Məhkəmə qərarları › İş №2(018)-124/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-124/2024

15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-124/2024 15.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Astara Rayon Şöbəsinə qarşı “İstintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Astara Rayon Şöbəsinə qarşı “İstintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia qaldıraraq cavabdehdən Dövlət büdcəsinin vəsaiti hesabına ona vurulmuş maddi ziyana görə 6687 (altı min altı yüz səksən yeddi) manat məbləğində və mənəvi ziyana görə isə 100000 (bir yüz min) manat məbləğində pulun alınıb, ona verilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı 25 dekabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə ərizı ilə müraciət edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini əlavə cavabdeh kimi mülki işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotoklərlə Mübarizə İdarəsinin mülki geyimli əməkdaşları 19 mart 2015-ci il tarixdə onu Bakı şəhərində yerləşən “Günəş” şadlıq sarayının yanında onu saxlayıb, üzərində və avtomobilində axtarış aparmışlar heç bir narkotik vasitə aşkar etməmələrinə baxmayaraq ona fiziki zor göstərməklə onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotoklərlə Mübarizə İdarəsinə aparmışlar. Ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə baxmayaraq həmin maddə ilə saxta ittiham elan edərək, barəsində olan cinayət işini baxılması üçün Bakı Ağır Məhkəməsinə göndərmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəlinin 19 mart 2015-ci il tarixdən hesablanmaqla 07 (yeddi il) il müddətə azadlıqdan məhrumetmə çəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 1(105)-202/2017 saylı hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017ci il tarixli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliyi subuta yetmədiyindən bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 1(105)-202/2017 saylı hökmündən verilmiş kassasiya protestinə əsasən qeyd edilən cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 1(102)-352/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 1(105)-202/2017 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də o, əsassız və qanunsuz olaraq 2 il, 8 ay 17 gün həbsdə saxlanılmışdır. Saxta ittiham ona çox pis təsir etmiş, mənəvi sarsıntı keçirmiş və daxili iztirab çəkmiş dəfələrlə intihara cəhd etmişdir. Həmçinin cəmiyyət, qohumlar, yaşadığı qəsəbə sakinləri arasında adı narkotik vasitə satan kimi hallanmış şərəf və ləyaqəti alçalmışdır. O, bu hadisələr nəticəsində psixoloji travma almışdır. Btün qeyd edilənlərə o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Astara Rayon Şöbəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yerindən olan arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1982-ci il tarixdə anadan olmaqla, Astara rayonu Ərcivan qəsəbəsində qeydiyyatda olmaqla, orada yaşayır. Himayəsində 1 nəfər azyaşlı uşaq vardır. Mülki işə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli 1(101)-77/2017 saylı hökmündən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəlinin 20 mart 2015-ci il tarixdən hesablanmaqla 07 (yeddi il) il müddətə azadlıqdan məhrumetmə çəzasına məhkum edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 1(105)-202/2017 saylı hökmündən məlum olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliyi subuta yetmədiyindən bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 1(102)-352/2018 saylı qərarından məlum olur ki, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 1(105)-202/2017 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə baxışı iclasında İddiaçı izahatına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı polis əməkdaşları tərəfindən 19 mart 2015-ci il tarixdə qanunsuz olaraq saxlanılmış, ona əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəlinin 20 mart 2015-ci il tarixdən hesablanmaqla 07 (yeddi il) il müddətə azadlıqdan məhrumetmə çəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 1(105)-202/2017 saylı hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliyi subuta yetmədiyindən bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Kassasiya intistansiyası qaydasında baxılarkən Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd edilən hökmü dəyişdirilmədən saxlanılmışdır. Bununla da İddiaçı qanunsuz olaraq 2 (iki) il, 7 (yeddi) ay 17 (on yeddi) gün həbsdə saxlanılmışdır. Məhkəmə hesab edir ki, İddiaçı qanunsuz həbsdə oldu müddət ərzində gəlirlərdən məhrum edilmiş və müəyyən mənəvi sarsıntı keçirmiş və daxili iztirab çəkmişdir. Onun barəsində yaşadığı qəsəbədə, onu tanıyanlar arasında “narkotik vasitələri satan” mənfi fikrin formalaşmış, buna görə də, onu əhatə edən şəxslərlə münasibətləri pisləşmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində 4000 (dörd min) manat, mənəvi ziyan hissəsində isə 32000 (otuz iki min) manat həcmində təmin edilməsi daha da ədalətli olardır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Həmin Məcəllənin 58.3.1-ci maddəsinə əsasən bəraət almış şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər görə kompensasiya verilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 1-ci bəndinə əsasən bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Həmin Qanunun 5-ci maddəsinin qeyd edilir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci hissəsində qeyd edilir ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsində qeyd edilir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Həmin Məcəllənin 1101.3-cü maddəsinə əsasən ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 saylı 03 noyabr 2008-ci il tarixli qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Astara Rayon Şöbəsinə qarşı “İstintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına, İddiaçı istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi ziyana görə 4000 (dörd min) manat və mənəvi ziyana görə 32000 (otuz iki min) manat məbləğində pul ödənilsin. İddia tələbi 70687 (yetmiş min altı yüz səksən yeddi) manat hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mubariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar