Məhkəmə qərarları › İş №2(018)-1263/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1263/2024

26.09.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1263/2024 26.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovun sədrliyi və məhkəmə iclas katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, Ərizəçi «doğum akt qeydində adın dəyişdirilməsi tələbi» barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Astara rayon Şahağac kənd inzibati ərazi nümayəndəliyi tərəfindən tərtib olunmuş 05 avqust 1991-ci il tarixli, 139 saylı doğum haqqında akt qeydində yazılmış «Vəfa» adının dəyişdirilib, adının «Xanımcan» kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməli, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi doğum haqqında akt qeydində düzəliş edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəyə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi həmin xahişlə qeydiyyat şöbəsinə müraciət etmiş, onun müraciəti rədd olunmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi həmin orqanın rədd cavabından sonra aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilı qəbul edilmiş və ünvanlandığı hüquqi və yaxud fiziki şəxs (şəxslər üçün müəyyən hüquqi nəticələr törədən qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisəlndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qanun normasının məzmundan göründüyü kimi mübahisələndirmə haqqında iddia ilə inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi tələb olunur. Mübahisələndirmə haqqında iddia, bir qayda olaraq qüvvədə olan, yəni inzibati orqanın özü tərəfindən ləğv edilməmiş və ya başqa səbəbdən hüquqi qüvvəsini itirməmiş inzibati akta qarşı yönəlmiş olur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan doğum haqqında şəhadətnamə inzibati orqanların təsnifatı ilə inzibati orqan hesab olunan Maraqlı şəxs tərəfindən qeydə alındığından inzibati aktdır və onun ləğvinə və dəyişdirilməsinə yönəlmiş iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq mübahisələndirmə haqqında iddialara aiddir. Ərizəçi izah edilməlidir ki, o, müvafiq tələblə aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına, sonra isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «doğum akt qeydində adının dəyişdirilməsi tələbi» barədə ərizəsinə Astara Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizənin qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar