Məhkəmə qərarları › İş №2(106)-765/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-765/2024

16.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-765/2024 16.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə, evdən, həyətyanı torpaq sahəsindən istifadə etməyə maneçilik törətməyin cavabdehə qadağan olunması tələbinə dair mülki iş üzrə Açar sözlər: fərdi yaşayış evinə köçürülmə, meələrin aradan qaldırılması X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçı Babayeva (Mirzəyeva) Aybəniz Bəhmən qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə, evdən, həyətyanı torpaq sahəsindən istifadə etməyə maneçilik törətməyin cavabdehə qadağan olunması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(018)- 103/2024 saylı qətnaməsindən (hakim İlqar Məmmədov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə köçürülmə, evdən, həyətyani torpaq sahəsindən istifadə etməyə maneçilik törətməyin cavabdehə qadağan olunması tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayonu Səncərədi kəndində yerləşən cavabdehə məxsus 3 otaqlı fərdi yaşayış evinə onun köçürülməyi, fərdi yaşayış evinin və həyətyani torpaq sahəsindən istifadə etməyinə maneçilik törətməyi Cavabdeh qadağan olunması; Həmin mənzilin bir otağını onun istifadəmə verilməsini, umumi istifadədə olan dəhliz, balkon, mətbəx, sanitar qovşağının Cavabdeh ilə birgə istifadənin müəyyən edilməsi, birgə nikah dövründə alınmış əmlakların bölünməsi, cavabdehdən uzun müddət nikahda olduğu üçün hər ay 450 (dörd yüz əlli) manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarmağı xahiş emişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdi ki, o, Cavabdeh qarşı Astara rayonu Səncərədi kəndində yerləşən cavabdehə məxsus 3 otaqlı fərdi yaşayış evinə onun köçürülməyi, fərdi yaşayış evinin və həyətyani torpaq sahəsindən istifadə etməyinə maneçilik törətməyin Cavabdeh qadağan olunması, həmin mənzilin bir otağını onun istifadəsinə verilməsini, umumi istifadədə olan dəhliz, balkon, mətbəx, sanitar qovşağının Cavabdeh ilə birgə istifadənin müəyyən edilməsi, birgə nikah dövründə alınmış əmlakların bölümnəsi, cavabdehdən uzun müddət nikahda olduğumuz üçün hər ay 450 (dörd yüz əlli) manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir, Aliment və əmlak tələbi evə köçürülmə tələbi ilə əlaqədar olmadığı üçün iddia ərizəsində dəqiqləşdirmə aparılması zərurəti yaranmışdır. Astara rayonu Səncərədi kəndində yerləşən cavabdehə məxsus 3 otaqlı fərdi yaşayış evinə onun köçürülməyi, fərdi yaşayış evinin və həyətyani torpaq sahəsindən istifadə etməyinə maneçilik törətməyin Cavabdeh qadağan olunması,həmin mənzilin bir otağını onun istifadəsinə verilməsini, umumi istifadədə olan dəhliz, balkon, mətbəx, sanitar qovşağının, yardımçı tikililərin Cavabdeh ilə birgə istifadənin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2002-ci il tarixdə ailə qurmuşlar və 21 illik ailə həyatından sonra xx.xx.2023-cü il tarixdə Astara rayon Məhkəməsinin qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Birgə nikahdan uşaqları olmamışdır. Bu 21 ildə o, ərinin evində Astara rayonu Səncərədi kəndində yerləşən yaşayış evində yaşamışdır. Ailə qurduğu bir vaxtdan həmin evdə qeydiyyatdadır. Evlilik dövründə dəfələrlə evi təmir etdirmişlər. Birgə vəsait tabına evə əşyalar almışlar. Mebel, elektrik cihazları və sair. Lakin indi keçmiş əri onu evdən çıxardıb və birgə nikah dövründə alınan bütün əşyaları mənimsəyibdir. Onun artıq 63 yaşı var heç vaxt işləməmişdir. Bütün illərini ailəsinə rifahlarının yaxşı olmasına sərf etmişdir. Bu yaşdan sonra onun getməyə və yaşamağa yeri yoxdur. Bütün bu vaxt həyatyani sahədə təsərrüfat işi ilə məşqul olmuşdur. Ailəsinə hər zaman dəstək olmuşdur. Bütün əşyaları həmin evdə qalıb. İndi qeydiyyatda olduğu evə köçmək istəyir. Lakin keçmiş əri buna imkan vermir. O, da həmin evin təmirində yaxşı vəziyyətə salmağında yaxından iştirak etmişdir. Hər zaman ailə üzvləri qardaşı ona maddi və mənəvi dəstək olublar.Mediasiya şurasına müraciət etmiş. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Astara rayonu Səncərədi kəndində yerləşən cavabdehə məxsus 3 otaqlı fərdi yaşayış evinə onun köçürülməyi, fərdi yaşayış evinin və həyətyani torpaq sahəsindən istifadə etməyinə maneçilik törətməyi Cavabdeh qadağan olunması, Həmin mənzilin bir otağını mənim istifadəmə verilməsini, umumi istifadədə olan dəhliz, balkon, mətbəx, sanitar qovşağının Cavabdeh ilə birgə istifadənin müəyyən edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməmiş və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddia edilən ev cavabdehə məxsus deyil. Bundan başqa iddiaçını həmin evdən heç kim çıxarmır. Məhkəmə iclaslarına gələndə həmin evdə yaşayır. İddia əsassız olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(018)-103/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Astara rayonu Səncərədi kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi, ümumi istifadədə olan dəhliz, balkon, mətbəx, sanitar qovşaq və yardımçı tikililərin Cavabdeh ilə birgə istifadə edilməsinin müəyyən edilməsi, İddiaçı Astara rayonu Səncərədi kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən istifadə etməsinə maneçilik törətməyin Cavabdeh qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qərarından sonra Astara rayon Arxiv İdarəsindən əldə etdiyi xx.xx.2024-cü il tarixli Arxiv arayışına əsasən qanuni istifadəsində olan torpaq sahəsində Astara rayon XDS-nin İcraiyyə Komitəsinin 26 may 1989-cu il tarixli, 7 nömrəli protokolundan çıxarışa əsasən fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Fərdi yaşayış evini nikaha daxil olmamışdan əvvəl tikmişdir. Bununla bağlı Astara Rayon Məhkəməsinin qətnaməsində iddiaçı tərəfindən sübut kimi təqdim olunan Astara RİHB-nın Səncərədi kənd İƏD üzrə nümayəndəliyinin arayışından da görünür ki, fərdi yaşayış evi 2000-ci ildən vardır. Nikah şəhadətnaməsinə əsasən o, iddiaçı ilə 2002-ci il tarixdə nikah bağlamışdır. Astara rayon XDS-nin İcraiyyə Komitəsinin 26 may 1989-cu il tarixli qərarına əsasən yaşayış evinə Qanuni gözləntisi olduğundan yaşayış evinin mülkiyyətçisi sayılır. Ali Məhkəmənin 17 yanvar 2014-cü il tarixli, 1 saylı bülletenində qeyd olunur ki, “Məhkəmələr 2009-cu il oktyabr ayının 1-dən sonra mülkiyyətçiyə məxsus evdə ailə üzvü kimi yaşamış şəxslərə yaşayış sahəsindən müvəqqəti istifadə hüququ müəyyən edə bilər” məhkəmə təcrübəsindəki mülki işdən görünür ki, mənzilə istifadə hüququnun tanınması barədə iddia vermiş şəxsin 2004-cü ildən qeyd olunan evdə yaşamasına baxmayaraq, mülkiyyətçi ilə 2009-cu ilin oktyabr ayından sonra da yaşaması Ali Məhkəmənin Mülki Kollegiyasının belə qənaətə gələrək işə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməklə baxmasını irəli sürmüşdür. İstinad olunan materialı şikayət uzun olmasın deyə apellyasiya şikayətinə əlavə edəcəkdir. Beləliklə bu qənaətə gəlmək olar ki, iddiaçı da 2009-cu ilin oktyabr ayından sonra ailə münasibətini davam etdirdiyinə görə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən baxılmalıdır. Əlavə olaraq qeyd edir ki, Astara Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(018)-103/2024 saylı qətnaməsində maddi hüquq normaları sadəcə sadalanmışdır. Belə ki, iş üzrə qətnamə çıxarılsa da, faktiki olaraq işə mahiyyəti üzrə baxılmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə 1995-ci ildə rəsmi olaraq ailə qurmuş və iddiaçını ilk olaraq Bakı şəhərindəki evinə gəlin gətirmişdir. Onun həmçinin Astarada hazırkı mübahisəli evi olmuşdur. 3 il ailəli olduqdan sonra boşanmışlar. Lakin sonradan təxminən 1999-cu ildə barışaraq bir yerdə yaşamışlar. Bakı şəhərindəki evini satdıqdan sonra təxminən 2000-ci ilin qış aylarında Səncərədi kəndindəki evlərinə köçərək iddiaçı ilə orada yaşamağa başlamışlar. 2002-ci ildə yenidən rəsmi nikahlarını rəsmləşdirmişlər. İddiaçı Şuşa şəhərindən məcburi köçkün olduğu üçün və kommunal xidmətlərdən yararlanmaq üçün həmin evin qaz və işıq sayğaclarını iddiaçının adına rəsmləşdirmişdir. Bildirmişdir ki, evə dair XDS qərarı olmuş və həmin yerdə ona ev tikilməsinə icazə verilmişdir. Mübahisəli evi iddiaçı ilə ailə qurmamışdan əvvəl tikdirmişdir. Laki9n hazırda evə dair olan sənədlərini tapa bilmir. Qeyd edilən ev rəsmi olaraq heç kəsin adına deyil. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şuşa rayonundan məcburi köçkündür. 1995-ci ildə cavabdehlə faktiki ailə qurmuş və 1996-cı ildə rəsmi nikah münasibətlərinə girmişdir. Təxminən 3 il yaşadıqdan sonra boşanmışlar. Lakin 1999-cu ildə barışaraq yenə bir yerdə yaşamışlar. 2000-ci ilin yanvar ayından hazırkı mübahisəli evə qeydiyyata düşməklə orada yaşayır. 2002-ci ildə nikahlarını yenidən rəsmləşdirmişlər. Qaz, işıq sayğacları onun adınadır. Evə dair heç bir mülkiyyət sənədləri yoxdur. Yaşadıqları 30 il boyunca evdə əsaslı təmir işləri aparmışlar. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, qətnamənin qanunauyğunluğu cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunduğu kimi, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Avropa İnsan Hüquqları Məhkəməsi "Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə "mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 01 oktyabr 2009-cu il tarixədən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 66.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək hüququ vardır. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsində göstərilmişdir ki, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 69.1-ci maddəsinə əsasən kirayəçinin sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə ailə üzvləri kimi başqa vətəndaşları köçürmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarına əlavə olunmuş AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Astara rayonu, Səncərədi kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ İ № 002003 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci il raixdə İddiaçı ilə Cavabdeh arasında nikah bağlanmış və 143 № ilə akt qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Astara RİHB-nın Səncərədi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1413 № arayışından görünür ki, İddiaçı Astara rayonu, Səncərədi kəndində qeydiyyatdadır və nümayəndəliyin 6 saylı təsərrüfatbaşına kitabının 35-ci səhifəsində keçmiş həyat yoldaşı Cavabdeh ilə birgə təsərrüfatlarında 2000-ci ildə tikilmiş fərdi yaşayış evi vardır. Cavabdeh şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, öz tələbini konkret əsaslandırmamış, buna dair məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(018)-103/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar