Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1243/2023 16.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı1, İddiaçı3, və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair” iddiası mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə ümumi mülkiyyətlərinə verilmiş, Astara rayonu Şiyəkəran kəndi ərazisində 0,67 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsindən mülkiyyətçilərin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı4 məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etmədi. Məhkəmə onun iştirakı olmadan hazırkı məhkəmə prosesinin keçirilməsini mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X2 iddianı müdafiə edib izahat verərək bildirdi ki, Astara rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə onun və ailə üzvülərinin ümumi mülkiyyətlərinə 0,67 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağa mülkiyyət hüququna dair” JN:758 (KOD:********) nömrəli Dövlət Aktı tərtib edilmişdir. Hazırda paylı mülkiyyətdə olan torpaq sahəsindən məhkəmə qaydasında payların müəyyən edilməsində zərurət yaranmışdır. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı3 və İddiaçı2 da iddiaçı X1 izahatına uyğun izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Mülki iş üzrə digər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləməklə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı X2 Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN:758 (KOD:********) nömrəli Dövlət Aktından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və Cavabdeh mülkiyyətinə Astara rayonu Şiyəkəran kəndi ərazisində 0,67 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Astara rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və Cavabdeh mülkiyyətinə Astara rayonu Şiyəkəran kəndi ərazisində 0,67 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir. Hazırda iddiaçılar həmin torpaq sahəsindən payların müəyyən edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, 0,67 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsində İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və Cavabdeh hər birinin payları ayrıayrılıqda 1/5 (beşdə də bir) hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinəşərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçı X1 ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair” iddiası təmin edilsin. Astara rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə mülkiyyətə verilmiş, “Torpağa mülkiyyət hüququna dair” JN:758 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Astara rayonu Şiyəkəran kəndi ərazisində yerləşən 0,67 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsində İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və Cavabdeh hər birinin paylarının ayrı-ayrılıqda 1/5 (beş də bir) hissədə olması müəyyən edilsin. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğindəki dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1243/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1243/2023
16.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver