Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-103/2024 30.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə köçürülmə, evdən, həyətyani torpaq sahəsindən istifadə etməyə maneçilik törətməyin cavabdehə qadağan olunması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə köçürülmə, evdən, həyətyani torpaq sahəsindən istifadə etməyə maneçilik törətməyin cavabdehə qadağan olunması tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayonu Səncərədi kəndində yerləşən cavabdehə məxsus 3 otaqlı fərdi yaşayış evinə onun köçürülməyi, fərdi yaşayış evinin və həyətyani torpaq sahəsindən istifadə etməyinə maneçilik törətməyi Cavabdeh qadağan olunması; Həmin mənzilin bir otağını onun istifadəmə verilməsini, umumi istifadədə olan dəhliz, balkon, mətbəx, sanitar qovşağının Cavabdeh ilə birgə istifadənin müəyyən edilməsi, birgə nikah dövründə alınmış əmlakların bölünməsi, cavabdehdən uzun müddət nikahda olduğu üçün hər ay 450 (dörd yüz əlli) manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarmağı xahiş emişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdi ki, o, Cavabdeh qarşı Astara rayonu Səncərədi kəndində yerləşən cavabdehə məxsus 3 otaqlı fərdi yaşayış evinə onun köçürülməyi, fərdi yaşayış evinin və həyətyani torpaq sahəsindən istifadə etməyinə maneçilik törətməyin Cavabdeh qadağan olunması, həmin mənzilin bir otağını onun istifadəsinə verilməsini, umumi istifadədə olan dəhliz, balkon, mətbəx, sanitar qovşağının Cavabdeh ilə birgə istifadənin müəyyən edilməsi, birgə nikah dövründə alınmış əmlakların bölümnəsi, cavabdehdən uzun müddət nikahda olduğumuz üçün hər ay 450 (dörd yüz əlli) manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir, Aliment və əmlak tələbi evə köçürülmə tələbi ilə əlaqədar olmadığı üçün iddia ərizəsində dəqiqləşdirmə aparılması zərurəti yaranmışdır. Astara rayonu Səncərədi kəndində yerləşən cavabdehə məxsus 3 otaqlı fərdi yaşayış evinə onun köçürülməyi, fərdi yaşayış evinin və həyətyani torpaq sahəsindən istifadə etməyinə maneçilik törətməyin Cavabdeh qadağan olunması,həmin mənzilin bir otağını onun istifadəsinə verilməsini, umumi istifadədə olan dəhliz, balkon, mətbəx, sanitar qovşağının, yardımçı tikililərin Cavabdeh ilə birgə istifadənin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, Cavabdeh ilə xx.xx.2002-ci il tarixdə ailə qurmuşlar və 21 illik ailə həyatından sonra xx.xx.2023-cü il tarixdə Astara rayon Məhkəməsinin qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Birgə nikahdan uşaqları olmamışdır. Bu 21 ildə o, ərinin evində Astara rayonu Səncərədi kəndində yerləşən yaşayış evində yaşamışdır. Ailə qurduğu bir vaxtdan həmin evdə qeydiyyatdadır. Evlilik dövründə dəfələrlə evi təmir etdirmişlər. Birgə vəsait tabına evə əşyalar almışlar. Mebel, elektrik cihazları və sair. Lakin indi keçmiş əri onu evdən çıxardıb və birgə nikah dövründə alınan bütün əşyaları mənimsəyibdir. Onun artıq 63 yaşı var heç vaxt işləməmişdir. Bütün illərini ailəsinə rifahlarının yaxşı olmasına sərf etmişdir. Bu yaşdan sonra onun getməyə və yaşamağa yeri yoxdur. Bütün bu vaxt həyatyani sahədə təsərrüfat işi ilə məşqul olmuşdur. Ailəsinə hər zaman dəstək olmuşdur. Bütün əşyaları həmin evdə qalıb. İndi qeydiyyatda olduğu evə köçmək istəyir. Lakin keçmiş əri buna imkan vermir. O, da həmin evin təmirində yaxşı vəziyyətə salmağında yaxından iştirak etmişdir. Hər zaman ailə üzvləri qardaşı ona maddi və mənəvi dəstək olublar.Mediasiya şurasına müraciət etmiş. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Astara rayonu Səncərədi kəndində yerləşən cavabdehə məxsus 3 otaqlı fərdi yaşayış evinə onun köçürülməyi, fərdi yaşayış evinin və həyətyani torpaq sahəsindən istifadə etməyinə maneçilik törətməyi Cavabdeh qadağan olunması, Həmin mənzilin bir otağını mənim istifadəmə verilməsini, umumi istifadədə olan dəhliz, balkon, mətbəx, sanitar qovşağının Cavabdeh ilə birgə istifadənin müəyyən edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddia edilən ev cavabdehə məxsus deyil. Bundan başqa iddiaçını həmin evdən heç kim çıxarmır. Məhkəmə iclaslarına gələndə həmin evdə yaşayır. İddia əsassız olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Astara rayonu, Səncərədi kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ İ № 002003 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci il raixdə İddiaçı ilə Cavabdeh arasında nikah bağlanmış və 143 № ilə akt qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Astara RİHB-nın Səncərədi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1413 № arayışından görünür ki, İddiaçı Astara rayonu, Səncərədi kəndində qeydiyyatdadır və nümayəndəliyin 6 saylı təsərrüfatbaşına kitabının 35-ci səhifəsində keçmiş həyat yoldaşı Cavabdeh ilə birgə təsərrüfatlarında 2000-ci ildə tikilmiş fərdi yaşayış evi vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2002-ci il tarixdə rəsmi nikah münasibətlərinə girməklə ailə həyatı qurmuşlar və iddiaçı cavabdehə məxsus Astara rayonu Səncərədi kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və hazırada həmin evdə qeydiyyatdadır. Lakin cavabdeh iddiaçıya evdə yaşamağa maneə törətdiyi üçün, iddiaçı hazırda Bakı şəhərində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Qeyd olunur ki, qanunverici mülki-hüquq münasibətlərini tənzimləyən yeni normativ-hüquqi akt qəbul etməklə, əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığı və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsində öz əksini tapmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir”. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunduğu kimi, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd olunur ki, qanunverici mülki-hüquq münasibətlərini tənzimləyən yeni normativ-hüquqi akt qəbul etməklə, əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığı və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsində öz əksini tapmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 01 oktyabr 2009-cu il tarixədən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 66.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək hüququ vardır. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsində göstərilmişdir ki, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 69.1-ci maddəsinə əsasən kirayəçinin sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə ailə üzvləri kimi başqa vətəndaşları köçürmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ailə üzvü olması işin mübahisəsiz halıdır və hazırki mülki iş materialları ilə tam sübut olunur. Belə ki, ailə üzvlərinin birgə yaşadığı və mənzil şəraitində yaşamalarına imkanı təmin edən yaşayış sahəsi əksər hallarda ailə üzvləri arasında olan münasibətlərə xitam verildiyi hallarda onların və uşaqlarının yaşaması üçün bir təminat olaraq qəbul edilməkdədir. Ailə həyatı bu məkanda yaşanır, tərəflər birgə yaşamaqla təsərrüfatı birgə idarə edir və ailə həyatından irəli gələn hüquq və vəzifələr əldə edirlər. Məsələyə bu konteksdən yanaşıldıqda aydın olur ki, hazırki mülki mübahisənin predmeti baxımından iddiaçı cavabdehin arvadı olmaqla onunla birgə təsərrüfatı idarə etməklə yaşamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı cavabdehə qarşı iddiası qismən əsaslıdır və qismən təmin olunmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, 4 saylı Qərarının 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Astara rayonu Səncərədi kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməli, ümumi istifadə olan dəhliz, balkon, mətbəx, sanitar qovşaq və yardımçı tikililərin Cavabdeh ilə birgə istifadə edilməsi müəyyən edilməli, İddiaçı Astara rayonu Səncərədi kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evindən və həyətyani torpaq sahəsindən istifadə etməyinə maneçilik törətmək cavabdehlər Cavabdeh qadağan edilməlidir.İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360cı maddələrini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Astara rayonu Səncərədi kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülsün. Ümumi istifadə olan dəhliz, balkon, mətbəx, sanitar qovşaq və yardımçı tikililərin Cavabdeh ilə birgə istifadə edilməsi müəyyən edilsin. İddiaçı Astara rayonu Səncərədi kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evindən və həyətyani torpaq sahəsindən istifadə etməyinə maneçilik törətmək cavabdehlər Cavabdeh qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-103/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-103/2024
30.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver