanın, hüquqi xidmətə görə ödənilmiş 20 manatın, həmçinin 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, İddiaçı işlətdiyi, Ağcabədi rayonunun Boyat kəndində yerləşən ərzaq mağazasından müxtəlif vaxtlarda cəmi dəyəri 398 manat olan ərzaq məhsullarını nisyə almış, qısa müddətdə nisyə aldığı malların pulunu ödəyəcəyinə söz vermişdir. Lakin maddi imkanı olmadığına görə yaranmış borcunu qaytara bilməmişdir. Bu günə onun iddiaçıya olan borcu 398 manat təşkil edir. Həmin pulu qısa müddətə qaytaracağına söz verir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı mağazasından 398 manat dəyərində nisyə ərzaq məhsulları aldığını etiraf etmiş, aldığı məhsulların pulundan bu günə olan 398 manat məbləğində borcunu tam ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul, işgüzar nüfuza vurulmuş zərərin əvəzi və əldən çıxmış faydanın tutulması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (mad. 433.1). Beləliklə, məhkəmə iclasında iddiaçının və cavabdehin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, alıcı Cavabdeh satıcı İddiaçı nisyə olaraq, cəmi dəyəri 398 manat təşkil edən ərzaq məhsulları almışdır. Həmin nisyə aldığı məhsullara görə iddiaçıya 398 manat borcu yaranmışdır. Hazırda cavabdehin iddiaçıya olan borcu 398 manat təşkil edir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan iddiasının əldən çıxmış faydaya və hüquqi xidmət göstərildiyinə görə pulun alınıb verilməsinə dair hissəsində, iddiaçı həmin halları təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh ərzaq məhsullarının alqı-satqısından yaranmış borca görə 398 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar