Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-860/2023 24.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi 1325,77 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və ödənilmiş 33,26 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının nömrəsi ********************) xx.xx.2021ci il – xx.xx.2021-ci il tarixləri aralığında ATM-dən məxaric etmişdir. Nəticədə Cavabdeh banka cəmi 1325,77 manat məbləğdə ziyan vurmuşdur. İddiaçı tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilsə də, cavabdeh tərəfindən hazırki tarixədək heç bir ödəniş edilməmişdir. Ona görə də, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 1325,77 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və ödənilmiş 33,26 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək iddianın tam təmin olunmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli hesab və ödəniş kartına dair müqaviləsinin 1.1, 2.3 və 3.8-ci bəndlərindən görünür ki, bu müqaviləyə görə Bank Müştəriyə bank hesabı açmağı, həmin hesaba bağlı ödəniş kartı təqdim etməyi, Azərbaycan Respublikasının hüquqi aktlarında və bu müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib, hesab üzrə, habelə kart vasitəsilə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürür. Bank tərəfindən ayrı qayda müəyyən edilməmişdirsə, hesabda olan pul vəsaitinə müştərinin xeyrinə hər hansı faiz hesablanmır. Hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən akseptsiz qaydada müştərinin bankda (mümkün olduqda habelə digər banklarda) mövcud olan hər hansı hesabından silinə bilər. Hesabinda texniki overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarmadıqda bank müştərini xəbərdar etmədən kartın fəaliyyəti dayandıra və/və ya yaranmış borcun müştərinin bankda mövcud olan hesablarından akseptsiz qaydada silinməklə ödənilməsini təmin edə bilər. İşdə olan 14 fevral 2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus plastik kartdan xx.xx.2021-ci il – xx.xx.2023-cü il tarixədək dövr üzrə 2232 manat məbləğində pul vəsaiti həmin kartdan məxaric olunmuş, 727 məbləğində pul vəsaiti isə həmin karta mədaxil olunmuşdur. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh istifadəsində olan İddiaçı ASC-yə məxsus olan ******************** nömrəli plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş və 1325,77 manat məbləğində borc yaranmışdır. Qeyd olunan vəsaitin 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunmuşdur. Əks halda vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı Cavabdeh bildirilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh istifadəsində olan İddiaçı ASC-yə aid plastik karta texniki yanlışlıq nəticəsində 1325,77 manat məbləğində pul vəsaiti köçürülmüş və həmin pul vəsaiti Cavabdeh tərəfindən istifadə edilmişdir. Lakin Cavabdeh qeyd olunan pul vəsaitini İddiaçı ASC-yə qaytarmalı olmasına baxmayaraq, onu İddiaçı ASC-yə qaytarmamışdır. Bununla da Cavabdeh İddiaçı ASC-nin hesabına hüquqi əsas olmadan 1325,77 manat məbləğində pul vəsaiti əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan başqa, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə qarşı digər tələblərlə yanaşı “həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin cavabdehdən tutulub İddiaçı ASC-yə ödənilməsi” barədə tələb irəli sürsə də, həmin pul vəsaitinin hansı məbləğdə olmasını göstərməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1325,77 manat məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-yə verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş 33,26 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1325,77 manat və ödənilmiş 33,26 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-860/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-860/2023
24.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver